EN

İran parçalana bilər: Qərbin planı nədir? - Markov

İran doğrudan da bir neçə yerə parçalana bilər. İranın bölünməsini daha çox İsrail istəyərdi. Çünki İranı özü üçün təhlükə hesab edir. Qorxur ki, İran nüvə silahı əldə edər və bu silahla İsraili vurar və s. Bu baxımdan İsrailin marağındadır ki, İranı parçalasın. Lakin onun gücü buna yetərmi?

Bu sözləri Axar.az-a rusiyalı politoloq Sergey Markov İsrailin neft və nüvə obyektlərinə zərbə endirəcəyi halda İranın parçalanmasının mümkünlüyü haqda müzakirələrə münasibət bildirərkən deyib.

Markovun sözlərinə görə, İranın parçalanması böyük güclər üçün arzulanan deyil:

“Ölkəni böldükdən sonra onu kim idarə edəcək? İsrail bunu bacara bilməz. ABŞ-ın isə başqa ölkələrin idarəçiliyi ilə bağlı təcrübəsi uğurlu olmadı, Əfqanıstanda, İraqda, Suriyada iflasa uğradı. ABŞ hazırkı dini rejimin devrilməsini istərdi. Lakin İranın idarəçilik öhdəliyini öz üzərlərinə götürmək istəməz. Çünki digər ölkələr kimi İranda da uğursuzluğa düçar olmaqdan ehtiyat edirlər. Hətta dəyişiklikdən sonra İranda xaos olmasın deyə nəzarət edən lazımdır. Qərbin İrana münasibətdə iki konsepsiyası var: Biri İranla düşmənçiliyə son qoymaq, nüvə razılşaması ilə bağlı danışaqlara yenidən qayıtmaq, İranın yeni prezidentini “İranın Qorboçovu” kimi qəbul etmək və islahatçı prezidentin hakimiyyəti tam əlinə almasına yardım etməkdir. Bu konsepsiya daha çox Avropa ölkələrinə məxsusdur. İkinci konsepsiya isə Trampla bağlıdır. Trampa görə, İran İsrailin və ABŞ-ın ekzistensial düşmənidir. Bu məqsədlə İrana güclü təzyiq etmək lazımdır. Hətta Tramp nüvə obyektlərinin vurulmasına çağırışlar belə edib.

Lakin ABŞ-ın indiki administrasiyası Qərb və Tramp variantı arasında bir mövqedədir: həm İranın modernləşməsinin, həm də sərt tədbirlər görülməsinin tərəfdarıdır. Dalğavari mövqe nümayiş etdirir”.

İran və İsrail arasında hazırkı münasibətlərdən danışan politoloq hadisələrin necə inkişaf edə biləcəyinə də diqqət çəkib:

“Tehran, əlbəttə, strateji baxımdan istərdi ki, İsraili məhv etsin. Lakin praktik nöqteyi-nəzərdən müxtəlif proksilərə malik olduğu bir vaxtda İran İsraillə gedən mübarizədən razıdır. İranın proksi yaratmaq imkanı böyükdür. Lakin İsrail belə bir proksi müharibəsi aparmağa qadir deyil. Kimi toplayacaq? İranın ətrafında əsasən müsəlmanlar toplaşıb və onlar arasında İsrail tərəfdarı tapmaq asan məsələ deyil. Bu baxımdan İsrailin mövqeyi zəifdir. Lakin İsrail raket müharibəsi apara bilir. Döyüş təyyarələri var ki, bu, İranda yoxdur. Olanlar da köhnədir və İsrail bu istiqamətdə daha güclüdür. Raketləri və raketdən müdafiə sistemləri daha yaxşıdır. Lakin bir məsələ var ki, İsrailin bu raketləri bahalıdır və azdır. Bu silahları özü istehsal etmir. Onu ABŞ və avropalılar istehsal edib İsrailə çatdırmalıdır. İranda isə ucuzdur və özü istehsal edir. Ona görə də bəziləri hesab edir ki, qısa raket müharibəsində İsrail, amma uzunmüddətli müharibədə İran udacaq. Odur ki, proksi müharibəsi İrana sərf edir və bu müharibəni davam etdirmək istəyir, lakin raket müharibəsindən yayınacaq”.

Markov bildirib ki, Yaxın Şərqdə uzunmüddətli münaqişə nüvə silahının işə düşməsi ilə yekunlaşa bilər ki, bu, dünya ölkələri üçün təhlükəlidir:

“Böyük müharibənin ssenarisi bundan ibarətdir ki, İsrail və İran bir-birinə raket hücumları edir, eskalasiya başlayır, sonra diversiya xarakterli terror müharibəsi aparırlar. Qərb burada çox çətin bir vəziyyətdə qalmış olur. Həm Qərb iki müharibəni maliyələşdirmək məcburiyyətində qalmalı olacaq. Qərbin həm Ukrayna-Rusiya, həm də İran-İsrail müharibəsinə yetəcək silahı yoxdur. Məcbur olub, öz hərbi iqtisadiyyatını işə salmalı olar ki, bu da iqtisadi sistemdə güclü dəyişiklik yaradardı. Siyasi resursları da tükənmiş olar, iki müharibəni eyni anda aparmaq çətindir. Müharibə davam etsə, İranın qüdrəti getdikcə meydana çıxacaq. Müttəfiq islam ölkələri ona tərəf meyil edəcək və İsrailin mövcudluğuna getdikcə təhlükə yaranacaq. Bu isə Qərbi öz hərbi kontingentini Yaxın Şərqə döyüşə göndərməyə gətirib çıxardar.

Daha bir təhlükə isə neftin qiyməti ilə bağlı olacaq. Yaxın Şərqdə müharibə neftin qiymətinə təsir edə bilər. Avropa iqtisadiyyatı neft və qazın qiymətinin artması fonunda böyük çətinliklə üzləşə bilər. Hətta Yaxın Şərqdə hadisələr nüvə silahından istifadəyə kimi inkişaf edə bilər. İsrail İrandan hücum təhlükəsi görsə, tərəddüd etmədən nüvə silahını işə salacaq. Ola bilsin ki, İran nüvə təhlükəsi olacağından ehtiyat etdiyi üçün öz atom silahının əldə olunmasını sürətləndirir və nail olsa, o da İsrailin nüvə hücumuna cavab verəcək ki, bu da dünyada qlobal vəziyyəti dəyişər”.

Chosen
123
50
axar.az

10Sources