EN

Deputat: “Bütün bu təzyiq və qarayaxma kampaniyaları əbəsdir”

Məlum olduğu kimi, hazırda bir sıra qüvvələr ölkəmizə qarşı yeni təzyiq kampaniyasına başlayıblar. Bütün bunlar Azərbaycanın COP29-a ev sahibliyi etməsini hədəf alıb. Hamımız xatırlayırıq ki, oxşar təzyiq kampaniyaları vaxtilə “Avroviziya”, Avropa Oyunları və digər bu kimi beynəlxalq tədbirlərə ölkəmiz ev sahibliyi edərkən də həyata keçirilirdi.

Lakin hazırkı qarayaxma kampaniyası əvvəlki illərdə olanlarla müqayisədə daha intensivdir. Bu da onunla bağlıdır ki, bu kampaniyanı aparan qüvvələr ölkəmizin Ermənistanın qətliam və kütləvi şəkildə dağıntı törətmiş işğalçı ordusunu məğlub etməsini, öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsini həzm edə bilmirlər. Amerika Birləşmiş Ştatlarının (ABŞ) bu qüvvələrin sırasında yer alması təəssüf hissi doğurur.

Bunu açıqlamasında Milli Məclisin deputatı Qaya Məmmədov söyləyib.

“İlk öncə qeyd edək ki, Azərbaycan hökuməti və parlamenti ABŞ ilə ikitərəfli münasibətlərə hər zaman böyük əhəmiyyət verib və konstruktiv davranıb. İkitərəfli münasibətlərdə indiyədək əldə olunmuş müsbət inkişafların əksəriyyəti məhz Azərbaycan tərəfinin səyləri sayəsində ərsəyə gəlib.

ABŞ müstəqilliyimizin ilk günlərindən başlayaraq Konqres vasitəsilə ölkəmizə qarşı davamlı şəkildə zərərli addımlar atıb. Azərbaycanın öz suverenliyini bərpa etməsi ilə bu kampaniya daha da şiddətlənib. Konqresdə son bir il ərzində Azərbaycan əleyhinə 16 qanunvericilik təşəbbüsü irəli sürülüb. Onların hamısı beynəlxalq hüquqa və BMT Nizamnaməsinə ziddir.

ABŞ-da bir qrup senator və konqresmenin ötən həftə bu ölkənin Dövlət katibinə göndərdiyi müraciət Azərbaycan tərəfinin səbrini daşıran son damla oldu. Bu məsələyə ölkə rəhbərliyi səviyyəsində münasibət bildirilib və biz, Milli Məclisin bir qrup deputatı ABŞ ilə münasibətlərin yenidən nəzərdən keçirilməsi təklifi ilə Xarici İşlər Nazirliyinə müraciət etmişik.

Prezident İlham Əliyevin Cəbrayılda etdiyi çıxışında vurğuladığı bir məsələnin – Konqresdən Dövlət katibi Antoni Blinkenə göndərilmiş müraciətin əslində Dövlət Departamentində yazılması məsələsinin üzərində xüsusilə dayanmaq istərdim. Hamı bilməlidir ki, ABŞ-ın “Azadlığı dəstəkləmə aktı” adlı qanununa 1992-ci ildə edilmiş düzəlişdən (907-ci maddə) başlamış Dövlət katibinə ötən həftə ünvanlanmış müraciətə qədər, Konqresdə irəli sürülmüş anti-Azərbaycan xarakterli bütün təşəbbüslərinin müəllifi elə ABŞ hökumətinin özü olub. “Erməni lobbisinin”, “Konqresin və hökumətin tamamilə fərqli mövqelərdə olması” kimi bəhanələrə daha heç kim inanmır. Bu, əlbəttə çoxdan məlum olan məsələ idi. Lakin biz bunu bildiyimizi nəzakət xatirinə dilə gətirmirdik. Artıq Azərbaycan ictimaiyyəti bütün bunları bilir”,- deyə deputat bildirib.

O əlavə edib ki, ABŞ hökuməti ikitərəfli əməkdaşlığa böyük zərbə vurub: “Bu, ABŞ-ın 2001-ci ildə Əfqanıstanda əməliyyat başlayanda Azərbaycana ehtiyacı yarandığı üçün 907-ci maddənin qüvvəsini dayandırması və Əfqanıstanda əməliyyat bitən kimi onu yenidən aktivləşdirməsidir. Qeyd edək ki, ABŞ Prezidenti səlahiyyəti olduğu halda, ötən il 907-ci düzəliş çərçivəsində ölkəmizə qarşı sanksiyaları dayandırmaqdan imtina edib.

Bir milyona yaxın azərbaycanlının Ermənistan tərəfindən zorla qovulmasına, qətliama məruz qalmasına, onların qayıdış hüququn pozulmasına onilliklər ərzində biganə qalmış ABŞ-ın saxta əsaslarla humanitar hüquq və insan hüquqları arqumenti ilə ölkəmizə qarşı iradlar irəli sürməyə başlaması tamamilə qəbuledilməzdir.

Bütün bunlar qarşılıqlı etimadı əsaslı şəkildə sarsıtmış və ikitərəfli əməkdaşlıqda onilliklər ərzində əldə edilmiş bir çox nailiyyətlərin üstündən xətt çəkib.

ABŞ tərəfinin müstəqilliyimizin ilk günlərindən başlayaraq bu günədək fasiləsiz şəkildə davam edən təzyiqləri təkcə ölkəmizin rəhbərliyinə və siyasi sisteminə qarşı deyil, bütövlükdə Azərbaycan xalqına, onun siyasi müstəqilliyinə və suverenliyinə qarşı yönəlib.

Bütün bu təzyiq və qarayaxma kampaniyaları əbəsdir. Onların ikitərəfli münasibətlərə zərər vurmaqdan başqa heç bir təsiri ola bilməz. İkitərəfli münasibətləri qoruyub saxlamaq yalnız bir tərəfin səyləri ilə mümkün deyil. Biz ABŞ-dan olan tərəfdaşlarımıza çağırış edirik ki, qərəzli və zərərli yanaşmalardan əl çəksinlər və iki ölkənin ortaq maraqları naminə dialoq və əməkdaşlıq yolunu seçsinlər”.

 

Chosen
24
xalq.az

1Sources