2024-cü il oktyabrın 25-26-da Azərbaycan Oftalmoloqlar Cəmiyyəti və Türk Cümhuriyyətləri Oftalmoloji Dərnəyinin birgə təşkilatçılığı ilə Şəkidə II Beynəlxalq Simpozium keçirildi.
“Yeni Gundem” xəbər verir ki, simpoziumun məqsədi oftalmologiya sahəsindəki son yenilikləri və nailiyyətləri müzakirə etmək, beynəlxalq təcrübələri öyrənmək, təkliflər irəli sürmək və regionun eləcə də xarici ölkələrin oftalmoloqlarının bu yeniliklərdə iştirakını təmin etmək idi. Həmçinin, oftalmologiyanın beynəlxalq standartlara uyğunlaşdırılması simpoziumun əsas mövzuları sırasında yer aldı.
Simpozium həm də Türkiyə və Azərbaycan arasında oftalmologiya sahəsində möhkəm əməkdaşlığın nümunəsi kimi çıxış etdi və iki ölkənin tibbi sahədə qarşılıqlı dəstəyini bir daha gücləndirdi.
Simpoziumda Azərbaycanın tanınmış alimləri, Bakı və regionlardan gələn həkim heyəti ilə yanaşı, qardaş Türkiyədən, eləcə də Rusiya, Qazaxıstan, Tacikistan və Özbəkistandan gələn oftalmoloqlar da iştirak edərək öz məruzələrini təqdim etdilər.
Tədbirin açılışı Türk Cümhuriyyətləri Oftalmoloji Dərnəyinin Onursal Başqanı Sunay Duman, TCOD-un Genel Başkanı Prof. Öner Gelişken, akad. Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Elmi işlər üzrə direktor müavini, t.e.d. Hicran Namazova və Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin sədr müavini, t.e.d. Yazgül Abdıyeva tərəfindən həyata keçirildi.
Simpoziumda həmçinin akad. Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin direktor müavini, dr. Ceyhun Nəzərli iştirak edirdi.
Simpoziumun açılışında Sunay Duman və Öner Gelişken çıxış edərək tədbirin məqsədi və əhəmiyyəti barədə danışdılar. Onlar Azərbaycan Oftalmoloqlar Cəmiyyəti (AOC) ilə Türk Cümhuriyyətləri Oftalmoloji Dərnəyi (TCOD) arasında olan əlaqələrin oftalmologiya sahəsində tibb elminin inkişafına və təcrübə mübadiləsinə böyük töhfə verdiyini vurğuladılar. Həmçinin, bu əlaqələrin iki qardaş xalq arasında dostluq və əməkdaşlığı gücləndirdiyini xüsusi qeyd etdilər. Bu simpoziumun qarşılıqlı əlaqələrin inkişafında uğurlu bir mərhələnin olduğu ifadə edildi.
Daha sonra t.e.d.Hicran Namazova çıxış edərək qonaqları salamladı. O, konfransın işinə uğurlar arzulayaraq qeyd etdi ki, belə beynəlxalq simpoziumlar Azərbaycan oftalmologiyasının inkişafına və ölkələrarası elmi əlaqələrin daha da möhkəmlənməsinə böyük töhfə verir.
AOC-un sədr müavini, t.e.d. Yazgül Abdıyeva isə öz çıxışında Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin fəaliyyəti, ölkədə oftalmoloji yardımın keyfiyyətinin yüksəldilməsi və optimallaşdırılması istiqamətində görülən işlərdən bəhs etdi. Görmə qabiliyyəti məhdud olan şəxslərin sayının azaldılması və korluğun qarşısının alınması üçün mühüm addımlar atıldığını qeyd edən Y. Abdıyeva, xüsusilə akad. Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin səyyar klinikasının fəaliyyəti haqqında geniş məlumat verdi. Səyyar klinikanın işğaldan azad olunmuş Laçın, Zəngilan və Füzuli kimi bölgələrdə keçirdiyi aksiyaların uğurla həyata keçirildiyini, bu təşəbbüslərin davamlı olacağını və yaxın gələcəkdə Xankəndi və Şuşada da keçiriləcəyini bildirdi.
Yazgül Abdıyeva çıxışının sonunda, AOC-un sədri, professor Elmar Qasımovun akad. Zərifə Əliyevanın zəngin irsinə sadiq qalaraq, mərkəzin inkişafına və Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin uğurlarına verdiyi dəstəyin əhəmiyyətini vurğuladı. Onun təşəbbüsü ilə bir çox yerli və beynəlxalq konfransların, təlimlərin və kursların təşkil edildiyini, habelə Səyyar Klinika vasitəsilə mütəmadi olaraq keçirilən tibbi aksiyaların Azərbaycanın hər yerində əhaliyə oftalmoloji xidmətlərin çatdırılmasına xidmət etdiyini qeyd etdi. Bu fəaliyyətlər akad. Zərifə Əliyevanın irsinin yaşadılması və Azərbaycan tibb sahəsində onun dəyərli töhfələrinin gələcək nəsillərə çatdırılması baxımından xüsusi əhəmiyyət kəsb edir.
Tədbirin moderatorları sırasında Prof. Akkaya Z.Y., t.ü.f.d. Həsənov C.V., Dr. Mukhatayeva G.K., t.ü.f.d. Əliyev X.D., Prof. Karabaş L.V., t.e.d. Kərimov M.İ., t.ü.f.d. Əsədova Ş.A., t.ü.f.d. Həsənova N.A., Prof. Mutlu F.A., Dr. Zaynutdinov N.N., t.ü.f.d. Axundova L.Ə., t.e.d. Qəlbinur T.P., Prof. Yılmaz G., t.ü.f.d. Balayeva R.N., Prof. Karslıoğlu Ş., Dr. Tashmukhamedov A.U., t.e.d. Bağırov N.Ə., Dr. Demirok G., Dr. İbadov S.Ə., Prof. Selina O.M., t.ü.f.d. Əkbərova A.T., Dr. Əlihüseynli E.H., Dr. Çakır B. və Dr. Gökğit B. yer aldılar.
Simpoziumda “Qlaukoma zamanı minimal invaziv əməliyyatlar”, “Sadədən mürəkkəbə keratoplastikalar”, “Akad. Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Şəki filialının 5 illik fəaliyyətinin təhlili”, “Üzdəki epilyasiyadan sonra lazerin səbəb olduğu ağır makula atrofiyası”, “Buynuz qişa perforasiyasının idarə edilməsi” və “Uşaqlarda travmatik kataraktanın cərrahi müalicəsi” kimi mövzular ətrafında geniş müzakirələr aparıldı.
Sonda iştirakçılara sertifikatlar təqdim edildi.