EN

Hotel və müalicə mərkəzlərində növbəti sorğu keçirilib - Fotolar

Turizm xidməti keyfiyyətinin yüksəldilməsi məqsədilə Naftalan ŞİH-nin təşkilatçılığı ilə Hotel və Müalicə Mərkəzlərində rəy sorğusu keçirilib.

“Qafqazinfo” xəbər verir ki, üç dildə- azərbaycan, rus və ingilis dillərində hazırlanmış sorğunun keçirilməsi Beynəlxalq Turizm Mərkəzi olan Naftalanda xidmət səviyyəsinin müəyyən edilməsi və yaxşılaşdırılması məqsədi daşıyır. Həmçinin sorğu şəhərin turizm potensialının güclü və zəif tərəflərini təhlil etməyə imkan verir. 

Şəhərdə istirahət edən və müalicə alan 80-ə yaxın turist sorğuda iştirak edib. Onlardan 45% yerli, 55% isə xarici turistlərdir. Xarici turistlər arasında hazırda Qazaxıstandan olan turistlər 33% üstünlük təşkil edib. Rusiya 19%, Özbəkistan 12%, digər Avropa və Baltikyanı ölkələr isə 36% təşkil edib. İştirak edən respondentlərin 82% - 50 yaş üzəri olanlardır. Turistlərin 68% - Naftalana ilk dəfə, 32% isə ikinci dəfə və daha çox gələnlərdir. Respondentlərdən istirahət zamanı müalicənin keyfiyyətini əsas tutanlar - 49%, qiyməti əsas tutanlar - 36%, mövsümi endirimləri əsas tutanlar - 10%, digər isə 5% təşkil edib.

Pasiyentlərdən 49% - dayaq-hərəkətindən, 29% - revmatik xəstəliklərdən, 13% dəri xəstəliklərindən, 4% uroloji xəstəliklərdən, 13% isə digər xəstəliklərdən əziyyət çəkənlərdir.
Naftalan müalicəsi müddətli olduğu üçün burada 8-14 gün qalmağı planlaşdıran turistlər - 76%, 1-7 gün qalmağı planlaşdıran turistlər - 21%, 15 gündən artıq qalmağı planlaşdıranlar isə 3%-dir. Xidmətlərin ödənişini 60% nəğd, 40% isə kartla həyata keçirib. 

Sorğunun nəticəsindən aydın olub ki, bu gün beynəlxalq turizm mərkəzi olan Naftalan yerli və xarici qonaqlarda xoş təəssürat yaradır. Turizm obyektlərinin xidmət səviyyəsi və yerləşdirmə ilə bağlı fikrə “razıyam” deyənlər 90% təşkil edib. Naftalanın abad, təmiz və səliqəli saxlanılması sualını 91% turist əla və yaxşı olaraq qiymətləndirib, digər 9% isə hotelə yeni gəldiyini, şəhərlə hələ tanış olmadıqlarını qeyd edib.

“Turizmin inkişafına mane olan nədir?” sualını 48% insan əyləncə və alış-veriş mərkəzinin olmaması, 4% insan nəqliyyat vasitələrinin əlçatanlığı, 5% insan ixtisaslı kadrların çatışmazlığı, 43% insan isə digər formada cavablandırıb. Xarici turistlərin 88% Heydər Əliyev adına Bakı Beynəlxalq Hava limanından, 12% isə Gəncə Beynəlxalq Hava limanından gəliblər.

Naftalana yenidən səfər etməyi planlaşdıranlar 98% təşkil edir, digər 2% isə müalicənin nəticəsindən asılı olaraq qərar verəcəklərini bildiriblər.

Sorğuda iştirak edənlərdən 95% parklarda yüksəksürətli və ödənişsiz Wi-Fi-ın olmasını əla və yaxşı olaraq qiymətləndirib. Həmçinin, turistlərin 32% “Visit Naftalan” mobil tətbiqi barədə xəbərdar olduqlarını da qeyd ediblər.

Turistlərin istəkləri rus və ingilis dilini bilən mütəxəssislərin daha çox olması, idman zallarında məşqçilərin və səhər gimnastikalarının olmaması, ingilis dilində məlumatın az olması, bəzi hotellərdə hovuzların, ticarət mərkəzlərinin mövcud olmadığını bildiriblər. Rəy sorğularının keçirilməsi mövsümə uyğun olaraq davam etdiriləcək







Chosen
15
2
qafqazinfo.az

3Sources