EN

Türkiyədə növbədənkənar seçki GÜNDƏMİ: “Ola bilər ki…”

“Türkiyədə növbədənkənar seçkilərlə bağlı var, amma mən bunun müxalifətin təzyiqi ilə gerçəkləşməsini düşünmürəm. Ola bilər ki, gələcəkdə Prezident Rəcəb Tayyip Ərdoğanın səhhəti ilə bağlı belə bir addıma getsinlər”.

Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Əli Mustafa deyib.

Siyasi təhlilçi ötən günlərdə Cümhuriyyət Xalq Partiyasının (CHP) Esenyurt bələdiyyə başqanı Əhməd Özerin PKK ilə əlaqədə ittiham olunaraq həbs olunmasından sonra “ana müxalifət” partiyasının sədri Özgür Özelin növbədənkənar seçkilərlə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib.

Analitikin sözlərinə görə, DEM Partiyası ilə bağlı məsələlərə gəldikdə isə keçən seçkilərdə də CHP ilə DEM arasındakı əməkdaşlıqla bağlı söhbətlər var idi:

“Ola bilsin ki, aparılan araşdırmalarda, istintaqın nəticəsində nələrsə ortaya çıxsın. Doğrudur, bu məsələdən daha çox siyasi manipulyasiyalardan istifadə olunur, amma, hər halda, mənə elə gəlir ki, CHP-nin indiki rəhbərliyi bu məsələlərdən kənardadır. Yəni Özgür Özelin əlaqəsi olmasa da, partiyadaxili bu əlaqələrin olması mümkündür”.

Siyasi ekspert diqqətə çatdırıb ki, ümumiyyətlə, Türkiyənin ictimai-siyasi həyatında, əslində, DEM-in müəyyən rolu var:

“Hətta son günlər Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalının Abdullah Öcalanla bağlı təklifləri də mövcuddur. Hər halda, bu gün Türkiyədə türk birliyinin önəmsənilməsi ilə bağlı fikirlər səsləndirilir və Ankaranın daxili siyasətində bu dəsti-xətt hiss olunur. Ola bilsin ki, bu mülahizələrlə məsələlər çox da dərinə getməsin”.

Mütəxəssis onu da vurğulayıb ki, bu gün Türkiyə hökuməti kürdlərlə münasibətin yaranması, yaxınlaşma və mehribanlığın olmasını istəyir:

“Lakin PKK bu məsələdə fərqli kontekstdədir. Konkret PKK ilə bağlı nələrsə varsa, yaxud kimlərinsə üzərində ittihamlar mövcuddursa, mümkündür ki, onlara qarşı hansısa tədbirlər görülə bilər. Amma Türkiyə dövləti bu gün şərqdə olan proseslərə fokuslanıb. Ona görə də hökumətin qəbul edəcəyi qərarlar bu coğrafiyadakı hadisələrin siyasi məqsədəuyğunluğu ilə şərtlənəcək”.

Rafi Müslümov

Chosen
37
yenicag.az

1Sources