EN

Potter “Çelsi”dən ayrılandan sonra 6 ay özünə gələ bilməyib

“Brayton” və “Çelsi”nin sabiq çalışdırıcısı Qrehem Potter susqunluğunu pozaraq İngiltərə mətbuatına açıqlamalar verib.

"Football-plus.az" xəbər verir ki, bu mütəxəssis “Brayton”dakı uğurlu dönəminin ardından 2022-nin sentyabrında “Çelsi”nin başına keçmişdi. “Zadəganlar” hətta “Brayton”a 21 milyon funt sterlinq təzminat ödəmişdilər. Amma onun London macərası çox uğursuz və qısa alındı. Potter 2023-ün aprelində qovuldu.

O vaxtdan bəri işsiz olan 49 yaşlı mütəxəssis yeni macəraya hazır olduğuna işarə vurub və “Çelsi”də işlədiyi dönəmdən danışıb:

“Mən artıq çoxdan hiss edirəm ki, karyeramı bərpa etməyə hazıram. Amma qəbul edəcəyim yeni layihə çox yaxşı və maraqlı olmalıdı. Qarşımda açıqlacaq yeni fürsətləri səbirsizliklə gözləyirəm. Hər təklifi diqqətli şəkildə nəzərdən keçirəcəm. Eddi Hau “Bornmut”dan ayrılandan sonra 18 aylıq fasilə götürdü. Sonra da “Nyukasl”ın başına keçdi və gördüyümüz kimi, bu klubda çox önəmli işlər görür. Eləcə də Unai Emerinin “Arsenal”dan hansı vəziyyətdə ayrıldığını nəzərə alsaq, indi “Aston Villa”da gördüyü işlər ən xoş sözlərə layiqdi. “Çelsi“də işlədiyim dönəmdə əvəzsiz təcrübə qazandım.

Sözsüz, işlər gözlədiyim dərəcədə yaxşı getmədi. Məsuliyyəti üzərimə götürməliyəm. Fikrimcə, bu təcrübə mənə gələcəkdə daha güclü məşqçi olmağa yardım edəcək. Açığı, “Çelsi”dən qovulandan sonrakı aylarda sözlə deyilməyəcək dərəcədə üzgün idim. Zaman keçdikcə yavaş-yavaş özümə gəldim. Belə anlarda hədsiz dərəcədə özünü günahlandırmaq düzgün deyil. Digər tərəfdən, özünü təmizə çıxarıb bütün günahları başqalarının üzərinə atmaq da yanlış hərəkətdi. Düzgün balansı tapmaq lazımdı. Bu hadisə mətbuatda, ictimaiyyətdə, sosial şəbəkələrdə çox müzakirə olundu. Hay-küy böyük oldu.

Bəzən insan özünü alçalmış kimi hiss edir. Çünki mənimlə 5 illik müqavilə imzalanmışdı. Amma 7-ci ay tamam olduqdan sonra istefaya göndərildim. Ona görə də psixoloji cəhətdən bunun öhdəsindən gəlmək asan olmadı. Xüsusilə ilk 6 ayda özümə gəlməkdə çətinlik çəkdim. Çünki belə bir klubda işləmək fürsəti qazanmaq üçün üzərimdə hədsiz dərəcədə çox çalışmışdım. Geriyə boylananda deyə bilərəm ki, “Çelsi” həmin an mənə təklif göndərən yeganə klub deyildi. Başqa cür seçim etmək fürsətim də var idi. Çünki “Brayton”u yeni səviyyəyə qaldıraraq ordan ən yaxşı zamanda ayrıldım. Sadəcə, karyeramın davamı üçün düzgün seçim etmək lazım idi. Deməzdim ki, seçimim düzgün olmadı. Sadəcə, bu addım özünü doğrultmadı. Peşmanammı? Heç bir qərarıma görə peşman deyiləm. Amma insan işini itirəndə üzüntü və əsəb keçirir”.
Chosen
40
football-plus.az

1Sources