EN

"Hamının yalan danışdığı zamanlar..."

 Çingiz Sultansoy
 
Hamının yalan danışdığı zamanlarda həqiqəti söyləmək ekstremizmdir. 
                                                                      (Corc Oruell)

XXI yüzillikdə də güldən-bülbüldən yazmağın əleyhinə deyiləm. Amma güldən-bülbüldən yazan həmkarlara, qələm dostlarıma xatırladıram ki,  Məhəmməd Füzuli hələ XVI,  Molla Pənah Vaqif XVIII, Qasım bəy Zakir XIX yüzilliklərdə yazdığı şerlərdə sosial-siyasi motivlər vardı, Sabirdə isə (XIX-XX) çoxdu. 

Vaxtilə Füzuli, Vaqif, Şirvani, Cəfər Cabbarlı, - sırf sovet yox, - Hüseyn Cavid, Almas Yıldırımın və başqalarını kimi, qələmə aldıqları mövzuları günə uyğun yazmadan, yalnız güldən-bülbüldən yazmaqla qənaətlənmək, indidən, mürəkkəbi qurumamış köhnəlmək deməkdir. 

İstedadına güvənən, iddialı qələm sahibi razılaşmaz, məncə, sizlərə bir yaxşı oxucunuz kimi deyirəm bunu.

Corc Oruell (1903, Hindistan - 1950, Böyük Britaniya) XX əsrin ən böyük ingilis yazıçılarındandır. Bizim adamdır -  jurnalist, radioaparıcı, publisist, memuarist də olub.  Əsərlərində avtoritarizmi, totalitarizmi, senzuranı tənqid edib yox, söküb-dağıdıb, gülüş hədəfinə çevirib. 

Ən məşhur əsərləri "Heyvan ferması” (1945) povesti və "1984” (1948) romanıdır. 

Dostlar dedi,  "Heyvan ferması” Azərbaycan dilində var. Oxuyun, ləzzət alacaqsınız, indi həyatda gördüyünüz adamları, məmurları, əməllərini-sözlərini 80 il əvvəl yazılmış povestdə tanıyıb güləcəksiniz. 

Oruellin ədəbi-publisistik irsi çağdaş dünyaya, tək ədəbiyyata, jurnalistikaya yox, siyasi mədəniyyətə də önəmli təsir göstərib. Məsələn, siyasi termin kimi işlədilən, bu gün də qaynar, odlu davamını Ukraynada gördüyümüz "Soyuq müharibə" söz birləşməsi çoxlarının düşündüyü kimi İngiltərənin Baş naziri Çörçillin yox, Oruelindir. 

Uinston Çörçill məşhur çıxışında işlətdiyi, dərhal bütün dünyaya termin kimi yayılan "Soyuq müharibə" sözlərini Oruellin essesindən oxuyub götürüb. 

"Düşüncə polisi", "Böyük qardaş", "ikili düşüncə" və s. neologizmlər də Oruellin qələmindən qəlib, görün "Böyük qardaş" indi necə geniş istifadə olunur...

Ruhun şad olsun, ustad!
Chosen
36
13
arqument.az

10Sources