EN

Fazil Qasımovun anası Prezidentə müraciət etdi: “121 gündür ki, acdır balam…”

34 yaşlı alim məhkəməsinə qoltuq ağacları ilə gəldi: "Qolumu elə burdular ki, elə bildim qırıldı”

İstanbul Universitetinin azərbaycanlı doktorantı, 2023-cü ilin avqustunda Türkiyədə saxlanılaraq Bakıya gətirilən Fazil Qasımov 1 il 2 aydır ki, həbsdədir. 

Qanunsuz və əsassız həbs olunduğunu deyərək 121 gündür ki, aclıq aksiyası keçirən 34 yaşlı Fazil Qasımov artıq sərbəst hərəkət qabiliyyətini itirib və oktyabrın 10-da məhkəməsinə qoltuq ağacları vasitəsilə gətirilib.

Fazil Qasımovun işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahirə Kərimovanın sədrliyilə baxılır.

Oktyabrın 10-da keçirilən məhkəmə prosesində Fazil Qasımov bildirib ki, onun haqqında cinayət işinə xitam verilməsi üçün bir sıra yeni sübutları var.

Təqsirləndirilən alim şikayətlənib ki, son vaxtlar Penitensiar Xidmətin əməkdaşları tərəfindən sistemli şəkildə zorakılığa, qeyri-insani rəftara məruz qalır. O, zorakılıq faktlarının araşdırılması və tədbiri görülməsi haqda vəsatət qaldırıb: "Keçən məhkəmə iclası bitəndən sonra qolumu elə burdular ki, elə bildim qırıldı. Qışqırdım. Kameraların qarşısında mənə qarşı zorakılıq edirlər, heç bir tədbir də görülmür. Ombudsmana da dedim, yenə də tədbir görülmədi”.

Fazil Qasımov onun, eləcə də Azərbaycan Demokratiya və Rifah (ADR) Partiyasının keçmiş sədri, professor Qubad İbadoğlunun işi üzrə Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsində istintaqı aparmış müstəntiq Yusif Yusifovun psixiatrik ekspertizadan keçirilməsi barədə vəsatət qaldırıb: "O, şəxsi həyatın toxunulmazlığı psinsipinə əməl etməyən biridir. Cəmil Həsənlinin, Qubad İbadoğlunun şəxsi həyatına aid məlumatları yayıb. Bunu sübut etmək üçün 2024-cü ilin aprel, may, iyun aylarında Nərimanov Rayon Məhkəməsində mənimlə bağlı məhkəmə nəzarəti qaydasında keçirilən məhkəmə proseslərinin videogörüntülərinə baxmaq kifayətdir. Həmin məhkəmə proseslərində işə heç bir aidiyyəti olmadığı halda, bu şəxs Cəmil Həsənlinin qızı, nəvəsi haqqında danışırdı. Mental baxışı sağlam insan belə davranarmı? Sağlam olmayan insan da normal istintaq apara bilməzdi. Ona görə xahiş edirəm, ekspertiza keçirilsin, o görüntülər də ekspertizaya təqdim edilsin”.

Fazil Qasımov deyir ki, onu Türkiyədə saxlayıb, özəl təyyarə ilə Bakıya – Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə ("banditizm”) gətiriblər. Amma sənədlərdə belə rəsmiləşdirilib ki, onu bu idarənin əməkdaşları Bakıda hava limanında saxlayıblar: "Guya məni Türkiyədən deportasiya ediblər, mən Bakıya hava limanına çatmışam. İdarəyə də məlumat daxil olub ki, mən hava limanındayam. Onlar da dərhal gəlib məni götürüblər. Əlbəttə ki, yalandır, məni qandallayıb, özəl jetlə İstanbuldan Bakıya gətiriblər. Bu məsələni araşdırmaq üçün xahiş edirəm, "banditizm”in əməkdaşları Hatəm Əliyev və Şamil Əliyevin pasportlarına baxış keçirilsin”.

Tutularkən işgəncələrə məruz qaldığını xatırladan Fazil Qasımovun sözlərinə görə, Kürdəxanıda yerləşən Bakı İstintaq Təcridxanasının rəis müavini Ceyhun Hacıyev də bədənindəki xəsarət izlərini görüb. O, rəis müavininin məhkəmədə dindirilməsi barədə vəsatət qaldırıb.

Fazil Qasımov əvvəllər onunla eyni cinayət işi üzrə təqsirləndirilsə də, sonradan ev dustaqlığına buraxılan, bir müddət öncə isə ümumiyyətlə, işi ayrılan Qubad İbadoğlu və onun vəkilləri Zibeydə Sadıqova ilə Şəhla Hümbətovanın da məhkəmədə şahid qismində dindirilməsi barədə vəsatət qaldırıb.

Təqsirləndirilən alimin məhkəmədə şahid kimi dindirilməsini istədiyi şəxslər arasında Bakı İstintaq Təcridxanasının rəisi Elnur İsmayılov da vardı: "6 oktyabr 2023-cü ildə yalan ifadəni təsdiqləməkdən imtina etdiyimə görə Elnur İsmayılov məni hədələmişdi. Məni nalayiq hərəkətlərlə şantaj etmişdi”.

Fazil Qasımovun növbəti vəsatəti isə cinayət işinin materialları ilə tanış olmasına şərait yaradılması olub.

O, ümumilikdə 16 vəsatət qaldırıb. Bu vəsatətlərdən yalnız biri – iş materialları ilə tanış olması təmin edilib.

Məhkəmə prosesi oktyabrın 31-nə qədər təxirə salınıb.


Tahirə Qasımova. 
Foto: Meydan TV

Məhkəmə prosesindən sonra Fazil Qasımovun anası Tahirə Qasımova media vasitəsilə Prezident İlham Əliyevə müraciət edib. Övladının heç bir cinayət törətmədiyini və təqsirsiz olduğunu deyən Tahirə Qasımova onun azadlığa buraxılmasını xahiş edib: "121 gündür ki, acdır balam, ölüm ayağındadır…”.

Qubad İbadoğlu 2023-cü il iyulun 23-də saxlanılıb, həmin gün ona qarşı Cinayət Məcəlləsinin 204.3.1 maddəsi ilə ittiham irəli sürülüb. 

Ertəsi gün Nərimanov Rayon Məhkəməsində onun barəsində ilkin istintaq dövrü üçün 3 ay 26 günlük həbs qətimkan tədbiri seçilib.

Qubad İbadoğlu saxlandığı gün ofisdə keçirilən axtarışda 40 min dollar pul tapıldığı, onun bir hissəsinin saxta olduğu iddia olunur.

Təqsirləndirilən iqtisadçı bildirib ki, həmin pulun ona heç bir aidiyyəti yoxdur və ora polislərin özləri yerləşdirib, sonra da götürüblər.

Qubad İbadoğlunun həbsindən az sonra – avqustun 8-də Fazil Qasımov Türkiyədə saxlanılaraq, Azərbaycana gətirilib. Ona da eyni maddə ilə ittiham verilib.

Avqustun 25-də Qubad İbadoğluya Cinayət Məcəlləsinin 167-3.1-ci (dini ekstremist materialları hazırlama, saxlama, yayma) maddəsilə yeni ittiham elan olunub.

Qubad İbadoğlu həbs olunduğu gün axtarışdan sonra binadan çıxarılıb aparılarkən Prezident İlham Əliyevin sifarişilə həbs olunduğunu bildirib.

O, aprelin 22-də həbsdən buraxılıb. 

Ev dustaqlığına buraxılandan təxminən 20 gün sonra – mayın 14-də sədri olduğu Azərbaycan Demokratiya və Rifah Partiyasının fəaliyyətinin dayandırılması barədə qərar qəbul edilib.

ADR İdarə Heyəti partiyanın fəaliyyətini dayandırmasını qeydiyyata alınmamasıyla izah edib.

Qubad İbadoğlu ev dustaqlığına buraxılsa da, sonradan bu qətimkan tədbiri "polis nəzarətinə vermə” ilə əvəz olunub.

Chosen
7
9
arqument.az

10Sources