EN

Taxıl istehsalında “nüvə texnologiyası”

“Ağıllı” bitkiçilik məhsuldarlığı yüksəldir

1991-ci ildə Azərbaycanda 1 milyon 346,4 min ton taxıl məhsulları, o cümlədən 889,4 min ton buğda istehsal olunmuşdusa, 2023-cü ildə bu göstəricilər müvafiq olaraq 3 milyon 248,6 min ton (2,4 dəfə çox) və 1 milyon 833,9 min ton (2,1 dəfə çox) təşkil edib.

Bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov Bakıda keçirilən “İqlim dəyişikliyi fonunda dayanıqlı ərzaq təhlükəsizliyi” mövzusunda konfransda bildirib: “Azərbaycan SSRİ dövründə buğda ilə özünü təqribən 30 faiz səviyyəsində təmin edirdisə, hazırda bu göstərici, təqribən, 58 faizə yüksəlib. Son zamanlar ölkədə kənd təsərrüfatının inkişafı sahəsində formalaşmış potensial, xüsusilə dövlət–özəl tərəfdaşlığı hesabına və müasir texnologiyaların tətbiqinə əsaslanmaqla iri taxılçılıq təsərrüfatlarının yaranması, həmçinin uzun illər ərzində işğal altında qalan torpaqlarımızın azad olunması ölkənin buğda ilə özünütəminetmə səviyyəsinin daha da artırılması üçün yeni hədəflər və yeni imkanlar yaradıb”.

Nazir əlavə edib ki, cari ilin noyabrnda Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ərəfəsində təşkil olunmuş bu konfransın mövzusu kənd təsərrüfatı sektorunun əsas çağırışlarından biridir. Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyinin dünyada gedən qlobal prosesləri və ölkə prioritetlərini nəzərə alaraq aqrar siyasətin yönəldilməsində səmərəli istifadəni, resursqoruyucu yanaşmaların tətbiqini, ətraf mühitin mühafizəsini və dayanıqlı təsərrüfatçılıq ənənələrinin formalaşmasını ön planda saxladığını vurğulayan M. Məmmədov deyib ki, bütün növ vergi ödəmələrindən azad olan aqrar sektorda fermerlərə dəstək üçün müxtəlif növ subsidiya və kredit mexanizmləri mövcuddur. “Ölkədə aqrar biznes sektorunu dəstəkləmək üçün aqrar bazarı ədalətli rəqabətə açmışıq. Hazırda xarici və yerli şirkətlər sadələşdirilmiş prosedurlardan keçərək müstəqil olaraq öz məhsullarını fermerlərə təklif edə və dövlətin güzəştlərindən yararlana bilir. Prezident İlham Əliyevin həyata keçirdiyi aqrar islahatlar çərçivəsində ərzaq təhlükəsizliyi məqsədlərinə xidmət edən aqrar sahəyə dövlət dəstəyi mexanizmləri daim təkmilləşdirilməklə, bu mexanizmlər üzrə müvafiq dəstək tədbirlərinin həcmi də mütəmadi olaraq artırılır. Azərbaycanda taxıl məhsulları, o cümlədən buğda istehsalının həcmi dövlət müstəqilliyinin əldə olunduğu dövrlə müqayisədə ciddi şəkildə yüksəlib”, – deyə nazir əlavə edib.

Yeri gəlmişkən, Kənd Təsərrüfatı Nazirliyinin aparat rəhbəri Azad Cəfərli Azərbaycanda səfərdə olan Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin (AEBA) eksperti Qreyg Makkenzi ilə görüşdə ölkəmizin resurslarının səmərəli istifadə olunmasının iqlim dəyişikliyinin təsirlərinin minimuma endirilməsinə imkan verəcəyini bildirib.

Görüşdə buğda və arpa istehsalında “ağıllı” kənd təsərrüfatı üzrə təcrübə mübadiləsi məsələsi müzakirə olunub. Bildirilib ki, müasir dövrdə kənd təsərrüfatında geniş tətbiq edilən innovativ metodlar ərzaq təhlükəsizliyinin gücləndirilməsində və ətraf mühitə mənfi təsirlərin azaldılmasında mühüm rol oynayır. Kənd təsərrüfatının məhsuldarlığının artması, ilk növbədə, stress amillərinə davamlı, yerli şəraitə adaptasiya olunan məhsuldar bitki sortlarının yaradılmasından, kənd təsərrüfatı səviyyəsində mədəni və texnoloji dəyişikliklərin qəbul edilməsindən asılıdır.

Qeyd edilib ki, kənd təsərrüfatının iki əsas sahəsindən biri olan bitkiçilik məhsullarının istehsalında və ərzaq təhlükəsizliyinin təmin edilməsində taxıl bitkiləri (buğda, arpa, çəltik və qarğıdalı) əhəmiyyətli rol oynayır. Bu baxımdan torpaq, qida maddələri, sudan səmərəli istifadə və həmin resursların effektiv idarə olunması Azərbaycanda bitkiçilik sahəsində məhsuldarlığın artmasına, iqlim dəyişikliyinin təsirlərinin minimuma endirilməsinə imkan verəcək.

Görüş zamanı taxıl istehsalında məhsuldarlığın artırılması və istehsalın dayanıqlılığının təmin edilməsində stress amillərinə davamlı taxıl sortlarının əhəmiyyəti vurğulanıb.Tərəflər nüvə texnologiyasının və müvafiq metodların tətbiqinin aktual məsələlərdən olduğunu qeyd ediblər. Bundan əlavə,seleksiya işlərində nüvə texnologiyasının tətbiqi təcrübəsi, təklif edilən texnologiyanın seleksiya prosesinin qısaldılmasında rolu və əldə olunan nəticələr də müzakirə olunub.

 

Chosen
58
26
xalqqazeti.az

10Sources