EN

Cənubi koreyalı turistlərin ölkəmizə artan maraqları - Onlar ən çox haranı görmək istəyir? (MÜSAHİBƏ)

2024-cü ilin yanvar-iyul aylarında Azərbaycana dünyanın 182 ölkəsindən 1 milyon 502,7 min turist gəlib. Bu isə əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 31,4 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

Həmin turistlərin arasında Cənubi Koreyadan gələnlərinin sayında da artım müşahidə edilib. Belə ki, ötən ilin eyni dövrü ilə müqayisədə bu turistlərin sayında 2,3 dəfə artım müşahidə edilib. Bu da Cənubi koreyalıların ölkəmizə artan marağını göstərir. 

Bəs həmin turistləri ölkəmizə gətirən nədir? 

Valyuta.az ölkəmizə gələn Cənubi koreyalılara bələdçilik edən Samran Rəhimovla müsahibəni təqdim edir:

- Samran bəy, Cənubi Koreyadan Azərbaycana gələn turistlər Azərbaycana gələrkən əvvəldən  ölkəmiz haqqında nə qədər məlumatlı olur? 

- Artıq demək olar ki, koreyalılar 10 ildir ki, ölkəmizə kütləvi şəkildə gəlməyə başlayıblar. Pandemiyadan öncə gələn turistlərlə sonra gələnləri müqayisə etdiyimiz zaman anlayırıq ki, pandemiya zamanı koreyalıların araşdırmağa, öyrənməyə xeyli vaxtları olub. Çünki daha öncə öz prezidentlərinin illər əvvəl Azərbaycana rəsmi səfərinin olduğundan xəbərsiz xeyli insan görmək olurdu. 

- Onlar ölkəmizə səyahəti zamanı gedəcəkləri yerlər haqqında əvvəldən məlumatlı olurlar? Hanısa bir proqram hazırlanır?

- Turistlərin gəzəcəkləri yerlər hələ Koreyadan yola düşməmiş bəlli olur artıq və onlar da bu yerlər haqqında az da olsa məlumatlanırlar.

- Koreyalı turistlərlə artıq neçə ildir işləyirsiniz? 

- 2017-2018-ci illərdə dövlət proqramı ilə Cənubi Koreyada təhsil alıb gəldikdən sonra davamlı olaraq bu işlə məşğulam. Düşünürəm ki, həm ölkəmizi tanıdaraq faydalı iş görürəm, həm də şəhərin səs-küylü həyatından qısa da olsa uzaqlaşmaq üçün fürsət əldə edirəm.

- Turistləri daha çox hara aparırsınız? Onların ən çox bəyəndikləri yerlər haradır?

- Turistləri ölkənin müxtəlif tarixi məkanlarına aparırıq. Məsələn, Şirvanşahlar Sarayı, Qız Qalası, Yanar Dağ, Atəşgah Məbədi, Qobustan qayalıqları, Palçıq Vulkanları Turizm Kompleksi, Bibiheybət Məscidi, Şəhidlər Xiyabanı, Şəki Xan Sarayı, Karvansaray və s. kimi dünyada da kifayət qədər tanınan yerlərə aparırıq ki, içlərindən ən çoox bəyənilənlər Qız Qalası, Yanar Dağ, Qobustan qayaüstü təsvirləri Bibiheybət məscidi, Şəhidlər Xiyabanı, Şəki Xan Sarayıdır.

- Bu turistlər ölkəmizə daha  çox ilin hansı mövsümündə gəlməyi üstün tutur?

- Qış aylarını və avqust ayını çıxmaq şərtilə digər aylardakı hava şəraiti onlar üçün çox uyğundur. 

- Desək ki, turistlər üçün Azərbaycanın göstərilməli olduğu 5 əsas məkan hansılardır, necə sıralaya bilərsiniz? 

- Düşünürəm ki, Dağüstü Park, Qobustan Dövlət Tarixi-Bədii Qoruğu, Qız Qalası, Bibiheybət Məscidi, Şəki Xan Sarayı turistlərə gəzdiriləcək yerlər sırasında ilk beşlikdə dayana bilər.

Davud

Chosen
11
valyuta.az

1Sources