Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəsi başlayanda Belarusun prezidenti Aleksandr Lukaşenko o qədər qorxub ki, Belarusdan Polşa vasitəsilə qaçmaq planını fikirləşib.
Lent.az xarici mediaya istinadla bildirir ki, bu barədə journalist, X sosial şəbəkəsində beynəlxalq əlaqələr üzrə reportajların müşahidəçisi, publicist Zbiqnev Parafyanoviç özünün “Polşa müharibədə” (Polska na wojnie) adlı kitabında yazıb,
Onun məlumatına görə, Lukaşenko bu barədə Varşava ilə danışıqlar aparmağa çalışıb. O, Rusiya hökumətinin onun təyyarəsinin Belarus ərazisindən qalxmasına icazə verməyəcəyindən ciddi narahat olub.
“Sonda Lukaşenkonun özü o qədər qorxub ki, müxtəlif kanallar vasitəsilə Varşavadan onun sərhədi keçməsinə, sonra isə ən yaxın hava limanından uçmasına icazə verilib-verilməyəcəyini soruşub. O bilirdi ki, işlər pis getsə, ruslar onu öz hava məkanına buraxmayacaqlar”, - kitabda vurğulanır.
Parafyanoviç yazır ki, Polşa hökuməti Lukaşenkonun Ukraynadakı müharibəyə qoşulmaq qərarına gəlməsindən narahat olub. Bu baxımdan Varşava Belarus ordusunun arxasına Polşa təxribat qruplarını göndərməklə xaos yaratmağın mümkün olacağı ssenari hazırlayıb.
Kitabın müəllifi anonim mənbələrə istinad edir. Onun özü iddia edir ki, Polşa hökumətinin və prezident aparatının yüksək vəzifəli üzvləri, ordu və kəşfiyyat zabitləri ilə danışıb.
Bundan əlavə, kitabda qeyd edilir ki, Polşa xüsusi təyinatlıları 2022-ci ilin martında Belarusda danışıqlarda iştirak edən Ukrayna nümayəndələrinin təhlükəsizliyinə zəmanət verib.