EN

Amerikalılar bir dövlətin yox olmasına səs verəcəklər: Tramp qalib gəlsə, Ukraynanı xəritədən siləcəyinə eyham vurur

Bayden administrasiyasının növbəti prezident seçkilərində məğlubiyyəti ilk növbədə Ukraynanın gələcək taleyi üçün böyük təhlükə vəd edir... Bu baxımdan, amerikalı seçicilərin Donald Trampı prezident seçməsi Ukrayna dövlətçiliyi üçün sonun başlanğıcına da çevrilə bilər...

Ukrayna savaşı son vaxtlar hərbi böhran olmaqla yanaşı, artıq tədricən siyasi faktora da çevrilməyə başlayıb. Belə ki, indi Ukrayna böhranı siyasi maraqların ifadə olunmasında maksimum səviyyədə istifadə edilir. Bu hərbi münaqişə hətta siyasi təbliğat predmeti kimi də gündəmə gətirilir. Və seçkilərdə seçicilərin səslərinin artırılması üçün faydalı müzakirə mövzusu hesab olunur.

Onu da qeyd etmək lazımdır ki, hazırda Ukrayna böhranından ABŞ-da keçiriləcək prezident seçkiləri ərəfəsində təbliğat predmeti kimi istifadə edilməyə başlayıb. Xüsusilə də, ABŞ prezidentliyinə respublikaçı namizəd Donald Tramp öz siyasi rəqibi Kamala Harrisə qarşı Ukrayna faktorunu hücum silahına çevirib. Və Ağ Evin keçmiş sahibi Bayden administrasiyasını məqsədyönlü şəkildə bu dağıdıcı müharibəni planlaşdırıb, başlatmaqda suçlayır.

Maraqlıdır ki, Donald Tramp Ukrayna savaşı üzərindən Bayden administrasiyasına hücum edərkən, rəsmi Kiyevi ittiham etməyi də unutmur. Onun fikrincə, Zelenski hakimiyyəti Bayden administrasiyasının hərbi-siyasi oyunlarına uymaqla, Ukraynanı böyük fəlakətə doğru sürükləyib. Bu səbəbdən də, ABŞ prezidentliyinə namizəd Ukraynanın üzləşdiyi bütün kataklizmlərə görə Bayden administrasiyası ilə yanaşı, Zelenski hakimiyyətinin də birbaşa məsuliyyət daşıdığını iddia edir. Və bu, həm Bayden administrasiyası, həm də Zelenski hakimiyyəti üçün olduqca ağır ittihamdır.

Digər tərəfdən, Donald Trampın bu ittihamları Ukrayna prezidenti Volodimir Zelenskinin ABŞ-da səfərdə olduğu dövrə təsadüf edir. Ukrayna prezidentinin Ağ Ev sahibi Co Bayden ilə görüşlər keçirməsinə paralel olaraq, Donald Tramp hər iki dövlət başçısını siyasi hədəfə çevirib. Halbuki, prezident Volodimir Zelenski Ağ Evdə müzakirələrə başlamazdan əvvəl Donald Trampla görüşə hazır olduğunu da bildirmişdi. Və Donald Tramp buna qarşı çıxmasa da, Ukrayna lideri ilə görüşə qətiyyən həvəs göstərməmişdi.

Son anda belə bir formal xarakterli görüş hər halda, baş tutsa da, anlaşılan odur ki, prezident Volodimir Zelenskidən fərqli olaraq, Donald Trampın Ukrayna lideri ilə təmaslara qətiyyən ehtiyacı yoxdur. Əksinə, hazırda Donald Tramp üçün prezident Volodimir Zelenski ilə müzakirələr aparmaq deyil, Ukrayna liderini ən sərt şəkildə ittiham etmək daha sərfəlidir. Çünki bu halda, o, həm Bayden administrasiyasını da siyasi hədəfə yerləşdirmək imkanları qazanmış olur. Və Ağ Evin keçmiş sahibi belə önəmli imkanları qurban verəcək qədər sadəlövh deyil.

Maraqlıdır ki, Donald Trampın Ukrayna prezidentinə yönəlik ittihamları olduqca ağır məzmun daşıyır. Çünki Ağ Evin keçmiş sahibi Ukrayna liderini öz ölkəsini uçuruma aparmaqda suçlayır. Onun fikrincə, prezident Volodimir Zelenskinin ucbatından paytaxt Kiyev istisna olmaqla, Ukrayna tamamilə dağıdılıb.

Üstəlik, Donald Tramp Ukraynanın nə vaxtsa, yenidən bərpa ediləcəyinə də qətiyyən inanmır. Onun fikrincə, Ukraynanın özünü bərpa etmək üçün maliyyə-iqtisadi potensialı mövcud deyil. Kollektiv Qərbin isə Ukraynanın savaşdan sonra bərpa edilməsinin maliyyə yükünü çəkməyə həvəs göstərəcəyi o qədər də inandırıcı xarakter daşımır. Və bu baxımdan, Ağ Evin keçmiş sahibinin ehtimallarına görə, Ukraynanı birmənalı şəkildə fəlakətli bir gələcək gözləyir.

Məsələ ondadır ki, Donald Tramp yaxın gələcəkdə Ukrayna adlı bir dövlətin olmayacağına hətta əmindir. Onun fikrincə, Rusiya ilə müharibə Ukraynanın parçalanaraq, qonşu ölkələr arasında bölüşdürülməsi ilə nəticələnəcək. Və savaşdan sonra Ukrayna dünya xəritəsindən tamamilə yoxa çıxacaq.

Eyni zamanda, Ağ Evin keçmiş sahibi Ukrayna prezidentini kollektiv Qərbi artıq bezdirdiyini də vurğulayıb. Donald Tramp bildirib ki, Ukrayna savaşı Qərb ölkələrinin üzərində ağır maliyyə-iqtisadi və hərbi yükdür. Kollektiv Qərb artıq bu yükü daşımaqda açıq-aşkar çətinlik çəkir. Üstəlik, Qərbin bundan sonra uzun müddət bu ağır yükü daşımaq potensialı da yoxdur. Və Ukrayna savaşından birmənalı şəkildə yorulmuş Qərb ölkələri bir müddətdən sonra rəsmi Kiyevə dəstək vermək imkanlarını itirə bilər.

Nəhayət, Donald Tramp prezident Volodimir Zelenskinin israrlı və maksimalist tacirə də bənzədib. Onun fikrincə, prezident Volodimir Zelenski çox ustalıqla Ukrayna savaşının bütün ağırlığını kollektiv Qərbin üzərinə yükləməyi bacarır. Hətta o, hər dəfə ABŞ-a səfər etdikdə, Ukraynaya 60 milyard dollarlıq maliyyə vəsaitini də özü ilə ölkəsinə aparmağa vərdiş edib. Və Volodimir Zelenskinin bu yolverilməz vərdişləri ABŞ-ın dövlət büdcəsinə ağır zərbə vurmaqla yanaşı, həm də amerikalıların sosial-iqtisadi həyatını da çətinləşdirir.

Göründüyü kimi, Donald Tramp Bayden administrasiyası ilə yanaşı, Ukraynanı və onun prezidenti Volodimir Zelenskini də açıq siyasi hədəfə çıxartmağa çalışır. Bu, ona hələlik prezident seçkilərində qalib gəlmək məqsədilə uğurlu seçki təbliğatı üçün lazımdır. Donald Tramp amerikalı seçiciləri inandırmağa çalışır ki, onların üzləşdiyi sosial-iqtisadi çətinliklər ilə Bayden administrasiyasının ABŞ büdcəsinin bir hissəsini Ukrayna savaşına xərcləməsi arasında ciddi əlaqə var.

Ona görə də, Ağ Evin keçmiş sahibi amerikalı seçiciləri Ukrayna savaşını qısa müddətdə dayandırmaq imkanları olduğu üçün məhz ona səs verməyə çağırır. Donald Tramp Ukrayna savaşını dayandırmaq imkanlarını sübuta yetirmək üçün isə Rusiya prezidenti Vladimir Putin üzərində təsir təcrübəsinin mövcud olduğunu da qabardır. Və verdiyi mesajlarda isə nə qədər qəribə də olsa, prezident Vladimir Putinə təsir təcrübəsini Ukrayna ərazilərinin Rusiyaya güzəştə getməklə, istifadə etmək niyyətini də sezdirir.

Bütün bunlar onu göstərir ki, Ağ Evin keçmiş sahibinin yenidən prezident seçilməsi ilk növbədə Ukrayna dövlətçiliyi üçün böyük təhlükə vəd edir. Donald Trampı Ukraynanın gələcək taleyi və ya ümumiyyətlə, mövcudluğu ümumiyyətlə, narahat etmir. Əksinə, o, Ukraynanın dünya xəritəsində yoxa çıxması ilə bağlı ehtimalı gündəmə gətirməklə, bunun qaçılmaz ola biləcəyinə beynəlxalq məkanı elə indidən alışdırmağa cəhd göstərir. Və bu baxımdan, ABŞ-da keçiriləcək prezident seçkilərində Donald Trampın qələbəsi Ukrayna dövlətçiliyi üçün sonun başlanğıcına da çevrilə bilər.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu

Chosen
63
50
musavat.com

10Sources