EN

Joan Laporta: “Hansi Flik heyrətamiz iş görür”

“Barselona”nın prezidenti Joan Laporta “blauqrana”nın alman baş məşqçisi Hans-Diter Flikin işindən söhbət açıb.

Arena.az “Sport.es” dərgisinə istinadən məlumat verir ki, Laporta alman mütəxəssisin işində hansı xüsusu bəyəndiyini açıqlayıb:

“Flik bəhanə axtarmır. Zədələr narahatlıq doğurur, amma o, bunun öhdəsindən çox yaxşı gəlir. Əhəmiyyətli oyunçular sağalırlar, biz artıq bir neçə dəqiqə oynamış Frenki De Yonqun, həmçinin Fermin Lopesin, Dani Olmonun, Qavinin son geri-dönüşünü gözləyirik.

Təqvim bizdən rəqabətli və geniş siyahıya malik olmağı tələb edir. Hesab edirəm ki, gənc futbolçuların əsas komandaya cəlb edilməsi yaxşı nəticə verir. Flik heyrətamiz iş görür. O, nə ilə üzləşməli olduğunu bilirdi və bunun öhtəsindən əntiqə gəlir”, deyə Joan Laporta razılıqla vurğulayıb.

Xatırladaq ki, alman mütəxəssis Hans-Diter “Hansi” Flik cari ilin iyulunda “Barselona”nın sükanı arxasında ispan mütəxəssis Xavini əvəzləyib. Flikin Kataloniya klubu ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər nəzərdə tutulub. Alman mütəxəssisin qarşısında bir məqsəd qoyulub – “Barselona”nı dirçəltmək və klubun iddiasını ortaya qoymaq.

Rəhbərliyi müddətində Flikin “Barselona”sı 10 oyuna 8 qələbə qazanıb və 2 oyunda məğlub olub. “Blauqrana”nın top fərqi isə 31:11 nisbətindədir.

İspaniya La Liqasının 8 turundan sonra “Barselona” 21 xalla yarış cədvəlinin zirvəsində qərarlaşıb.

Chosen
14
arena.az

1Sources