EN

Səməd Seyidov: ABŞ-ın Azərbaycana münasibəti ikili standartlarla dolu və qeyri-səmimidir

Səməd

Bakı, 9 oktyabr, AZƏRTAC

ABŞ faktiki öz qərarlarına hörmətsizlik göstərərək, onlardan sui-istifadə edərək Azərbaycana qarşı təzyiqə başladı. Dünyanın supergüc dövləti beynəlxalq səviyyədə qəbulolunmaz addım atır.

Bu sözləri amerikalı konqresmenlərin Dövlət katibi Antoni Blinkenə müraciətinə cavab olaraq bir qrup azərbaycanlı deputatın xarici işlər naziri Ceyhun Bayramova ünvanlandığı müraciəti AZƏRTAC-a şərh edən Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib. ABŞ-ın münasibətinin tamamilə ikili standartlarla dolu və qeyri səmimi olduğunu qeyd edən deputat bildirib ki, tarixən ölkəmizə tətbiq edilən sanksiyalar məntiqsiz və ədalətsiz olub. Halbuki Azərbaycan hər zaman beynəlxalq öhdəliklərini ən yüksək səviyyədə yerinə yetirib.

“Biz Amerika Birləşmiş Ştatlarının maraqlarını ən yüksək səviyyədə ödəmişik. Ancaq təəssüflər olsun ki, onların münasibəti tamamilə ikili standartlarla dolu və qeyri-səmimidir. Bu gün Azərbaycanın xarici siyasəti özünü başqa bir səviyyədə göstərməkdədir. Biz onu da başa düşməliyik ki, bu, Azərbaycana qarşı ilk ədalətsiz qərar deyil, tarixən belə qərarlar hər zaman olub. Nə qədər də faciəvi, dəhşətli görünsə də, faktiki olaraq belə idi. Bizə qarşı Xocalını törədirdilər, 1 milyondan çox qaçqın və məcburi köçkün bizdə idi, Qarabağ və ətraf yeddi rayonumuz işğal altında idi, ancaq sanksiyaları bizə tətbiq edirdilər”, - deyən S.Seyidov Bakıda keçiriləcək COP29 kimi mötəbər tədbir ərəfəsində Azərbaycana qarşı atılan bu addımı səciyyələndirən önəmli xüsusiyyətin olduğunu söyləyib. Deyib ki, belə görünür, Amerika bu yüksək səviyyəli tədbirdən sui-istifadə edərək Azərbaycana qarşı yenidən təzyiq göstərmək üçün fürsət qazanıb. Belə olan halda, Azərbaycan özünü sığortalamalıdır.

“Bir müddət əvvəl ABŞ COP29-la bağlı müsbət rəyini bildirmiş, bu tədbirin Azərbaycanda uğurla keçirilməsi ilə bağlı əlindən gələcəyini əsirgəməyəcəyini bəyan etmişdi. Biz ABŞ-a bu nöqteyi-nəzərdən inanırdıq. Söhbət dünyanı ən çox narahat edən məsələlərin Azərbaycanda müzakirəsindən gedir. ABŞ-ın belə bir məsələyə müsbət rəy verilməsi müsbət qarşılanmışdı. Azərbaycan olaraq ciddi düşünməliyik, nəticə çıxarmalıyıq ki, ABŞ kimi böyük dövlət hansısa müsbət fikir söyləyirsə və sonra bu fikrin arxasında dayana bilmirsə, yaxud dayanmaq istəmirsə, ən faciəvisi verilmiş bu qərarı alətə çevirib ölkəyə təzyiq edirsə, biz milli maraqlarımızı qorumaq, onları yüksək səviyyədə müdafiə etmək ABŞ-dan bu əlaqələrə yenidən baxılmasını xahiş etmişik”.

Biz milli maraqlarımızı qorumaq üçün Amerika Birləşmiş Ştatları ilə bu səviyyədə əlaqələrimizə də yenidən baxmalıyıq”.

S.Seyidov hesab edir ki, beynəlxalq səviyyədə qəbulolunmaz davranış sərgiləyən ABŞ-da başa düşməlidirlər ki, bu siyasət onların regionda mövcudluğunun üstündən xətt çəkir və bu davranışdan hər bir ölkə nəticə çıxarmalıdır.

“Sabah bu istiqamətdə hətta Azərbaycana xoş gəlsin deyə qərar verilsə belə düşünməliyik ki, birigün bu qərar geri götürülə bilər, bu qərardan imtina oluna bilər. Axı beynəlxalq əlaqələr sistemində ən əsas məsələ inamdır. Azərbaycan Prezidenti dünyada xüsusi çəkiyə və nüfuza malikdir, dediyi hər sözün arxasında dayanır. Onun sözü imzası qədər güclüdür. İmzası çəkildisə, hamı bilməlidir ki, bu reallaşacaq. Azərbaycan artıq etibarlı tərəfdaş kimi özünü sübut edib. Əslində, biz bu nümunəni dünyanın supergüc dövlətlərindən görməliyik. Ancaq biz dünyanı idarə edən dövlətlərdən başqa davranış görürük. Görürük ki, söz verir, etmir, imza çəkir, geri götürür. Guya dostluq edir, dostluğun içərisində xəyanət edir”, - deyə komitə sədri vurğulayıb.

Chosen
16
azertag.az

1Sources