EN

“Folklor və mənəvi bütövlük: Güney Azərbaycanın folklor irsi” mövzusunda respublika elmi konfransı keçirilib - FOTO

AMEA-nın Əsas binasında Folklor İnstitutunun təşkilatçılığı ilə “Folklor və mənəvi bütövlük: Güney Azərbaycanın folklor irsi” mövzusunda respublika elmi konfransı keçirilib.

AMEA-dan "Tehsil.biz"ə bildirilib ki, konfransı giriş sözü ilə açan Folklor İnstitutunun baş direktoru, akademik Muxtar İmanov Güney Azərbaycan folklor örnəklərinin toplanması, öyrənilib tədqiq edilməsi ilə bağlı son illər ərzində institutda görülmüş işlər və gələcəkdə görülməsi nəzərdə tutulan layihələrdən danışıb, bu işlərin məntiqi nəticəsi kimi təşkil olunmuş konfransın elmi-praktiki əhəmiyyətindən bəhs edib. Milli mədəni irsimizin ayrılmaz tərkib hissəsi olan Güney Azərbaycan folklorunun daha ətraflı şəkildə öyrənilməsinin vacibliyini vurğulayan akademik qeyd edib ki, Folklor İnstitutunda bir neçə il əvvəl yaradılan Cənubi Azərbaycan folkloru şöbəsinin fəaliyyəti sayəsində güneyli soydaşlarımızla ədəbi-mədəni əlaqələr genişləndirilib, “Güney Azərbaycan folkloru” seriyasından 20-ə yaxın kitab, eləcə də “Təbriz folklor örnəkləri” toplusu çap edilib, bu materialların araşdırılması istiqamətində çoxsaylı tədqiqatlar aparılıb.

Sonra filologiya elmləri doktoru, professor Rüstəm Kamalın “Güney Azәrbaycan folklorunda simvol sistemi”, filologiya üzrə fəlsəfə doktoru, dosent Ağaverdi Xəlilin “Güney Azәrbaycan mәrasim folklorunda keçәmçi personajı vә arxaik keçi oyununun rudimentlәri”, filologiya elmləri doktoru, professor Almaz Həsənqızının “Bayatılarda bütövlәşәn vәtәn” və filologiya elmləri doktoru, professor Esmira Fuadın “Güney Azәrbaycan uşaq folkloru uşaq dünyasına açılan pәncәrәdir” mövzularında məruzələri dinlənilib.

Daha sonra güneyli ziyalı, yazıçı və publisist Aqşin Ağkəmərli çıxış edərək, konfransın işini yüksək dəyərləndirib, məruzəçilərə və konfransın təşkil olunmasında əməyi keçən hər kəsə təşəkkürünü bildirib.

Açılış toplantısından sonra konfrans öz işini bölmə iclaslarında davam etdirib. Qeyd edək ki, iki bölmədə ölkəmizin müxtəlif elm və ali təhsil müəssisələrini təmsil edən elm xadimləri, araşdırmaçılar, onlayn şəklində təşkil olunmuş üçüncü bölmə iclasında isə respublikamızla yanaşı, Türkiyə Cümhuriyyəti və İran İslam Respublikasının tanınmış alim və tədqiqatçıları da məruzələrlə çıxış ediblər. Bütün çıxışlar geniş fikir mübadiləsinə və maraqlı müzakirələrə səbəb olub.

Chosen
383
tehsil.biz

1Sources