EN

Hibrid və elektrikli avtomobillərə keçid

Hibrid

Vergi və rüsumların ləğvi son illərdə hibrid və elektrikli avtomobillərin idxalında əhəmiyyətli artıma səbəb olub. Bu barədə Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov Bakı İqlim dəyişmələri ilə mübarizə üzrə Fəaliyyət Həftəsi çərçivəsində keçirilən beynəlxalq konfransda panel müzakirələr zamanı bildirib: "İctimai nəqliyyatın elektrikləşdirilməsi ən ambisiyalı layihələrdən biridir. Gələn ay 160 yeni elektrobusun istifadəyə verilməsi yalnız başlanğıcdır və yaxın illərdə onların sayını əhəmiyyətli dərəcədə artırmağı planlaşdırırıq. Həmçinin, vergi və rüsumların ləğvi son illərdə hibrid və elektrikli avtomobillərin idxalında əhəmiyyətli artıma səbəb olub" (Trend).

Onun sözlərinə görə, Azərbaycanın aviasiya parkının genişləndirilməsi, metro infrastrukturunun müasirləşdirilməsi, Azərbaycan Dəmir Yollarının müasir elektrovaqonlarla təchiz edilməsi, dəmiryolu şəbəkəsinin elektrikləşdirilməsi və dəmir yolu ilə daha ekoloji cəhətdən təmiz daşımaların təmin edilməsi Azərbaycanın karbon dioksid emissiyalarını azaltmaq və davamlı inkişafı ölkənin nəqliyyat siyasətinin əsasına daxil etmək istiqamətində sadiqliyini nümayiş etdirir. Qeyd edək ki, Fəaliyyət Həftəsi 2024-cü ilin 30 sentyabr - 4 oktyabr tarixlərində, Bakıda ilk dəfə keçirilir.

Əslində hökumət ekologiyaya az ziyan vuran və ətraf mühiti mümkün qədər çirkləndirməyən avtomobil idxalını daha da stimullaşdırmalıdır. Bunlar elektromobillər və hibrid avtomobillərdir. Doğrudur, bu istiqamətdə mühüm addımlar atılır. Lakin burada son 3 ilin avomobiilləri üçün vergi güzəşti var. Bu o deməkdir ki, yalnız təzə maşınlara belə güzəşt var. Ancaq bunu 7 il də etmək olardı. Yeni avtomobillərin qiyməti yüksək olduğundan orta təbəqnin, xüsusən də taksi xidməti göstərənlərin son 3 ilin avomobilini almaq imkanı yoxdur. Yenə də köhnələrə tələbat yüksəkdir və köhnə avtoparka malik avtomobil bazarımızn arzu edilən və nəzərəçarpan yenilənməsinin şahidi olmuruq.

Məsələ ondadır ki, Azərbaycanda köhnə avtomobillərin idxalının artması nəticəsində avtomobil parkının köhnəlməsi prosesi indiyədək davam edib. 2017-ci ildə avtomobillərin 73,5 faizi köhnə (istehsal tarixi 10 ildən artıq olan) olduğu halda 2022-ci ildə köhnə avtomobillərin payı 80 faizə çatıb. Çünki yeni avtomobillərlə müqayisədə köhnə minik avtomobillərinin idxalı daha çoxdur. Hətta ABŞ-da dövriyyədən çıxarılmış yararsız maşınların Azərbaycan bazarına axını baş verdi.

Avtomobillərin idxal şərtləri daha ciddi şəkildə dəyişməzsə, yəni yeni avtomobillər üçün gömrük tarifləri endirilməzsə, növbəti illərdə də ölkəmizdə avoparkın köhnəlməsi prosesi davam edəcək. Belə vəziyyət isə ətrafa atılan zərərli qazların miqdarının bir qədər də artmasına səbəb olur, xüsusən də avomobillərin daha çox cəmləşdiyi paytaxt Bakıda ekoloji durumu pisləşdirəm əsas faktor olaraq qalır. Bununla yanaşı, 50 min manata yeni avtomobil ala bilməyənlər məcbur olacaqlar ki, işlənmiş maşınlara üz tutsunlar. Bu isə onların qiymətinin bir qədər də yüksəlməsinə şərait yaradır.

Hətta bir çox inkişaf etmiş ölkələr elektromobillərin istehsalını və daxili bazarda satışını stimullaşdıran addımlar atırlar. Məsələn, Norveçdə elektrik avtomobili alanlar üçün küçələrdə maşınların batereyalarını enerji ilə pulsuz yükləmə aparatları qurşadırılıb. Azərbaycan da bu sahədə ilk addımını atır. Belə ki, Azərbaycana gətirilən elektrik mühərriki ilə işləyən avtomobillər üçün enerji doldurucuları 2022-ci il yanvarın 1-dən 3 il müddətində vergidən azad edilib.

Dünya avomobil bazarında yaxın 10 ildə çox dəyişikliklər gözlənilir. Belə ki, həm istehsalda, həm də satışda daha çox hibrid və elektromobillərə üstünlük veriləcək. Hətta bir sıra avtomobil istehsalçıları benzin və dizellə işləyən daxili yanma mühərriklərindən imtina etməklə, tam şəkildə elektromobil istehsalına keçəcəklər. Artqlq ABŞ (Tesla) və Çin bu sahədə öndədirlər. Yaponiya hökuməti istixana qazları tullantılarının azaldılması ilə bağlı plan qəbul edib. Bu plana həmçinin 2030-cu ilədək benzin və dizel avtomobillərinin istehsalının tam dayandırılması da daxildir. Yaponiyanın ən böyük avtomobil konserni olan “Toyota Motor” elektromobil istehsal etməyə başlayıb. Hətta günəş batareyaları ilə təchiz edilmiş modifikasiyanın da olacağı gözlənilir. Qardaş Türkiyə də bu sahədə aktivləşib və gələcəyin avtomobil bazarında öz sözünü deməyə can atır. Çünki yaxşı bilirlər ki, bu sahədə dünya bazarında böyük və ciddi rəqabət olacaq. Türkiyə istehsalı olan TOGG elektromobili artıq satışa çıxarılıb.

Azərbaycan da dünya avtomobil bazarında gedən bu dəyişiklikləri nəzərə almalı, elektromobillərdən və hibrid avtomobillərdən istifadəni stimullaşdıran addımlar atmalıdır. Hətta iqtisadiyyatı yenidən qurulan Qarabağda xarici şirkətlərlə birgə bu tip avtomobil istehsalının təşkil etmək olar.

Əslində yerli avtomobil istehsalının təşkili dövlət tərəfindən dəstəklənməlidir. Hökumət daxili istehsalçıların maraqlarını qorumaq üçün istehsal ili 10 ildən artıq olan avtomobillərin idxalına qadağalar tədbiq edir. 2022-ci ilin əvvəlindən isə Vergi Məcəlləsinə təklif edilən dəyişikliklərə əsasən ölkəyə gətirilən avtomobillərə görə aksiz vergisinin dərəcələri artırılıb. Bu, həm avtomobilin istehsal ilindən, həm də mühərrikinin həcmindən asılı olaraq dəyişir. Belə ki, mühərrikin həcmi 2.5 litrdən yuxarı olan maşınlar üçün daha çox aksiz tutulur, istehsal ili yeni olan elektrik və hibrid avtomobillər isə müyəən vergilərdən azad edilib. Mühərrikin həcmi 3000 kubsantimetrdən çox və istehsal tarixi 3 ildən artıq olan minik avtomobillərinə isə fərqli, daha yüksək aksiz dərəcələri tətbiq olunur. Eyni zamanda idxal olunan minik avtomobillərinin istehsal tarixi 7 ildən artıq olduqda, hesablanmış aksiz məbləğinə benzin mühərrikli minik avtomobillərdə 1,2, dizel mühərrikli minik avtomobillərdə isə 1,5 yüksəldici əmsalı tətbiq edilir. Minik avtomobilinin mühərrikinin həcmi 2000 kubsantimetrədək olduqda - mühərrikinin həcminin hər kubsantimetrinə görə 0,05 manat; 3000 kubsantimetrədək olduqda - 100 manat + mühərrikinin həcminin 2001-3000 kubsantimetr hissəsi üçün hər kubsantimetrinə 0,1 manat; 4000 kubsantimetrədək olduqda - 200 manat + mühərrikinin həcminin 3001-4000 kubsantimetr hissəsi üçün hər kubsantimetrə görə 0,2 manat dövlət rüsumu tutulur.

Müsbət cəhət ondan ibarətdir ki, istehsal tarixi 3 ildən və mühərrikinin həcmi 2500 kubsantimetrdən çox olmayan hibrid avtomobillərin Azərbaycana idxalı və satışı - 2022-ci il yanvarın 1-dən 3 il müddətinə vergi ödəməkdən azad edilib. Elektromobillər isə həm idxalda, həm də daxili bazarda satışda ƏDV-yə cəlb olunmur. Bununla belə, köhnə hibrid maşınlar üçün vergi güzəştləri nəzərdə tutulmur.

İqtisadiyyat Nazirliyinin İqtisadi Zonaların İnkişafı Agentliyinin tabeliyində olan Hacıqabul Sənaye Məhəlləsində avtomobil istehsalının boyaq, qaynaq və yığım mərhələsinin lokallaşdırılması zavodu tikilir. "Azərmaş CP" Məhdud Məsuliyyətli Cəmiyyətinin Özbəkistanın “Uzavtosanoat" Səhmdar Cəmiyyətinin dəstəyi ilə reallaşdıracağı layihənin investisiya dəyəri 88 milyon manatdır. Müəssisə tam olaraq "Azərmaş CP" MMC tərəfindən maliyyələşdirilir. ABŞ, İtaliya, Çin, Koreya və Özbəkistan texnologiyaları əsasında fəaliyyət göstərəcək zavodun illik istehsal gücünün 30 min ədəd avtomobil olacağı nəzərdə tutulur. İstehsal xəttinin 2025-ci ildə açılması planlaşdırılır. Müəssisədə 1200-dən çox iş yeri yaradılacaq. İstehsal olunacaq avtomobillər daxili bazarla yanaşı, xarici bazarlara çıxarılacaq.

Zavod Azərbaycanda istehsalın lokalizasiyasını sürətləndirməklə, regionun inkişafına, məşğulluğun artırılmasına töhfə verəcək. 2021-ci ilin sentyabrında Hacıqabul Sənaye Məhəlləsində açılmış “Azərmaş” zavodu rayonun iqtisadi inkişafı üçün böyük təkan olmaqla yanaşı, ölkəmizdə avtomobil sənayesinin formalaşmasında mühüm rol oynayır. Bu prosesdə Özbəkistanla əməkdaşlıq hər iki ölkənin iqtisadiyyatı üçün faydalıdır. “Azərmaş” və “Uzavtosanoat” səhmdar cəmiyyətlərinin ölkəmizdə “Azərmaş CP” müştərək müəssisəsi yaradılıb, birgə layihə olan “Minik avtomobilləri və sərnişin avtobuslarının istehsalı” layihəsi üzrə ilk istehsala başlanılıb və hazırda istehsal uğurla davam etdirilir. Burada “Chevrolet” markalı minik avtomobili və Yaponiyanın “İSUZU” brendinin avtobusları istehsal edilir.

Mahir Həmzəoğlu

Chosen
137
xalqcebhesi.az

1Sources