EN

Aydın Səfixanlı: Azərbaycanlıların Ermənistandan zorla qovulması beynəlxalq konvensiyalara ziddir

Aydın

Bakı, 8 oktyabr, AZƏRTAC

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının rəhbəri Aydın Səfixanlı ATƏT-in İnsan Ölçüsü Konfransının “Tolerantlıq və ayrı-seçkilik” mövzusunda VIII plenar sessiyasında iştirak edib.

Ombudsman Aparatının mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Aydın Səfixanlı sessiyada çıxışı zamanı respublikamızın çoxmillətli dövlət kimi “birlik və müxtəliflik” prinsipini dəstəklədiyini bildirib, ölkəmizin çoxəsrlik tarixinin heç bir mərhələsində etnik mənsubiyyət, din, dil və mədəniyyət zəmində dözümsüzlük və ayrı-seçkilik halının olmadığını söyləyib.

O, indiki Ermənistan ərazilərindəki azərbaycanlıların ötən əsrdə dəfələrlə deportasiyaya və müxtəlif təqiblərə məruz qaldığını, onların maddi və qeyri-maddi mədəni irsinin tamamilə məhv edildiyini diqqətə çatdırıb. A.Səfixanlı 1991-ci ilədək 250 min azərbaycanlının indiki Ermənistan ərazilərində yerləşən öz doğma yurdlarından qovulduğunu deyib.

Ermənistanın törətdiyi beynəlxalq cinayətlərin əsas səbəblərindən birinin də məhz dövlət tərəfindən azərbaycanlılara qarşı etnik zəmində nifrətin formalaşması olduğu qeyd edilib. Eyni zamanda, Azərbaycan əhalisinin Ermənistandan zorla qovulmasının insan hüquqları sahəsində beynəlxalq konvensiya və müqavilələrə zidd olaraq bərabərlik prinsipinin pozulmasına səbəb olduğu bildirilib.

Ombudsman haqqında Konstitusiya Qanununa edilmiş son dəyişikliklər barədə məlumat verən A.Səfixanlı bərabərlik hüququnun təmini, ayrı-seçkiliyin qarşısının alınması və digər sahələrdə müvəkkilin mandatının genişləndiyini qeyd edib. Qanunvericiliyə edilən bu dəyişikliklərin ombudsmanın fəaliyyətinin təkmilləşdirilməsinə, insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyinin artırılmasına yönəldiyi də diqqətə çatdırılıb.

Chosen
31
1
azertag.az

2Sources