EN

Azad edilmiş ərazilərdə sakinlərə 900-ə yaxın tibbi xidmət göstərilib

Azərbaycanın 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf strategiyasında nəzərdə tutulmuş onkoloji xəstəliklərin erkən mərhələdə aşkarlanmasına dair tədbirlər planına əsasən, TƏBİB, Milli Onkologiya Mərkəzi və “Regional İnkişaf" İctimai Birliyinin (RİİB) birgə təşkilatçılığı ilə işğaldan azad edilmiş ərazilərdə tibbi aksiya baş tutub.

Bu barədə "Far.Az"a Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən məlumat verilib.

Aksiya çərçivəsində Füzuli şəhəri və Zəngilan rayonunun Ağalı kəndinin sakinləri üçün müxtəlif sahələr üzrə 900-a yaxın tibbi xidmətlər göstərilib.

TƏBİB-in tabeliyində fəaliyyət göstərən müxtəlif tibbi müəssisələrinin həkimləri tərəfindən vətəndaşlara kardioloji, pediatrik, terapevtik və nevroloji tibbi xidmətlər göstərilib, xəstəlik aşkarlanan şəxslərə müvafiq müalicələr təyin olunub. Digər xəstəliklər və ağırlaşmalar müəyyən olunan şəxslər isə ixtisaslaşmış tibb müəssisələrinə yönləndirilib.

Milli Onkologiya Mərkəzinin mütəxəssisləri şişönü və şiş xəstəliklərinin erkən diaqnostikası məqsədilə vətəndaşların şikayətləri əsasında Səyyar Diaqnostik Kompleksdə onların USM, rentgen, ginekoloji və mammoqrafiya müayinələrini həyata keçirib. Xəstəlik riski olanlar isə tam yoxlanış və müalicə üçün Milli Onkologiya Mərkəzinə dəvət edilib.

Chosen
31
13
far.az

10Sources