EN

Təmiz enerji memorandumu

İqlim konfransının keçiriləcəyi Bakı Stadionunun enerji ehtiyacının “yaşıl” enerji mənbələrindən qarşılanması məqsədilə COP29 Azərbaycan Əməliyyat Şirkəti və “AzərEnerji” ASC-nin “Yaşıl” enerji elektrik stansiyası” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) arasında Anlaşma Memorandumunun imzalanma mərasimi keçirilib.

Əməliyyat Şirkətinin məlumatına görə, Anlaşma Memorandumuna əsasən, prosesdə iştirak edən tərəflər – COP29 Azərbaycan Əməliyyat Şirkəti, “AzərEnerji” və “Azərişıq” açıq səhmdar cəmiyyətləri, “Stadium Operating Company” və “Yaşıl Enerji Elektrik Stansiyası” məhdud məsuliyyətli cəmiyyətləri   arasında müvafiq əməkdaşlıq və koordinasiyanın təmin edilməsi məqsədilə beştərəfli müqavilənin imzalanması nəzərdə tutulur.

Mərasimdə  çıxış edən Əməliyyat Şirkətinin Koordinasiya Şurasının üzvü Ayan Nəcəf bildirib: “COP29  idarəçiliyində bir sıra ilklərə imza atılması ilə iqlim konfransının ölkədə dayanıqlı davranışların təşviqi və tətbiqini və ümumilikdə, “yaşıl” keçidə təkanı sürətləndirib. Biz inanırıq ki, Bakı Stadionu nümunəsində bir sıra konfrans infrastrukturları və məkanları enerji qənaətini və “yaşıl” enerji ilə yüksək təchizatı gerçəkləşdirəcək”.  

“Yaşıl Enerji Elektrik Stansiyası” MMC-nin direktoru Emil İbadov ölkə başçısının işğaldan azad edilmiş ərazilərin “yaşıl” enerji zonasına çevrilməsinə, regionun hidroenerji potensialından səmərəli istifadə edilməsinə dair tapşırıqları xatırladaraq, hazırda Qarabağda  ümumi gücü 270 MVt olan 32 su elektrik stansiyasının “yaşıl” enerji   istehsal etməsi ilə iqlim dəyişmələrinə qarşı mübarizədə əhəmiyyətli rol oynadığını  vurğulayıb.

Xatırladaq ki, COP29 Azərbaycan Əməliyyat Şirkəti konfransla bağlı karbon emissiyalarının və ətraf mühitə mənfi təsirlərin azaldılması məqsədilə artıq müvafiq addımların atılmasını təmin edib. Belə ki, COP29-un keçiriləcəyi Bakı Stadionunun ətrafında tikilmiş müvəqqəti konstruksiyaların enerji təchizatında istifadə ediləcək generatorlarda dizel əvəzinə hidrogenləşdirilmiş bitki yağının (HVO) istifadəsi, həmçinin stadion və ətraf tikililərdə səmərəli enerji sərfiyyatını təmin edən qurğu və avadanlığın quraşdırılması icra olunub.

“Yaşıl Enerji Elektrik Stansiyası” MMC-nin səlahiyyətli nümayəndəsi Emil İbadov memorandumun imzalanma mərasimində  hazırda Qarabağ və Şərqi Zəngəzurda ümumi gücü 270 meqavat olacaq  32 yeni elektrik stansiyasının inşa edildiyini, bu stansiyaların bölgənin “yaşıl” enerji ilə təminatını tamamilə ödəyəcəyini, hətta xaricə ixraca yönəldilməsi imkanının yaranacağını da bildirib.   

Qeyd edək ki, statistik göstəricilərə görə, Azərbaycanın bərpaolunan enerji mənbələrinin texniki potensialı quruda 135 gigavat, Xəzər dənizinin Azərbaycana məxsus hissəsində isə 157 qiqavatdır. Bərpaolunan enerji mənbələrinin iqtisadi potensialı 27 gigavat, o cümlədən külək enerjisi üzrə 3 min MVt, günəş enerjisi üzrə 23 min MVt, bioenerji üzrə 380 min MVt təşkil edir. Dağ çaylarının potensialı isə 520 MVT qiymətləndirilir.

Son hesablamalara görə, Qarabağ və Şərqi Zəngəzur ərazisində günəş və külək enerjisinin potensialı 10 qiqavat həcmindədir. Beləliklə, Qubadlı, Zəngilan, Cəbrayıl, Xocavənd və Füzuli rayonları günəş enerjisindən istifadə üçün əlverişli şəraitə malikdir və onların texniki potensialı 7200 MVT-dən çoxdur. Bundan əlavə, ilkin proqnozlara görə, Laçın və Kəlbəcər rayonlarının dağlıq ərazilərində külək enerjisinin texniki potensialı 2 min MVT qiymətləndirilir.

Chosen
110
xalqqazeti.az

1Sources