EN

Qərb mediasının saxta demokratiya təəssübkeşliyi: Öz gözündə tiri görməyənlər Azərbaycanı ittihamı edir - TƏHLİL

Azərbaycan nə zaman beynəlxalq tədbirlərə ev sahibliyi etməyə hazırlaşır, belə tədbirlər öncəsi Qərbdəki anti-Azərbaycan qüvvələri aktivləşməyə başlayır.

Bu aktivlik Azərbaycanda guya insan hüquq və azadlıqlarının pozulduğu iddiası və bu iddia əsasında tədbirin ölkəmizdə keçirilməməsi tələbi ilə müşayiət olunur.

ABŞ konqresmenləri, Fransa, Niderland, Belçika parlamentariləri və hökumət nümayəndələri, Avropa parlamenti, AŞPA və Avropa İttifaqının bəzi yüksək çinli məmurları, erməni diasporundan maliyyələşən bəzi beynəlxalq təşkilatlar bu aktivliyin önündə gəlirlər.

Bakıda keçirilən "Avroviziya-2012", Avropa Oyunları-2015, İslam Həmrəyliyi Oyunları-2017, 2016-cı ildən hər il keçirilən Formula-1 Azərbaycan Qran-Prisi və s. mötəbər tədbirlər həmin qüvvələrin xüsusən aktivləşdiyi dövrlərdir. Belə dövrlərdə ağalarından təlimat alan Qərb mediası Azərbaycanda insan haqları və sərbəst toplaşmaq azadlığının pozulması, demokratik təsisatların olmaması kimi narrativlər irəli sürməklə, qeyri-dəqiq, yaxud istinad mənbəyi olmayan qərəzli informasiyaları geniş auditoriyaya çatdırmaqla geniş auditoriya kütləsində ölkəmiz barədə yanlış təəssürat yaratmağa, keçirilən tədbirlərə kölgə salmağa cəhd edir. Təbii ki, bu böhtanlar tədbirlərin yüksək səviyyədə keçirilməsinə mane ola bilmir, amma yenə də ölkəmiz və tədbirlər ətrafında mənfi fonun yaradılmasına davamlı cəhd göstərilməsi, informasiya hücumu inadla davam edir.

Qərb mediası və siyasi dairələri bu dəfə də ənənəsinə sadiq qalaraq, Azərbaycana qarşı yeni hücum kampaniyasını noyabrda Bakıda keçiriləcək və dünyanın əsas iqlim konfransı hesab edilən COP29-la bağlı aparmağa başlayıb.

Artıq konfrans öncəsi Azərbaycanda insan haqları, sərbəst toplaşmaq hüququ və demokratik təsisatların durumu ilə bağlı sifarişli məqalələr, qərəzli və qeyri-dəqiq informasiyalar intensiv şəkildə yayılmağa başlayıb, hətta konfransın Azərbaycanda keçirilməməsi ilə bağlı çağırışlar da edilir.

Halbuki, məsələyə dərindən baxdıqda, Qərbdə demokratiyanın imitasiya olunduğunu, Azərbaycana hücum çəkən Qərb mediasının öz ölkələrində insan haqları və sərbəst toplaşmaq azadlıqlarının ciddi basqı altında olduğunu görə bilərlər. Avropa şəhərlərində keçirilən çoxsaylı etiraz aksiyalarında, mitinqlərdə baş verən toqquşmalar, polisin etirazçılara tətbiq etdiyi qeyri-proporsional güc, rezin güllə, gözyaşardıcı qaz və s.-dən istifadə etdiyi hər kəsə bəlli faktlardır. 2018-ci ilin noyabrında Fransada başlayan və 10-dan çox insanın öldüyü “sarı jiletlilər” hərəkatı, yaxud 2017-ci ilin oktyabrında İspaniyanın Kataloniya bölgəsində 800-dən çox insanın yaralandığı müstəqillik referendumu ilə bağlı aksiyalara müdaxiləsini Avropada qəddar polis rejiminin mövcud olduğunun göstəricisi saymaq olar.

Polis zorakılığın ən son bariz nümunələrindən biri elə 2024-cü ilin fevralında avropalı fermerlərin etiraz kampaniyasında özünü göstərdi. Ukraynadan kənd təsərrüfatı məhsullarının gömrük rüsumu ödənmədən Avropa İttifaqı ərazisinə buraxılması icazə verilməsi, Aİ rəhbərliyinin aşırı ekologiya gündəliyinin heyvandarlığa mənfi təsiri, ağır bürokratik qaydalar və dizel yanacağına dövlət subsidiyasının kəsilməsi fermerlərin etirazının əsasını təşkil edirdi. Fransada fevralın 14-də etirazçı fermerlərin Parisdə dinc etiraz cəhdi polis tərəfindən amansızlıqla dayandırıldı və 100-dən çox fermer saxlanıldı, İspaniyada isə fevralın 23-də eyni səbəbdən baş tutan aksiyalarda 60-dan çox şəxs tutuldu. Analoji polis zorakılığı Almaniyanın Berlin, Nürnberq, Zeliqental, Belçikanın paytaxtı Brüssel və digər yerlərdə də müşahidə olundu. Məhz kobud güc tətbiqi sayəsində 2024-cü ilin yayında fermerlərin etirazları yatırıldı.

Analoji hallar bundan əvvəl də müşahidə olunub. Məsələn, 2023-cü ilin 17 oktyabrında Berlinin Noyköln şəhərində İsrail-HAMAS münaqişəsi ilə bağlı keçirilən aksiyaya polis müdaxilə edərək 174 nəfəri saxlamışdı. Onlardan 65 nəfər barədə istintaq araşdırmalara başlamışdı.

Təsadüfi deyil ki, “Amnesty İnternational” təşkilatı 2024-cü il 9 iyul tarixli “Kifayət qədər qorunmayıb və çox məhdudlaşdırılıb: 21 Avropa ölkəsində etiraz hüququnun vəziyyəti” adlı hesabatında etiraz aksiyalarının sistematik dağıdıldığını və dinc aksiyaların qadağan olunduğunu bildirmişdi.

“Dinc toplaşmaq azadlığı bütün Avropada ciddi təhlükə altındadır, Avropa dövlətləri dinc etirazçıları getdikcə daha çox damğalayır və cinayət məsuliyyətinə cəlb edir, əsassız və cəzalandırıcı məhdudiyyətlər tətbiq edir, müxalifəti sıxışdırmaq üçün getdikcə repressiv tədbirlər görür”, - deyə hesabatda deyilir.

Etirazçılara qarşı ən repressiv tədbirlərə əl atan ölkələr sırasında isə Fransa ilk yerdədir. Ölkədəki aksiyalar zamanı bəzi etirazçıların tətbiq olunan xüsusi vasitələrin təsiri ilə bədən xəsarətləri, əlin amputasiyası, travmatik diş itkisi, göz zədəsi, kəllə-beyin travması və s. aldığı bəlli faktlardır.

Fransa, İspaniya, Yunanıstan, Belçika və Hollandiya da polisin qeyri-proporsional güc tətbiq etdiyi əsas ölkələr sayılır.

Bu ölkələrdə ən geniş yayılmış təcrübə isə polisin etirazçıları atların ayaqları altına almasıdır. Polis konvoyları atları aksiya iştirakçılarının üzərinə sürərək, onları əzib keçməkdən belə çəkinmirlər.

Qərbin əsas demokratiya carçısı - okeanın o tayında yerləşən ABŞ-da da durum ürəkaçan deyil. Sosial gərginlik, siyasi qütbləşmə, irqçilik, yüksək cinayətkarlıq və narkomaniyadan əziyyət çəkən ölkə insan haqları və sərbəst toplaşmaq azadlığı ilə bağlı da ciddi problemlər yaşayır. Demokratiyanın vətənində İsrail-HAMAS gərginliyi ilə bağlı universitetlərdə baş tutan etiraz aksiyalarında azı 2 mindən çox insan saxlanılıb.

ABŞ polisinin xüsusən qaradərililərə qarşı zorakılığı, onları heç bir səbəb olmadan küçənin ortasında güllələyərək, boğaraq qətlə yetirməsi barədə xəbərlər, yazılar elə Azərbaycana qarşı şər-böhtan dolu məqalələr yazan həmin Amerika mətbuatının səhifələrini bəzəyir. Belə görünür ki, onlar polisin günahsız insanların qətlə yetirməsini demokratiya nümunəsi kimi qəbul edirlər, Azərbaycana gəldikdə isə qeyri-dəqiq və qeyri-rəsmi mənbələrə, ayrı-ayrı şəxslərə istinadən hazırlanmış hesabatlar əsasında palaz-palaz cızma-qaralar yaymağı özlərinə yaraşdırırlar.

Hazırda COP29 öncəsi Azərbaycanda demokratiyanın durumu barədə durmadan qərəzli yazılar yazan Qərb mediası Avropa və Şimali Amerikada bununla bağlı durumu, etiraz aksiyalarına müdaxilə və məhdudiyyətlərə diqqət etsə, daha yaxşı olar.

Çünki Azərbaycanda Qərb ölkələrindən fərqli olaraq, xalq və hakimiyyət arasında birlik, monolitlik var.

Parçalanmış, fərqli siyasi cərəyanların tüğyan etdiyi, stabillikdən əsər-əlamət olmayan və daim qütbləşən Qərb ölkələri, Qərb mediası üçün bu fenomen başa düşülən deyil və bəlli qısqanclıq hissi də doğurur.

İstənilən halda, informasiya hücumları, qara piara rəğmən, Azərbaycan həmişə olduğu kimi, yenə də inamla öz addımlarını atmaqda, mötəbər tədbirləri, xüsusən COP29 konfransını yüksək səviyyədə keçirmədə qərarlıdır.

APA Analytics

Chosen
53
apa.az

1Sources