EN

Əliyevin Moskva çıxışında Ermənistanı ifşa edən fakt- Ermənistandan müharibəyə 600 min adam necə gedib?..

Image

Qasım Hacıyev: “Bütün sahələrdə olduğu kimi, bu sahədə də ermənilər saxtakarlıqla məşğuldular”

Moskvada MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında Prezident Əliyev İkinci Dünya müharibəsində Azərbaycanın oynadığı rolla bağlı önəmli məqamlara toxundu: 

“Azərbaycan ümumi qələbəmizə sanballı töhfə verib. Həmin dövrdə 3 milyon 400 min əhalisi olan Azərbaycandan cəbhəyə 700 minə yaxın insan yollanıb. Döyüş meydanlarında 350 min nəfər həlak olub, 130 azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. Müharibə illərində Azərbaycan neftçiləri cəbhəyə neft və neft məhsullarının 80 faizini, hərbi texnika üçün yağların 96 faizini tədarük edib. Bütün bunlar həmin dövrdə Azərbaycanda istehsal olunub, göstərilən məhsulların o vaxtlar SSRİ-də ümumi istehsalının faizidir”.

Müqayisə üçün qeyd edək ki, o vaxt Azərbaycan əhalisi 3,4 milyon nəfər olub. Onlardan 700 min nəfəri müharibəyə gedib və onların yarısı qayıtmayıb. Ermənistan dövlət rəhbərləri də tez-tez xatırlayırlar və beynəlxalq tədbirlərdə bəyan ediblər ki, o vaxt Ermənistandan müharibəyə 600 min nəfər gedib və onların 300 mini qayıtmayıb. Hazırda Ermənistan əhalisi Azərbaycanla müqayisədə 3 dəfədən çox azdır. Müharibə vaxtı isə Ermənistan əhalisinin sayı 1 milyon 500 min nəfərdən az olub. O zaman bir belə əhalinin 600 min nəfəri müharibəyə necə gedə bilərdi? Belə çıxır ki, o vaxt Ermənistan əhalisinin üçdə biri müharibədə qırılıb. O baxımdan bu, ermənilərin İkinci Dünya müharibəsi ilə bağlı bir yalan məlumatının ifşası üçün də çox ciddi əhəmiyyətə malikdir.

“O vaxt 600 min Ermənistan vətəndaşının müharibədə iştirak etməsi barədə deyilənlər ağ yalandır”

Sözügedən məsələyə aydınlıq gətirən AMEA-nın Qafqazşünaslıq İnstitutunun Qafqaz Tarixi şöbəsinin müdiri, professor Qasım Hacıyev “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, ermənilər bu sahədə də saxtakarlığa əl atırlar: “İkinci Dünya müharibəsi dünya xalqları tarixində ən dəhşətli faciəli hadisələrdən biri idi. Dövlətlərin əksəriyyəti bu müharibəyə cəlb olunmuşdu. O cümlədən, 1941-ci ildə SSRİ müharibəyə qoşulmalı oldu. Çünki Almaniya SSRİ-yə hücum etdi. Bu müharibədə SSRİ daxilindəki bütün xalqlar yaxından hər cəhətdən iştirak etdilər. Həm döyüşçü kimi, həm də ölkə daxilində öz resurslarından istifadə edərək müharibəyə kömək edirdilər. O cümlədən, Azərbaycan İkinci Dünya müharibəsində faşizm üzərində qələbədə çox mühüm rol oynayıb. 416-cı Taqarnoq diviziyası bütövlükdə azərbaycanlılardan təşkil olunmuşdu. Azərbaycanlılar Berlinə qədər gedib. 700 min azərbaycanlı müharibəyə cəlb olunub. Onların yarıdan çoxu qayıtmayıb. Müharibədə ordunu əsasən neftlə Azərbaycan təmin edib. Ancaq bütün sahələrdə olduğu kimi, bu sahədə də ermənilər saxtakarlıqla məşğuldular. Məsələ ondadır ki, o vaxt Ermənistanın müharibəyə 600 min nəfər göndərməsi mümkünsüz idi. Çünki həmin dövrdə Ermənistan əhalisinin sayı çox az idi. Yəni orada 19 yaşından yuxarı əhalinin sayı nə qədər ola bilərdi ki, Ermənistanda bir o qədər müharibə iştirakçısı olsun? Üstəlik, Ermənistandan müharibəyə gedənlərin içində azərbaycanlılar böyük çəkiyə malik idilər. Nəzərə almaq lazımdır ki, müharibədən sonra 1948-1953-cü illərdə 100 minədək azərbaycanlı deportasiya edildi. Bu baxımdan hesab edirəm ki, o vaxt 600 min Ermənistan vətəndaşının müharibədə iştirak etməsi barədə deyilənlər ağ yalandır. Bir məqamı da qeyd edim ki, o vaxt Ermənistandan cəbhəyə gedən azərbaycanlıları erməni kimi siyahıya salırdılar. Saxtakarlıqlardan biri də bu idi”.

Vidadi ORDAHALLI





Chosen
18
baki-xeber.com

1Sources