EN

"Emin Mahmudovun verdiyi qərarlar xoşuma gəlmədi" - Fernandu Santuş

Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş UEFA Millətlər Liqasında keçiriləcək Estoniya və Slovakiya ilə oyundan öncə mətbuat konfransı keçirib. 

Fanat.Az xəbər verir ki, portuqaliyalı mütəxəssis komandaya güvəndiyini söyləyib:

"Slovakiya zəif rəqib deyil. Mən komandama güvənirəm. Mentaliteti dəyişmək lazımdır. Topla daha aqressiv davranmalıyıq. Gələcək üçün nələri dəyişmək lazım olduğunu bilirik. Bir çox futbolçular özləri haqqında düşünürlər. Ölkədə futbolun inkişafını istəyirksə, fərdilikdən əl çəkməliyik".

Santuş millinin kapitanı Emin Mahmudovla bağlı sualı verilən sualı da cavablandırıb. O, Eminlə Ramil Şeydayevlə heyətdə yer almasına aydınlıq gətirib: "Bütün futbolçularımıza inanıram. Burada hər hansı bir cəza prinsipi yoxdur. Mən futbolçudan xoşum gəlib-gəlmədiyinə görə milliyə çağırmıram. Düzdür, Emin Mahmudovun verdiyi qərarlar xoşuma gəlmədi. Düşünürəm ki, kapitan qərar verməyi bacarmalıdır. İstənilən halda mən futbolçunu keyfiyyətlərinə görə milliyə dəvət edirəm.
Emin Mahmudov milliyə niyə dəvət edilir? Çünki keyfiyyətli futbolçudur. Elə keyfiyyətlərə malikdir ki, hər futbolçuda bu yoxdur. Elə qərarlar verə bilər ki, hər oyunçu bunu edə bilmir. Heç kəs fikirləşə bilməz ki, milliyə gəlirəmsə, hər zaman oynayacam. Kim oynayacaq, oynamayacaq qərarları baş məşqçi verir. Futbolçular bilməlidir ki, onlar burada Azərbaycan millisinə xidmət edir. Komandamızı da buna görə qurmaq istəyirik. Milliyə dəvət olunmaq o demək deyil ki, 100 faiz oynayacaq. Bütün millilərdə belədir. Milli komandaya oyunçu seçimini yalnız mən edirəm. Mən və köməkçilərim Azərbaycan çempionatının bütün oyunlarını izləyirik. Xaricdə oynayanlar var ki, həmin matçlar da televiziya vasitəsilə diqqətdə saxlanılır. Bu məsələdə əmin ola bilərsiz ki, bura heç kəs kiminsə dostudur deyə, cəlb olunmur. Ya da hansısa agentlər tərəfindən bu iş aparılmır. Mənim telefonum bağlıdır. Həmişə bu tərzdə işləmişəm, işləməyə də davam edəcəm. Bu mənim məsuliyyətimdir. Bir şeyə əmin ola bilərsiz ki, seçimlərimdə kənar müdaxilələr yoxdur".

Santuş heyətdə zədəli futbolçu olmadığını bildirib: "Tibb heyətindən məlumat verilib ki, hazırda heç bir zədəli oyunçumuz yoxdur. Yalnız Şahruddin Məhəmmədəliyevin xidmətindən istifadə edə bilməyəcəyik. Digər futbolçu da Bəhlul Mustafazadəddir ki, zədəli olması haqda şübhə var. Bu gün tibbi müayinədən sonra durumuna baxacağıq. Ona görə daha bir mərkəz müdafiəçisi cəlb etməli oldum. Bəhlulla bağlı məsələ hələ ki, aydın deyil".

Millinin baş məşqçisi AFFA-nın yeni strategiyası ilə bağlı verdiyi təklifdən də danışıb: "Bir layihəyimiz var, AFFA ilə danışıqlar olub. Hansı danışıqların olması isə aramızda qalır. Bunu elan etməli tərəf varsa, AFFA-dır, mən etməməliyəm. Bura gəldiyim ilk gündə də demişdim ki, elə layihə qurmalıyıq ki, daha çox qələbə qazanan millimiz olsun, məğlubiyyətlərimiz az olsun".

Qeyd edək ki, Azərbaycan milli komandası C liqasının I qrupu çərçivəsində oktyabrın 11-də “Lilleküla” stadionunda Estoniya yığması, oktyabrın 14-də isə Tofiq Bəhramov adına Respublika stadionunda Slovakiya seçməsi ilə qarşılaşacaq. Hər iki oyun eyni vaxtda – saat 20:00-da başlayacaq.

Chosen
8
fanat.az

1Sources