EN

Futbolunda fair-play olmayan qitənin siyasəti

 

Dünən axşam Avropa-Gürcüstan-Rusiya süpürləşməsi xəbərlərinin fonunda İnternet resurslarında maraqlı idman fraqmentlərindən ibarət bir video-daycestə baxanda qarşıma bir epizod çıxdı. Maraqlı və ibrətamiz epizod idi.

Demək, hücuma keçən komandanın oyunçuları sürətlə rəqib qapısına yaxınlaşırlar, qapıçı cərimə meydançasının yan tərəfində onların qarşısını kəsmək istəyərkən özünü zədələyir, yerə yıxılır, qalxa bilmir. Bundan yararlanan hücumçu topu havadan cərimə meydançasının içindəki məşhur futbolçu Paolo Dİ Kanioya ötürür. O isə topu başıyla qapıya vurmaq əvəzinə əlləriylə havada tutur, hakimə işarə edir ki, oyunu saxlasın, meydana həkim çağırsın.

Bu hadisə 24 l əvvəl, 2000-ci ildə, “Vestfaliya”-“Everton” matçında olub. Oyundan sonra o dönəmin məşhur 10 nömrəsi olan, gözəl qollar müəllifi Di Kanio uyğun suala cavab olaraq hərəkətinə belə bir şərh verib: "Zədə alan qapıçının ağrıdan qışqırdığını eşitdim, bir fitbolçunun zədəsi qol vurmaqdan daha vacibdir”.

Budur, 24 ildir ki, Di Kanionun bu hərəkəti futbol tarixinin ən parlaq feyr-pley nümunəsi kimi qeyd edilir, unudulmur, həmin video təkrar-təkrar tirajlanır.

Ancaq həftədə azı beş gün hər axşam baxdığımız müasir matçlarda belə şey görmərik. Çox nadir hallarda ədalətli davranan məşqçi və futbolçu görmək olar. Bir neçə il öncə bizim Qurban Qurbanovun “Qarabağ”ın vurduğu, hakimin də qeydə aldığı qolun düzgün olmadığını təsdiq etməsi ona görə sonradan ona mükafat və Avropa şöhrəti gətirdi ki, məşqçimiz ədalət nümayiş etdirmiş, nümunə göstərmişdi.

Müasir futbolda, ümumiyyətlə, idmanda haqsızlıq, amansızlıq baş alıb gedir. Türkiyənin idman şərhçiləri buna “kıran-kırana mücadilə” deyirlər və çox haqlıdırlar. Çünki o mücadilənin gedişində qolu-qıçı qırılanlar, başı yarılanlar, meydançadan xərəklə çıxarılıb ambulans maşınıyla klinikaya aparılanlar olur.

Tam təsadüfən, yuxarıda bəhs etdiyim videodan 5-6 dəqiqə sonra da Futbolinfo.az saytında müqtədir sənətkarımız, aktyor Nurəddin Mehdixanlının “İdmana qəddarlıq Qərbdən gəlib” başlıqlı maraqlı müsahibəsini oxudum. Nurəddin bəy havayı söz deyən adam deyil, haqlıdır. Onun daha sonrakı ifadəsi də beləydi: “Şərq idmanı mədəniyyətin üzərində qurulub. Mən razıyam, idmançımız çempion olmasın, amma təmsil olunduğu idman növündə əxlaq nümayiş etdirsin”.

Gerçəkdən də oyunlara baxırsan, elə bir amansızlıq, cığallıq, həyasızlıq görürsən ki, mat qalırsan, bilmirsən, bunlar idman yarışı keçirirlər, yoxsa silahsız müharibə aparırlar.

O qədər pulun (milyardların) dövr elədiyi yarışlarda, əlbəttə, elə olmalıdır. Ortada əldə ediləcək böyük sərvət varsa, muzdla tutulmuş qladiatorların (legioner oyunçuların) onlara milyonlar ödəyən sahibkarların mənafeyi üçün bir-birini təpikləmələri, əzmələri, qırmaları təbiidir.

İndi də oyun zamanı zədələnən, yerə yıxılıb bağıran (vaxt uzatmaq istəyən simulyantlarla yanaşı) futbolçular olur, amma hakim düdük çalıb oyunu saxlamasa, heç kəs yerdə qıvrılan oyunçuya görə topu kənara vurub fasilə yaratmır, əksinə, hamısı “fürsət bu fürsətdir, gedim qol vurum” deyə irəli şığıyır.

Elə bir oyun olmaz ki, ədalətinin tərifi ərşə çıxarılmış Avropa ölkələrinin məşhur klublarının oyunçuları yalandan penalti almaq, rəqibə qırmızı kart verdirmək istəməsinlər. Olur ki, vurub rəqibi şikəst edirlər, hakimlərin cəza qərarına hamılıqca etiraz bildirirlər. Bunun üstündə, demək olar ki, hər oyunda məşçilər heyətindən də cəzalandırılanlar olur.

Bir sözlə, avropalı idmançılar (eləcə də o biri qitələrdən olanlar) qələbə qazanmaq üçün ən axırıncı yola da qədəm basırlar. Çünki arada böyük pullar var. Məqsəd çox pul qazanmaqdır – o pulun halal-haram olması beşinci dərəcəli məsələdir.

Hələ hakimlərin milyarderlər tərəfində saxlanılan titullu klublara üzgörənlik etməsi, onların qalib gəlməsi üçün yüngülvari şəkildə oyunu “sındırmaları” faktları da geniş yayılıb. Ona görə də hansı hakim daha ədalətli davranırsa, onu dərhal futbolda ədalət simvolu olan Pyerluici Kollina ilə müqayisə edirlər. Fakt odur ki, müasir dövrdə minlərlə hakim Kollina ilə müqayisəyə gəlmirlər.

Söhbəti həm də ona gətirirəm ki, biz bəzən əbəs yerə Avropadan haqq-ədalət gözləyirik. Onlar hələ adi idman yarışlarında bu qədər “ədalətli”dirlərsə, görün, ortalıqda özlərinin böyük iqtisadi mənafeləri, trilyonların söhbəti olanda nə dərəcədə ədalətli olurlar. İdmanında nadirən fair-play olan qitənin siyasətindən nə umaq... Qarabağa münasibətdə biz o o olmayan ədaləti 30 il gördük.

P.S. 2000-ci ildə Çempionlar Liqasını kim qazanıb, “Qızıl topu” kim alıb, bu gün bəlkə də çox adamın yadında deyil. Amma ondan daha çox futbol azarkeşinin yadında Di Kanionun topu başıyla qapıya vurmaması, əliylə tutması qalıb. Paoloya eşq olsun.

 

Chosen
51
musavat.com

1Sources