EN

Yurgen Klopp “Red Bull”da işləmək qərarına gəlməsini əsaslandırdı

Məşhur alman mütəxəssis Yurgen Klopp “Red Bull” şəbəkəsində futbol əməliyyatlarının rəhbəri vəzifəsinə təyinatı haqda qərarını şərh edib.

Arena.az “This is Anfield” dərgisinə isitnadən, alman mütəxəssisin bu barədə fikrini təqdim edir:

“Bir neçə ay əvvəl demişdim ki, mən özümü daha məşqçi xətti üzərində görmürəm və bu hələ də doğrudur. Amma yenə də futbolu sevirəm və işləməyi də xoşlayıram. “Red Bull” mənə bunun üçün mükəmməl müstəvi verir. İllər boyu topladığım təcrübəmi bölüşmək istəyirəm.

Hamımız bilirik ki, daha uğurlu məşqçilər var, amma karyeramda yüksəlmək üçün mübarizə aparmışam, aşağı liqaya düşməyə qarşı mübarizə aparmışam, qənimətlər və kuboklar üçün mübarizə aparmışam. Bəzən uğursuz olduq, bəzən də bacardıq. Bununla məşğul olmaq asan deyil, amma mümkündür. Sonra, mən yenidən oxumaq istəyirəm, çünki iş başında olanda və üç gündən bir oynamaq məcburiyyətində qalanda buna çətinliklə vaxt tapırsan”, deyə Yurgen Klopp qərarını əsaslandırıb.

Qeyd edək ki, alman mütəxəssis yanvarın 1-dən “Red Bull” şəbəkəsində futbol əməliyyatlarının qlobal rəhbəri vəzifəsində işinə başlayacaq. Klopp “Leypsiq”, “Zalsburq”, “Nyu-York” klublarının, həmçinin Braziliya və Yaponiyadakı iki komandanın inkişaf strategiyasına cavabdeh olacaq. Alman mütəxəssislə uzunmüddətli müqavilə bağlandığı vurğulanır. Klopun Almaniya yığmasının baş məşqçisi vəzifəsinə dəvət ediləcəyi təqdirdə, alman mütəxəssisin öz müqaviləsinə xitam vermək hüququna malik olduğu da nəzərdə tutulub.

Yurgen Klopp daha öncə “Liverpul”da, Dortmund “Borussiya”sında və “Maynts”da, həmçinin “Ayntraxt”ın gənclərdən ibarət komandasında baş məşqçi olub.

Chosen
11
arena.az

1Sources