EN

Robert Levandovski Çempionlar Liqasında Lionel Messiyə çatdı

Çempionlar Liqasının Liqa mərhələsinin 2-ci turunun “Yanq Boyz”la ev oyunu “Barselona”nın hücumçusu Robert Levandovski üçün əlamətdar olub.

Arena.az xatırladır ki, Kataloniya təmsilçisi bu oyunda rəqibini 5:0 hesabıyla məğlub edib.

Levandovski bu oyunda “bluaqrana”nın qələbəsinə vurduğu iki qolla öz töhfəsini verib. Beləliklə, o, UEFA Çempionlar Liqasında meydana çıxdığı 122-ci oyunda 96-cı dəfə qolla fərlənmiş olub. Bu, Çempionlar Liqasında Kristiano Ronaldo (183 oyun, 140 qol) və Lionel Messidən (163 oyun, 129 qol) sonra 3-cü ən yaxşı nəticədir.

Levandovski qitənin ən mötəbər klub yarışında orta hesabla qol sayına görə, Kristiano Ronaldonun 0,79 qolluq nəticəsini geridə qoyaraq, Lionel Messinin 0,77 qolluq nəticəsi ilə bərabərləşib. Bu, qolçuların ilk üçlüyündə ən yaxşı nəticədir.

Robert Levandovski “Barselona”ya 2022-ci ilin iyul ayında 45 milyon avro məbləğ müqabilində Almaniya nəhəngi “Bayern”dən keçib. Tərəflər arasında müqavilə daha 1 il müddətinə uzadılması imkanı ilə 2026-cı il iyun ayının sonuna qədər qüvvədədir.

Polyak hücumçu cari mövsümdə “Barselona”nın heyətində 10 oyuna çıxıb, 9 qol vurub və 2 məhsuldar ötürmə verib. Levandovskinin Kataloniya klubu üçün çıxışı ümumilikdə 105 oyun, 68 qol və 19 məhsuldar ötürmədən ibarətdir.

Təcrübəli hücumçu karyerası ərzində “Borussiya” (Dortmund), “Lex” (Poznan), “Zniç”, “Legiya” (Varşava) və “Delta” komandalarında da çıxış edib.

Robert Levandovski hazırda kapitanı olduğu və 2008-ci ilin sentyabr ayında debüt etdiyi Polşa yığmasının heyətində 154 oyun keçirib, 84 qol vurub, 34 məhsuldar ötürmə verib. Robert hər iki göstərici üzrə Polşa yığma komandasının mütləq rekordçusudur.

“Transfermarkt” internet-portalı 36 yaşlı polyak mərkəz hücumçusunun transfer dəyərini 15 milyon avro məbləğində qiymətləndirir.

Chosen
26
arena.az

1Sources