EN

Azərbaycanda süni mayalanma reklamı qadağan edilib - SƏBƏB

Azərbaycanda süni mayalanma ilə bağlı fikirlər birmənalı deyil. Bir çoxları süni mayalanmanı dəstəkləsə də, ona qarşı çıxanlar da az deyil. Ötən il Milli Məclisin iclasında deputatlardan biri süni mayalanmanın milli mentalitetimizə iuğun olmadığını bildirib. Başqa bir deputat isə büdcədən süni mayalanma üçün pul ayrılmasını təklif edib.

 

Qeyd edək ki, süni mayalanma ana və ata namizədlərindən alınan yumurta və sperma hüceyrələrinin laboratoriya şəraitində mayalandırılması və mayalanmadan sonra ananın yumurtalığına yerləşdirilməsidir. Dünyada ilk dəfə 1978-ci ildə, Azərbaycanda isə 2004-cü ildə tətbiq edilib. Əvvəllər daha dar məqsədlər üçün istifadə olunsa da, günümüzdə kişi sonsuzluğu da daxil olmaqla sonsuzluq problemlərinin 80%-nin həll edildiyi bir üsul olaraq inkişaf etdirilib.

 

Azərbaycanda süni mayalanma ilə bağlı reklamlar qanunla qadağan edilib. "Reklam haqqında" qanuna görə, Azərbaycanda hamiləliyin süni yolla pozulması və süni mayalanma üzrə tibbi xidmətin reklamı qadağandır. Buna baxmayaraq sosial şəbəkələrdə süni mayalanma ilə bağlı yüzlərlə reklama rast gəlmək olur.

 

Bəs süni mayalanma reklamları niyə qadağandır?

 

Mövzu ilə bağlı Modern.az-a açıqlama verən deputat Müşfiq Məmmədlinin sözlərinə görə, müəyyən fəaliyyətlər var ki, onlar  həm etik cəhtdən, həm insan sağlamlığına zərər verməsi baxımından, həm də əhalidə yanlış təsəvvür oyatmaq baxımından təbliğinin qarşısı alınmalıdır.

 

“Bu baxımından nəzərə alsaq görərik ki, qanunun sözügedən mövzuya bu cür yanaşması doğrudur. Qanunvericilik bir çox mərhələlərdən, müzakirələrdən keçərək təsdiqlənir, əgər bu məsələ qanunvericilik səviyyəsində də öz əksini tapıbsa, demək ki, ona şərtsiz əməl edilməlidir. Biz hüquqi dövlətdə yaşayırıq, qanunların qadağan etdiyi, qanunların məhdudiyyət qoyduğu addımları atmamalyıq, əgər atırıqsa istər inzibati, istərsə də digər məsuliyyətləri daşıdığımızı bilməliyik. O ki, qaldı tədbirlərin görülməsi məsələsinə bu icra hakimiyyəti orqanının vəzifəsidir, bununla bağlı müvafiq monitorinqlər aparılmalıdır və bu istiqamətdə addımlar atılmalıdır. Həmçinin burada mənəvi məsuliyyət məsələsi də özünü göstərir, tibb işçisi, həkim çalışdığı yerdə - istər özəl sektor olsun, istər dövlət sektorunda  bu işə rəhbərlik edən şəxslərin özünün həm mənəvi, həm inzabati, həm də müvafiq olaraq qanunvericiliyə uyğun məsuliyyəti vardır”.


Arifə Kərimzadə

Chosen
39
modern.az

1Sources