EN

Şirvan və Soyuqbulaq külmələri

İxtioloqların fikrincə, ölkəmizdə 112 növ və yarımnöv balıq müəyyən edilmişdir. Onların iki növü endemikdir. Yəni onlara ancaq Azərbaycan ərazisində rast gəlinir. Şirvan külməsi və Soyuqbulaq külməsi adlı bu balıqlar çəkilər fəsiləsinə aiddir. Xatırladaq ki, Azərbaycanda 15 dəstəyə aid balıq növləri mövcuddur ki, bunların da bir neçəsi ölkəyə gəlirilərək iqlimləşdirilmişdir. Şirvan külməsi və Soyuqbulaq külməsi isə heç yerdən gətirilməyib və heç yerə aparılmayıb.

Alimlərin fikrincə, külmələrə aid balıq növlərinin böyük əksəriyyəti Aralıq dənizi akvatoriyasında yayılmışdır. Azərbaycan ərazisində isə onların bir çox növləri yayılmışdır.

Şirvan külməsi Qəbələ rayonunun Türyançay sistemindəki bulaq sularında (Nic və Çuxur Qəbələ kəndlərində olan bulaqlarda) yayılmışdır. Təəssüf ki, həm arealın məhdudluğu, həm də onların yayıldığı sahələrin çirkləndirilməsi, qurudulması və başqa səbəblər (antropogen təsirlər) bu növə təhlükə yaradır. Xəbərdarlıq edilir ki, Şirvan külməsinin endemik növ olmasını və məhdud sahədə yayılmasını nəzərə alaraq, onun yayıldığı ərazi xüsusi mühafizə olunan ərazi elan olunmalıdır.

Mütəxəssislər yazırlar ki, Şirvan külməsi xarici görünüşcə Soyuqbulaq külməsinə oxşayır. Lakin ondan bir sıra əlamətlərinə görə fərqlənir. Soyuqbulaq külməsinin başı uzun, alnı enli, gözdalı məsafə az olur. Şirvan külməsində ağzın zirvəsi gözün alt kənarından yuxarı səviyyədə, Soyuqbulaq külməsində isə gözün alt kənarından aşağı və ya onunla eyni səviyyədə yerləşir. Birincidə üzmə qovuğunun dal kənarı girdə, ikincisində isə sivri olur.

Şirin su balığı olan Şirvan və Soyuqbulaq külmələri meşəlik yerlərdəki bataqlığa bənzər bulaq sularında yaşayır. Dibi lilli, içərisində qamış bitən, zəif sürətlə axan çayları çox sevir. Əlavə edək ki, Soyuqbulaq külməsi ilk dəfə ixtioloq alim Yusif Əbdürrəhmanov tərəfindən – 1950-ci ildə Ağstafa rayonu ərazisində, Kür çayı akvatoriyasında aşkarlanmışdır.

İ. QAÇAYEV

Chosen
24
xalqqazeti.az

1Sources