EN

“Ağrısını bilib susanlar, dərdini bilməyənlər var” - 35 ilin tibb bacısı danışır

“Ağrısını

Bakı, 7 oktyabr, Günel Türksoy, AZƏRTAC

“Öz peşəmi rəssamlıq sənətinə bənzədirəm. Necə ki, rəssam öz emalatxanasında tablo üzərində onun hər detalına kimi incə-incə işləyir... Biz də xəstələrlə elə incə davranmalıyıq ki, razı qalsınlar. Ağrısı-acısı olan, bizə müraciət edən xəstələrin çöhrəsində təbəssüm yaratmalıyıq. Bizim bir arzumuz var ki, o da xəstənin sağalıb öz ocağına qayıtmasıdır. Ağrısını bilib susanlar, dərdini bilməyənlər var. Onları anlamağa, yardım etməyə çalışırıq”.

Bu sözləri 35 ildir ömrünü xəstələrə şəfqət bəxş etməyə həsr edən baş tibb bacısı Mənsurə Əliyeva AZƏRTAC-ın müxbiri ilə söhbətində deyib.

El arasında yayğın olan “zərgər dəqiqliyi” ifadəsini elə tibb işçilərinə də aid edə bilərik. Çünki şəfqət bacılarının da xəstələrlə iş zamanı səhv etmə şansları yoxdur, çünki buraxılmış səhv bir insan ömrünün itirilməsinə, yaxud başqa bir faciəyə gətirib çıxara bilər.

Mənsurə Əliyeva valideynlərinin yolu ilə gedərək bu peşəni özünə həyat yolu seçib. Həkim olmaq istəsə də, şəxsi həyatında baş verən hadisələr səbəbindən bu, alınmayıb. 1989-cu ildə 1 nömrəli Bakı Tibb Kollecini bitirərək 27 saylı şəhər poliklinikasında ilk əmək fəaliyyətinə başlayıb. Daha sonra Səhiyyə Nazirliyinin bir neçə idarəsində çalışıb, 2024-cü ilin may ayından TƏBİB-in tabeliyindəki Binəqədi Tibb Mərkəzində baş tibb bacısı vəzifəsində xidmətini davam etdirir. O, ölkənin bir çox tanınmış incəsənət və mədəniyyət xadimlərinə tibbi xidmət göstərib, onların acılı-şirinli anlarının şahidi olub.

Müsahibimiz bu günlərdə icbari tibbi sığortanın tətbiq edildiyi TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrinin baş tibb bacıları üçün Ankara Universitetində “Tibb bacısı xidmətinin inkişafı” mövzusunda keçirilən təlim proqramında iştirak edib. Söhbət zamanı məlum olub ki, bu, onun ölkə xaricində baş tutan təlimdə ilk iştirakıdır:

“Bu, baş tibb bacılarının iştirakı ilə keçirilən ilk təlim idi. Təlimdə Ankara Universitetinin tibb bacıları fakültəsinin müəllimləri iştirak edirdi. Həm nəzəri, həm də praktiki yeni bilgilər öyrəndik. Təlim zamanı Cebeci və İbn Sina Araşdırma xəstəxanalarında əyani olaraq bir sıra prosesləri izlədik. Bizim (Bakıdakı) klinikalara da xəstə müraciətləri çox olur. Ancaq Türkiyədə xəstəxanalara müraciətin daha çox olduğunu gördük. Orada çalışan tibb bacılarının çox böyük enerji və istəklə işlədiyini müşahidə etdim. Sual verdim ki, məgər sizdə yorğunluq hissi yoxdur? Çox ağır şöbələrdə çalışan tibb işçiləri yorğunluq hissini daxilən yaşasalar da, onu heç vaxt büruzə vermədiklərini söylədilər. Təlim zamanı ən xırda detallar belə bizim üçün maraqlı idi. İlk gəldiyim gün mərkəzimizin böyük tibb bacıları ilə bu barədə fikir mübadiləsi etdim. Türkiyədə təlim zamanı öyrəndiklərimlə bağlı tibb bacılarına növbəti günlərdə təlimlər keçəcəyəm”.

M.Əliyeva ötən illər ərzində tibb sahəsində baş verən yeniliklərlə daim maraqlandığını bildirib: “Həmişə xəstələrə qayğı məsələsində fərqlilik aşılamağa çalışmışam. Həmkarlarıma deyirəm ki, sizin adınızın qarşısında tibb bacısı vəzifəsindən əvvəl şəfqət bacısı anlayışı dayanır. Hər xəstənin xarakteri fərqli olsa da, onun orqanizmində problem yarandıqda ilk növbədə hamıdan qayğı umur. Belə olan halda isə tibbi və nəzəri bilikləri ikinci plana qoymaq lazımdır. Xəstələrə xoş münasibət göstərəndə, daha sonra bilik və bacarıqlarımızı tətbiq edəndə işin keyfiyyəti yüksək olur. Xəstələrdən yəqin ki, eşidirsiniz, “Tibb bacıları o qədər yaxşı münasibət göstərdi ki, xəstəliyimi də unutdurdular”. Onlara qayğı ilə yanaşmaq, bütün tibbi prosedurlara və həkimin yazdığı göstərişlərə düzgün və vaxtında əməl etmək ən mühüm şərtlərdən biridir”.

Mərkəzin 250 tibb işçisinin gündəlik fəaliyyətindən məsul olan M.Əliyeva ilə eyni zamanda, xəstələrin vəziyyəti ilə də həmişə maraqlanır:

“Hər gün bütün şöbələri gəzirəm. Bütün tibb bacılarının fəaliyyətindən xəbər tutur və öz iş günümü ona uyğun qururam. Biz hər ilin sonunda artıq növbəti il üçün məzuniyyət planını tuturuq. Adətən yayda məzuniyyətə çıxmaq istəyənlər çox olur, lakin biz yayda müalicə alan xəstələri də əvvəlcədən nəzərə alırıq. Tibb bacıları ilə söhbətdə hər zaman deyirəm ki, hər hansı fəxri ad və ya post üçün deyil, şəfqət bacısı kimi çalışın. Belə çalışsanız zaman göstərəcək ki, sevərək çalışdığınız sahədə uğur qazanmaq olur. Elə vaxtlar olub ki, günün 12 saatını iş yerində keçirmişəm. Əməliyyat şöbəsində tibb bacısı işləyərkən xəstə narkozdan ayılana qədər əməliyyatxanada qalmalı olurdum. Əməliyyat elə bir prosedurdur ki, onu yarımçıq qoymaq olmaz. Ancaq xəstənin vəziyyətinin yaxşılaşdığını görəndə bütün yorğunluq canından çıxır”.

Xəstələrlə davranmağın ən incə detallarını sadalayan həmsöhbətim qeyd edib ki, onların halını soruşduqda belə ən xırda detallara əməl etmək lazımdır:

“Xəstə ilə tam səmimi də danışmaq olmaz. Ona görə ki canı ağrıyan insanda istər-istəməz aqressivlik ola bilər. Qayıdıb bizə deyə bilər ki, halımı neynirsən, tez dava-dərman elə, ağrılarım kəsilsin. Amma əvvəlcə xəstəyə salam verib, daha sonra “indi sizə filan prosedurları edəcəyik, ağrılarınız kəsiləcək” dedikdə, artıq xəstə sizdən kömək gözləyəcək. Bəlkə 10 dəqiqəyə xəstənin ağrısı keçməli idisə, beş dəqiqədən sonra qayıdıb deyəcək ki, “ay qızım, nə yaxşı oldu, ağrım ötüşdü”. Bu sözləri xəstələrdən eşitmək bizə çox xoş təsir bağışlayır.

Xəstələrin içində cavan, yaşlı, kimsəsiz insanlar olur. Kimsəsiz insanları heç kəs axtarmır, istədiyi bir şeyə onlara çatdıran olmur. Biz gündəlik iş fəaliyyətimizdə hər cür insanlarla rastlaşırıq”.

Tibb bacısı fəaliyyət göstərdiyi illər ərzində qarşılaşdığı ekstremal halları da xatırlayır:

“Vaxtilə çalışdığım xəstəxanaya əcnəbi vətəndaş gəlmişdi. Prosedur olaraq ondan qan alınmalı idi. Ancaq qan verməməkdə israr edirdi. Artıq şübhələr yaranmağa başladı ki, yəqin qanında hansısa virus var. Dostunun yanında təzyiqini ölçmək adıyla onunla həmsöhbət oldum. Eyni anda həm təzyiq ölçüb, həm də qan aldım. Bunu elə etdim ki, pasiyent qan alındığını qəti hiss etmədi. Yalnız otaqdan çıxdıqdan sonra sual verdim ki, “indi necəsiz, mən sizdən qan aldım”. O isə bunun necə baş verdiyinə inanmadığı üçün heyrətlə baxırdı.

Tibb işçilərinin xarakterində soyuqqanlılıq olmalıdır. Hansısa bir vəziyyətdə xəstəni itirmək halı ilə üzləşdiyimizdə həkiməqədərki vəziyyətə qədər biz müdaxilə edirik, özümüzə deyirik ki, möhkəm ol, sən bu vəziyyətlə həkim gələnə kimi təkbaşına yardım göstərməlisən, xəstəni düşdüyü vəziyyətdən çıxarmalısan. Həkiməqədərki ilkin tibbi yardım tibb bacısının birbaşa vəzifə borcudur. Bizdən qabaq əgər xəstəyə antibiotik təyinatı olubsa, müəyyən işartılardan hiss edirik ki, xəstə şoka düşə bilər. Ancaq bunu xəstənin özünə bildirmədən ilkin yardım göstərmək lazımdır. Bizim məsələyə bir neçə dəqiqə gec müdaxilə etməyimiz anafilaktik şok vəziyyətinə gətirib çıxara bilər. Travmalar, avtoqəzalar zamanı da çətin hallarla rastlaşmışıq. Xəstələri düşdüyü vəziyyətdən tək çıxardığım hallar olub. Elələri olub ki, reanimasiyadan ayılandan sonra başqa xəstəxanaya köçürülüb, ancaq sonra gəlib onları xilas etməyimizi xatırlayıb təşəkkürlərini bildiriblər. Ağır xəstələrlə çalışmışam. Ancaq hansısa xəstənin şokdan dünyasını dəyişməsinin şahidi olmamışam. Əvvəl işlədiyim yer elə idi ki, biz tanınmış insanlara xidmət göstərirdik. Ən çox da onkoloji xəstələrlə işləmişəm. Onkoloji xəstəyə “bundan artıq nəsə edə bilmirik” demək olmur. Həmin xəstəyə sadəcə mənəvi və psixoloji dəstək olursan”.

Həmsöhbətim tibb işçisi olmayan, lakin ev şəraitində öz ailə üzvlərinə hər hansı tibbi yardım göstərilməsi barədə də danışıb:

“Ümumiyyətlə, ilk növbədə tibb bacılarına göstəriş veririk ki, heç vaxt həkim təyinatı olmadan özbaşına nəsə etmək olmaz. Mən yalnız xəstəyə həkiməqədər ilkin yardıma nə aiddirsə, onu tətbiq edə bilərəm. Son illərdə hər beş ildən bir keçirilən sertifikasiya imtahanları tibb işçiləri üçün çox önəmlidir. Bu, biliklərimizi yenidən təzələməyə imkan verir. Bəzən ev şəraitində yaxınların iştirakı ilə vurulan iynələrdən şok keçirmə halı olur. Xəstəyə bunu edən tibb bacısıdırsa, o, həkiməqədərki ilkin yardımın nə olduğunu bilir. Əgər antibiotik vurulursa, tibb bacısının yanında ilkin şok əleyhinə preparatlar olur. Klinikaların bütün otaqlarında şok əleyhinə preaparatlar var.

Bir dəfə yaxın tanışlardan biri öz bacısının uşağına “Vitamin C” iynəsi vurmuşdu. Uşaqda da “Vitamin C”yə qarşı yüksək dərəcədə həssaslıq var imiş. Ailə tez təcili yardım çağırıb, uşaq düşdüyü ağır vəziyyətdən xilas edilib. Həmin uşağın anası artıq maariflənmiş oldu və həmişə ətrafındakılara deyirdi ki, uşaqlara özbaşına iynə vurmaq olmaz. Yeni gələn tibb bacılarına həmişə onu tövsiyə edirəm ki, hər hansı müdaxilə ediləcəksə, birinci həkimin yazdığı resepti soruşmaq lazımdır. Bütün resept blanklarında həkimin əlaqə nömrəsi qeyd olunur. Siz bu xəstəni tanımırsınızsa, işdən kənar vəziyyətdirsə, mütləq qaydalara uyğun şəkildə işləməlisiniz, yaxınları və həkimlə danışmalısınız.

Klinikadasınızsa, artıq həmin sualları verə bilməzsiniz, çünki həkim o sualları verib. Siz təyinatı yerinə yetirəndə klinik şəraitdə edirsiniz. İndi poliklinikalarda şəraitimiz çox yaxşıdır. Klinikalara çoxlu sayda xəstələr gəlir, onlara yerində xidmət göstərilir”.

İşin çətin tərəflərindən birinin də xəstə yaxınları ilə dil tapa bilmək olduğunu qeyd edən M.Əliyeva söhbətə belə davam edib:

“Bəzən həkimlərin səbri tükənir, çünki onlar xəstələrlə işləmək istəyir, ancaq xəstə yaxınları buna imkan vermir. Yaxud xəstə özü xahiş edir ki, mənim diaqnozumu ailəm bilməsin. Yaxud bilsə belə, başqa bir prosedura icazə verilməsini istəmir. Belə vəziyyətlərdə xəstə yaxınları ilə dil tapmaq nəyəsə görə həmişə mənim üzərimə düşüb. Həkimlər ya dərhal əməliyyata girib, yaxud başqa işləri olub. Əgər xəstə yaxınlarını başa salmasaq, prosesə ziyan dəyəcək. Elə vəziyyət olub ki, xəstə yaxını aqressiv davranıb, dərhal görüş istəyib. Ona belə səbirlə yanaşmaq lazımdır. Xəstənin özüylə necə danışırsınızsa, yaxını ilə də elə davranmaq lazımdır”.

Koronavirus pandemiyası günlərini xatırlayan baş tibb bacısı üçün bu dönəm xüsusilə ağır keçib. O, öz qardaşını da koronovirus xəstəliyindən itirib:

“Pandemiya dövründə ən ağır yük tibb işçilərinin üzərinə düşdü. Birdən-birə hər kəsin qorxa-qorxa yaşadığı dövrə düşdük. Səhiyyə sahəsində olduğum üçün bizi nə gözlədiyini bilirdim. İnsanlara deyirdilər ki, maska taxın, onlar da maskanı səhər taxıb axşam çıxarırdılar. Hər kəsə izah edirdim ki, bu səhvdir. Kiminləsə kontaktda oldunuzsa, maska çıxarılıb atılmalıdır. Həmin zamanlar var gücümüzü qoyub çalışdıq. Mən xəstələrlə kontakta girəndə hiss edirdim ki, onlar özlərinin xəstə olmağından daha çox yaxınlarının virusa yoluxacağından qorxurdular.

Gecə-gündüz demədən, növbədənkənar saatlarda hər kəs xidmət edirdi. Günlərcə evinə getməyib modul tipli xəstəxanalarda çalışan, könüllü qalıb işləyən tibb bacıları oldu. Həmin tibb bacılarının da sonradan əməyi qiymətləndirildi”.

Chosen
36
azertag.az

1Sources