EN

Azərbaycanda taxıl istehsalında məhsuldarlığın artırılması üçün nüvə texnologiyasının tətbiqi müzakirə olunur

Azərbaycanda resursların effektiv idarə olunması iqlim dəyişikliyinin təsirlərinin minimuma endirilməsinə imkan verəcək.

Bunu Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri Azad Cəfərli Azərbaycanda səfərdə olan Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin (AEBA) eksperti Qreyg Makkenzi ilə görüşdə deyib.

Görüşdə buğda və arpa istehsalında "ağıllı" kənd təsərrüfatı üzrə təcrübə mübadiləsi məsələsi müzakirə olunub.

"Müasir dövrdə kənd təsərrüfatında geniş şəkildə tətbiq edilən innovativ metodlar ərzaq təhlükəsizliyinin gücləndirilməsi və ətraf mühitə mənfi təsirlərin azaldılmasında mühüm rol oynayır. Kənd təsərrüfatının məhsuldarlığının artması ilk növbədə stress amillərinə davamlı, yerli şəraitə adaptasiya olunan məhsuldar bitki sortlarının yaradılmasından, kənd təsərrüfatı səviyyəsində mədəni və texnoloji dəyişikliklərin qəbul edilməsindən asılıdır. Kənd təsərrüfatının iki əsas sahələrindən biri olan bitkiçilik məhsullarının istehsalında və ərzaq təhlükəsizliyinin təmin edilməsində taxıl bitkiləri (buğda, arpa, çəltik və qarğıdalı) əhəmiyyətli rol oynayır. Bu baxımdan torpaq, qida maddələri, sudan səmərəli şəkildə istifadə və həmin resursların effektiv idarə olunması Azərbaycanda bitkiçilik sahəsində məhsuldarlığın artmasına, iqlim dəyişikliyinin təsirlərinin minimuma endirilməsinə imkan verəcək", - A. Cəfərli bildirib.

Görüş zamanı taxıl istehsalında məhsuldarlığın artırılması və istehsalın dayanıqlılığının təmin edilməsində stress amillərinə davamlı taxıl sortlarının əhəmiyyəti vurğulanıb, nüvə texnologiyasının və müvafiq metodların tətbiqinin aktual məsələlərdən olduğu qeyd olunub. Görüşdə həmçinin, seleksiya işlərində nüvə texnologiyasının tətbiqi təcrübəsi, təklif edilən texnologiyanın seleksiya prosesinin qısaldılmasında rolu və əldə edilmiş nəticələr müzakirə olunub. Tərəflər bitkiçilik sahəsinin inkişafına verdiyi töhfələri nəzərə alaraq gələcəkdə də bu əməkdaşlığın davam etdirilməsinin vacib olduğunu bildiriblər.

Chosen
29
26
sam.az

10Sources