Aqil Abbas parlamentdəki çıxışı ilə diqqət çəkdi; Milli Məclisin sədri: “Açığı, mən bilmirəm, bu məlumatlar sizdə haradandır?”
Oktyabrın 29-da Milli Məclisin növbəti plenar iclası keçirilib. Spiker Sahibə Qafarova giriş nitqində Avropa Parlamentinin ölkəmiz əleyhinə qəbul etdiyi qətnaməsinə etirazını ifadə etdi.
S.Qafarova narahatlıq doğuran digər məqama da toxundu: “Avropa Parlamentinin noyabrda ölkəmizdə keçiriləcək COP29 tədbirinə münasibəti də narahatlıq doğurur. Azərbaycan regionda sülh yaratmağa sadiqdir, lakin hər hansı qərəzi qətiyyətlə rədd edir. Ölkəmiz müstəqil daxili və xarici siyasət yeridir. Heç bir təzyiq və hədə qorxu bizi öz yolumuzdan döndərə bilməz”.
Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov dedi ki, Milli Məclis Avropa Parlamentinin absurd iddialarına, yalan faktlarına tutarlı və vaxtında cavab verib. O qeyd etdi ki, Qərbin müəyyən təsisatları bu cür addımları əvvəl də atırdı, sonra isə gəlib üzr istəyirdilər: “Bizdən üzr istədikdən sonra yenidən belə addımlar atırdılar. Əslində Avropa Parlamentinin 120 deputatı bu sənədin əleyhinə çıxış edib. Macarıstan, İtaliya, Avropa İttifaqına daxil olmayan Türkiyə, Serbiya və digər ölkələr Avroparlamentin bu addımına cavab veriblər. Gürcüstan da bu məsələyə sillə kimi cavab verdi. Hesab edirəm ki, bu addımlara qarşı birləşmək bizim üçün vacibdir”.
Komitə sədri Siyavuş Novruzov Milli Məclisin iclasında Azərbaycan şəhidlərinin adının “Wikipedia” platformasından çıxarılmasına kəskin etiraz etdi. Bildirdi ki, “Wikipedia” platformasından şəhidlərimizin adını silənlərlə ciddi mübarizə aparmalıyıq: “Bu addımı 5 nəfər adı, soyadı Azərbaycan vətəndaşı olan, amma qanı və DNK-sı erməniyə məxsus olan insan atıb. Onlar platformanın Azərbaycan seqmentindəki bu addımla kifayətlənməyib, şəhidlərin adının Türkiyə ”Wikipedia"sından da çıxarılması ilə bağlı müraciət ediblər. İndi isə Xocalı qurbanlarının da adının bu platformadan çıxarılmasını istəyirlər".
S.Novruzov bildirdi ki, qanunvericiliyə görə, şəhid Azərbaycanın ərazi bütövlüyü uğrunda canından olan şəxsdir: “Bundan artıq ensiklopedik məlumat ola bilərmi?” Komitə sədri qeyd etdi ki, Azərbaycanda informasiya təhlükəsizliyi ilə bağlı qanunlar qəbul edilib. Odur ki, aidiyyəti orqanlar bununla məşğul olmalıdır: “Öncədən addım atmaq lazımdır ki, başqa məlumatlarımızın ensiklopedik olmadığını bəhanə edərək silməsinlər”.
Deputat Razi Nurullayev dedi ki, Avropa Parlamentinin Azərbaycana qarşı qəbul etdiyi qətnaməni pisləyir: “Rəhbərlik etdiyim Milli Cəbhə Partiyası qətnaməni pisləyən bəyanat da qəbul edərək yayımlayıb”. R.Nurullayev ardınca bildirdi ki, Bakıya yağan yağışlar nəticəsində hər il yüzlərlə insan ziyan çəkir: “Hər il aidiyyəti dövlət qurumları normadan artıq yağan yağıntıları bağlayır. Normadan artıq yağan yağıntı küçələrdə 3 saat qalsın, lap 10 saat qalsın və sonra axıb getsin. Amma küçələr, evlər günlərlə su altında qalır, vətəndaşların ev əşyaları suda üzür. Demək ki, bu, tam olaraq normadan artıq yağan yağıntı ilə əlaqədar deyil”. Deputat qeyd etdi ki, 2003-cü ildən bu günə qədər 3,5-4 milyard manata yaxın vəsait ayrılıb: “O vəsaitlərin necə xərclənməsini araşdırmaq yaxşı olardı. İndi baxaq, bütün bu fəlakətlər bizə hansı vacib addımların atılmasını zəruri edir? Birinci növbədə sığorta sisteminin lazım gələrsə lap sərt şəkildə tətbiq edilməsini. Vətəndaş evini, əşyasını itirir, sonra gözləyir ki, görək dövlət ona ev, mebel verəcəkmi, təmir edəcəkmi? Dünyanın heç harasında bunu hökumət etmir, sığorta şirkətləri edir. Evi yanan, evi uçan, evi yağışlara qərq olan, bütün ev əşyalarını itirən vətəndaş sosial şəbəkələrdə göz yaşı tökür. Çünki çarəsizdir, amma heç kim gedib 50-100 manat verib evini sığorta etdirmək istəmir. Biz dövlətin üzərinə düşən yükü azaltmaq üçün və vətəndaş məmuniyyətini təmin etmək məqsədilə ölkəboyu sığorta sisteminin tətbiqinə nail olmalıyıq. Zorla, güclə olsa belə”.
Deputat Aqil Abbas “Torpaq icarəsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə Azərbaycan qanununun layihəsinin ikinci oxunuşu zamanı çıxışında digər məsələyə diqqət çəkdi. Dedi ki, Qarabağ azad ediləndən sonra yenidən qurulan şəhər və kəndlərə qayıdan yerli əhaliyə torpaq verilməyib. A.Abbas qeyd etdi ki, başqa yerlərdən gələnlər torpaqları alıb və istifadə edir, təkcə qarabağlılardan başqa. “Torpaqlar kiminsə monopoliyası üçün azad olunmayıb”, deputat bildirdi. Qeyd etdi ki, hektarla ərazilərə sahiblənən şəxslər var: “Xocalıya köçənlərə bir metr də torpaq verilmir. Amma Xocalıdan olmayan adam var 600 hektar torpağı var”. Ardınca vurğuladı ki, bələdiyyələr də torpaqsız qalıb: “Bələdiyyələrdən danışdılar. Ağdam bələdiyyəsinin torpağı nə vaxt olacaq, Allah bilir. Ağdamda sürətli işlər gedir, tikintinin miqyası o dərəcədə genişdir ki, elə bil BAM tikilir. Amma torpaqlar yerli camaata icarəyə verilmir. Təəssüf edirəm”.
Spiker reaksiyasında bildirdi ki, Prezident “Qarabağ torpaqlarında Qarabağ camaatı yaşayacaq, özü də əbədi olaraq” deyib. Milli Məclisin sədri əlavə etdi ki, “açığı, mən bilmirəm, bu məlumatlar sizdə haradandır?”
“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanuna dəyişikliyin müzakirəsi də geniş müzakirələrə səbəb oldu. Qeyd edək ki, yeni dəyişikliklərdən sonra Azərbaycanda arağın pərakəndə satışının minimum qiyməti müəyyən olunacaq və alkoqollu içkilərin minimum qiymətdən aşağı qiymətə satılması qadağan ediləcək. Sənədə əsasən, bu dəyişiklik alkoqollu içkilərin təhlükəsizliyi və keyfiyyəti sahəsində istehlakçıların hüquqlarının qorunmasına, istehlakçını aldadan hər hansı fəaliyyətin qarşısının alınmasına, bu sahədə qanuni fəaliyyət göstərən intizamlı və peşəkar sahibkarlıq subyektlərinin maraqlarının müdafiəsinə, daxili bazarın aşağı keyfiyyətli məhsullardan qorunmasına, qeyri-qanuni istehsalın qarşısının alınmasına xidmət edəcək. Bildirilir ki, qanun layihəsi ölkənin, habelə yerli istehsalçıların iqtisadi maraqlarının qorunması, istehlakçıların sağlamlığının və hüquqlarının müdafiəsinin gücləndirilməsi, daxili bazarda minimum keyfiyyət və təhlükəsizlik göstəricilərinə cavab verməyən alkoqollu içkilərin satışının, bu sahədə qanunsuz sahibkarlığın qarşısının alınması məqsədilə “Tütün məmulatlarının və alkoqollu içkilərin idxalı və istehsalı sahəsində dövlət nəzarətinin gücləndirilməsi haqqında” 7 fevral 2023-cü il tarixli Azərbaycan Prezidentinin Sərəncamı çərçivəsində hazırlanıb. Bu layihə spirtli içkilərlə bağlı qiymət-satış siyasətinin yenilənməsini, bunun üçün alkoqollu içkilərin ölkə daxilində satışı zamanı həmin məhsullara minimum satış qiymətinin tətbiq olunmasını nəzərdə tutur.
Sənədin izah hissəsində deyilir: “Müşahidələr göstərir ki, istehlak bazarında dövriyyədə texniki normativ-hüquqi aktlarla müəyyən olunmuş minimum keyfiyyət və təhlükəsizlik göstəricilərinə cavab verməyən alkoqollu içkilər mövcuddur. Bu fakt, eyni zamanda, qanunsuz istehsalın və qaçaqmalçılığın, vergidən yayınmanın mövcudluğunu göstərir. Nəticədə, əhalinin sağlamlığı üçün təhlükə yaranır, istehlakçılarda ölkəmizdə istehsal olunan analoji məhsulların keyfiyyətinə olan inamı azaldır, həmçinin haqsız rəqabət mühiti yaradaraq qida təhlükəsizliyi sahəsində texniki normativ-hüquqi aktlarla müəyyən olunmuş tələblərə uyğun məhsul istehsal edən müəssisələrin fəaliyyətinə çətinlik yaradır. Mövcud vəziyyət ölkəmizdə alkoqollu içkilərin satışı sahəsində dövlət tənzimlənməsinin təkmilləşdirilməsini, bu sahədə əlavə tədbirlərin həyata keçirilməsini zəruri edir. Alkoqollu içkilərin pərakəndə satışının minimum qiymətinin tənzimlənməsi beynəlxalq təcrübədə də tətbiq edilir”.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov qanun layihəsinin müzakirəsi zamanı bildirdi ki, dəyişikliklər alkoqollu içkilərin pərakəndə satışına dair minimum qiymət tələbinin müəyyən edilməsi məqsədilə hazırlanıb: “Layihəyə əsasən, alkoqollu içkilərin pərakəndə satışının minimum qiyməti müəyyən ediləcək, bununla bağlı müvafiq qaydalar təsdiqlənəcək və pərakəndə satışının minimum qiyməti müəyyən edilmiş alkoqollu içkilərin həmin qiymətdən aşağı qiymətə satılması qadağan olunacaq”. Komitə sədri qeyd etdi ki, dəyişikliklər istehlakçıların sağlamlığının və hüquqlarının müdafiəsinin gücləndirilməsinə, alkoqollu içkilərin satışı bazarında minimum keyfiyyət və təhlükəsizlik göstəricilərinə cavab verməyən məhsulların qarşısının alınmasına, habelə yerli istehsalçıların iqtisadi maraqlarının qorunmasına xidmət edir. A.Əmiraslanovun sözlərinə görə, alkoqollu içkilərin minimum qiymətinin müəyyən olunması yalnız arağa şamil edilən qaydadır: “Qiymətin formalaşmasının prinsiplərinə görə, istehsalçı müəssisənin istehsal xərcləri, aksiz vergisi, istehsalçı müəssisənin özünün qoyduğu qiymət nəzərə alınacaq. Bu qanun qəbul ediləndən sonra minimum qiymətin müəyyən edilməsi qaydası hazırlanacaq. Bazarda litri 1 manata olan araqlar var. Amma hazırda 1 litr arağın aksiz vergisi 4,18 manatdır. Bu qiymətdən aşağı olan məhsullar keyfiyyətsizdir. Sahibkar qanunsuz sahibkardırsa, keyfiyyətsiz məhsul istehsal edirsə, bazardan çıxarılmalıdır. Yerli istehsalçılar - haqlı rəqabət aparanlar öz məhsullarını ixrac edə bilirlər, stabil bazarları var, amma onlar yerli bazarda öz məhsullarını realizə edə bilmirlər. Buna səbəb qanunsuz sahibkarlıqdır”.
Deputat Qüdrət Həsənquliyev dedi ki, bazar iqtisadiyyatı olan ölkələrdə dövlət, qiyməti vergilərlə tənzimləməlidir, qiymət müəyyənləşdirilməməlidir: “İkincisi, qiymətin artırılması nə vaxtdan istehlakçıların hüquqlarının müdafiəsi hesab olunur? İçkinin saxta olması onun keyfiyyətsiz olması demək deyil. Bu, kölgə iqtisadiyyatının tərəfi ola bilər. Qeydiyyatdan keçməyən elə içkilər var ki, qeydiyyatdan keçən zavodların istehsal etdiyi içkilərdən daha keyfiyyətli ola bilər. İçkinin keyfiyyəti laboratoriyalarda müəyyənləşdirilməlidir. İkincisi, qiyməti artırmaq lazımdırsa, bunu insanların sağlamlığını əsas götürərək edərlər. Vaxtilə Qorbaçov da bu yolu getmişdi, bundan sonra saxta içkilərin sayı daha da artmışdı. Saxta içkilərə qarşı Qida Təhlükəsizliyi Agentliyi, hüquq-mühafizə orqanları ciddi mübarizə aparmalıdır. Spirtli içki aksizli maldır, 4,8 manat aksiz vergisi ödənilir. Bunu qaldırıb 10 manat edək. Əgər insanların sağlamlığını qorumaq istəyiriksə, onda "Əhalinin sağlamlığının qorunması haqqında" Qanunu dəyişək. Dünyanın bir çox ölkəsində insanlar tütündən və alkoqoldan ziyan görürsə, məhkəmələrdə iddialar qaldırıla bilər".
Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov dedi ki, qiymət və keyfiyyət bir-biri ilə bağlı məsələdir: “Qiymət keyfiyyətə nəzarətin çox vacib alətlərindən biridir. Bu, bazar iqtisadiyyatının qaydalarına zidd deyil”. Vitse-spiker əlavə etdi ki, bir çox ölkədə ucuz mala şübhəli yanaşılır: “Avropa ölkələrində orta qiymətdən aşağı qiymətə satılan malı heç kim almır. Çünki şübhəli hal olduğunu düşünürlər. Hər malın yoxlanması mümkün olmadığından qiymət amilindən malın keyfiyyətinə nəzarət üçün istifadə edilir. Bu, tək Azərbaycanda belə deyil”.
Layihə ikinci oxunuşda qəbul olundu.//“Yeni Müsavat”