EN

Gəncləri ölümə aparan DƏHŞƏTLİ SƏBƏB - Qulaqdakı "qatil"

Gənc nəsil niyə qulaqcıqsız yaşaya bilmir?

ABŞ-da aparılan araşdırmada qulaqcıqların uşaqlara zərərli təsiri barədə xəbərdarlıq edilib. Tədqiqatçılar izah ediblər ki, uşaqların səs-küyə məruz qalması onların yuxusuna və öyrənməsinə, dilinə, stress səviyyələrinə və hətta qan təzyiqinə təsir edə bilər.

Son illər gənclərin və uşaqların qulağından qulaqcıqlar əskik olmur. Yol gedəndə, ictimai nəqliyyatda, evdə, parkda...hər yerdə. Musiqisiz bir anın belə keçməsinə razı olmurlar az qala deyə bilərik. Amma bunun ciddi, həm də gələcəyə yönəlik fəsadları çoxdur. Elmi araşdırmalar və mütəxəssislər həyəcan təbili çalır.

Universitet tərəfindən uşaqların sağlamlığı ilə bağlı aparılan yerli araşdırmaya görə, hər üç valideyndən ikisi ibtidai və ya orta məktəb yaşlı uşaqlarının audio cihazlardan istifadə etdiyini, 5-8 yaşlı uşaqların valideynlərinin yarısı isə uşaqlarının qulaqcıq taxdığını bildirib. Uşaqları qulaqcıqdan istifadə edən valideynlərin yarısı övladının gündə ən azı 1 saat, 6 valideyndən biri isə orta hesabla uşağın gündə ən azı 2 saat qulaqcıqdan istifadə etdiyini təsdiqləyib.

Miçiqan Universitetindən tədqiqatın aparıcı üzvü Dr. Susan Volford mövzu ilə bağlı deyib: “Qulaqcıqlar kiçik uşaqlar arasında çox populyardır və onları müntəzəm olaraq daha güclü səs-küyə məruz qoydu. Sorğu nəticələrinə görə, uşaqlar daha çox evdə, məktəbdə və avtomobildə qulaqcıqdan istifadə edirlər. Uzun müddət və ya güclü səs-küyə məruz qalmaq uzunmüddətli sağlamlıq problemlərinə, o cümlədən eşitmə itkisinə və ya tinnitusa səbəb ola bilər”.

Volford uşaqların səs-küyün potensial zərərlərinə ən həssas qrup olduğuna diqqət çəkib, çünki onların qulaq kanalları böyüklərdən daha kiçikdir: “Uşaqların qulaqları hələ də inkişaf mərhələsindədir və bu, qəbul etdikləri səs səviyyələrinin yaratdığı zərərlərə səbəb olur. Uşaqların daxili qulağındakı kiçik hüceyrələr eşitməyə kömək edir. Bu hüceyrələr zədələndikdə və ya öləndə eşitmə itkisini müalicə etmək mümkün deyil”.

Volford uşaqların qulaqcıqdan istifadə etməsi nəticəsində səs-küyə məruz qalma riskini azaltmaq üçün tövsiyələr verib. Vurğulayıb ki, valideynlər uşağın səsini, dinləmə vaxtını izləmək və tənzimləməklə mənfi təsirləri azalda bilər. Bir şərtlə ki, qulaqcıqdan istifadə müddəti gündə 60 dəqiqədən, səs intensivliyi isə 60 faizdən çox olmasın.

Bu arada, valideynlər də qulaqcıqlara görə uşaqlarında eşitmə itkisinin ilkin əlamətlərini aşkar ediblər. Bu əlamətlərə söhbəti təkrarlamaq istəmək, tez-tez zəng səsləri eşitmək, yaxınlıqdakı insanlarla yüksək səslə danışmaq, nitqin gecikməsi və ya yüksək səslərə cavab verməmək daxildir. Uşaqlarda bu əlamətlər müşahidə edildikdə həkimə müraciət etmək lazımdır.

Psixoloqlar hesab edir ki, qulaqlıqlardan istifadə patoloji dərəcədədir. Bu kimi alətlər insan psixologiyasına çox pis təsir göstərir. Musiqidə müəyyən herslər olur. Musiqiçilər insanlar dinləsinlər deyə, müəyyən ritmlər, tembrlər qoyurlar. Bu da insanlarda asılılıq yaradır. 3 yaşa qədər uşaqlardan musiqini, qulaqlığı uzaq tutmaq lazımdır. Amma bu, bir faktdır ki, bəzi valideynlər uşaqları qulaqlıqla yatızdırırlar. Özləri qulaqlıqla hansısa bir filmə və ya musiqiyə qulaq asarkən, uşaq da qulaqlıqla yatır. Maşınla gedərkən də qulaqcıqdan istifadə etmək, zəngə cavab vermək düzgün deyil. Ona görə ki, diqqət ora yönəlir, insanlar getdiyi yola konsentrasiya ola bilmir. Naqilsiz qulaqlığın beyinə təsiri lap çoxdur. Ona görə limitli istifadə etmək lazımdır.

Son 7 ildə qulaqcıqlı piyadalara görə bədbəxt hadisələr 3 dəfə artıb

Araşdırmalara görə, son 7 ildə qulaqcıqlı piyadaların iştirakı ilə yollarda baş verən bədbəxt hadisələr 3 dəfə artıb. Qulaqcıq istifadəçiləri 30 yaşa qədər eşitmə qabiliyyətini itirmə riski daşıyırlar. Statistika da göstərir ki, dünyada karlaşma həddi cavanlaşır. Belə ki, əvvəllər bu hədd 70 yaşdan sonra yaranırdısa, indi artıq 30-40 yaşında insanlar bundan əziyyət çəkirlər.

Müşahidələrimiz göstərir ki, qulağında qulaqcıq, özünü tamamilə musiqiyə “təslim etmiş” yeniyetmə və gənclərin sayı durmadan artır. Eyni zamanda paytaxtda sağa-sola baxmadan yolu keçən qulaqcıqlı gənclərə də rast gəlmək olar. Məhz təhlükəsizlik qaydalarına riayət etməyən qulaqcıqlı gənclər sürücülər üçün də təhlükə mənbəyidir.

Amerikalı mütəxəssislər elektron sistemlərində toplanılan travmatoloji hesabatların, eləcə də internet axtarış motoru “Google”in 2004-2011-ci illəri əhatə edən xəbərlər arxivinin təhlilini aparıblar. Alimlər yol-nəqliyyat hadisələrində zərərçəkmiş və insident zamanı qulaqcıqla olmuş piyadalara xüsusi diqqət ayırıblar. Ümumilikdə hadisələrin 70 faizinin piyadaların ölümü ilə nəticələndiyi bəlli olub. O da bəllidir ki,"Musiqi can dərmanıdır" sözlərini əbəs yerə deməyiblər.

Bəs konkret olaraq qulaqcıq gələcəkdə qulağımız üçün hansı fəsadları, problemləri yaradır?

Həkimlər xəbərdarlıq edir: qulaqda cingilti, uğultu, karlıq və...

Həkimlər bildirir ki, normal eşitmə üçün 30 desibel səs yüksəkliyi kifayətdir. 110 desibelə qalxdıqda isə eşitmə orqanı üçün  təhlükəli haldır. Qulaqcıqlarda isə səsin yüksəkliyi 120 desibel olur. Bu isə kifayət qədər narahatedici məqamdır. Sanki düz qulağımızın dibində təyyarə uçur. Səsin səviyyəsi o həddə çatır. Ona görə də 85 desibel şiddətindəki səslərə 8 saatdan, 88 desibel üçün 4 saat, 91 desibel üçün 2 saat və 100 desibel üçün 15 dəqiqədən artıq qulaq asmağı tövsiyə edilmir. Qulaqcığın səs şiddəti birbaşa qulaq pərdəsinə, daxili qulağa və qulaq sinirinə istiqamətləndiyi üçün zərəri böyükdür. Uzun davamlı və yüksək səslə musiqi dinləmə qulaqda qalıcı cingildəmə və uğultu yaradır. Sinirlər zədə gördüyü üçün eşitmə itkisi və karlıq meydana gələ bilər. Belə vəziyyətdə isə əvvəl qulaqcıq istifadə edən şəxs sonradan eşitmə cihazı  istifadə etmək məcburiyyətində qalacaq. Ümumiyyətlə, nə qədər yüksək amplitud, o qədər aşağı eşitmə səviyyəsidir. Bəzən insanlar tək qulaqda istifadə edirlər. Bu, tibbi cəhətdən düzgün deyil. Bu zaman qulağın biri  tam yüklənir. Digəri isə sərbəst qalır. Bu isə eşitmə sistemindəki tarazlığı pozur. Qulaqcıqla uzun müddət və yüksək səslə musiqi dinləmək olmaz. Ən təhlükəli  vakuum qulaqcıqlardır. Çünki onlar birbaşa qulaq pərdəsinə təsir edir. Uzun müddət qulaqda saxladıqda isə  pərdəni gərgin vəziyyətdə saxlayır. Davamlı olaraq qulaqcığın bu növündən istifadə olunması eşitmə orqanımızın 3-4 il sonra tamamilə  zədələnməsinə səbəb olur.  Kanaliçi qulaqcıqlar başüstü qulaqcıqlardan daha aşağı səviyyələrdə səslə təmin olunduqları üçün daha etibarlı hesab edilir. Qulaqcıq seçilərkən çöldən ən az səs alan qulaqcıqlara üstünlük verilməlidir.

Bundan başqa, qulaqcığın ölçüsü ilə bağlı da müəyyən standartlar var. Əgər qulaqcıq qulağa uyğun deyilsə, kiçik və ya böyükdürsə, qulağı mexaniki olaraq incidir. Heç bir firmaya aid olmayan, ucuz  qulaqcıqlar da qulaqlara mənfi təsir edir.

Hazırladı: Sevinc TELMANQIZI

Chosen
82
musavat.com

1Sources