EN

Azərbaycan qanunvericiliyində tolerantlığın tənzimlənmə mexanizmi...

Image

Azərbaycan tarixən müxtəlif xalqların və dinlərin mehriban dostluq, qardaşlıq münasibətləri şəraitində yaşadığı, fəaliyyət göstərdiyi nadir ölkələrdəndir.

Bütün dünyada tolerantlıq örnəyi kimi tanınan Azərbaycanda multikulturalizm və toletantlıq dəyərləri çox yüksək səviyyədə qorunur. 

Milli-dini tolerantlığın konstitusiya və qanuni əsasları mövcuddur. 

Bu iş konstitusiya və qanunlarımızda necə əks olunub və necə təkmilləşdirilir?

Azərbaycan qanunvericiliyində tolerantlığın tənzimlənmə mexanizmiləri necədir? 

Azərbaycanın dinləri ölkənin indiki ərazisində yaşayan xalqlar və etnik qruplar arasında yayılmış dini cərəyanların məcmusundan ibarətdir. Azərbaycan Respublikasında müxtəlif dini konfessiyalar fəaliyyət göstərir.

Azərbaycan Respublikası Konstitusiyasının 48-ci maddəsinə əsasən, hər bir şəxs vicdan azadlığına malikdir. Dinə münasibətini müstəqil müəyyənləşdirmək, hər hansı dinə təkbaşına və ya başqaları ilə birlikdə etiqad etmək və ya heç bir dinə etiqad etməmək, dinə münasibəti ilə əlaqədar əqidəsini ifadə etmək və yaymaq hüququna malikdir. Konstitusiyanın 18-ci maddəsinin 1-3 bəndlərində göstərilir ki, Azərbaycan Respublikasında din dövlətdən ayrıdır, bütün dini etiqadlar qanun qarşısında bərabərdir, insan şəxsiyyətini alçaldan, insanlıq prinsiplərinə zidd olan dinləri yaymaq və təbliğ etmək qadağandır. Eyni zamanda dövlət təhsil sistemi də dünyəvi xarakter daşıyır.

"Dini etiqad azadlığı haqqında" Azərbaycan Respublikasının Qanunu hər bir şəxsin dinə münasibətini müəyyənləşdirmək və ifadə etmək hüququna və həmin hüququ həyata keçirməyə təminat yaradır.

Bu sahədə kifayət qədər qanunvericilik bazası formalaşıb

Azərbaycan dövləti dini etiqad azadlığının təmin edilməsi, din-dövlət münasibətlərinin tənzimlənməsi sahəsində kifayət qədər qanunvericilik bazası formalaşdırıb. Bu da ölkədə yaşayan müxtəlif dinlərin, icmaların sərbəst fəaliyyətinə stimul verir.
 Prezidentin 21 iyun 2001-ci il tarixli 512 saylı Fərmanı ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQDK) yaradılıb. Həmin Fərmanla müəyyən edilmişdir ki, yeni yaranmış Dövlət Komitəsinin əsas vəzifəsi Azərbaycan Respublikası Konstitusiyasının dini əqidə azadlığını təmin edən 48-ci maddəsinin həyata keçirilməsi üçün müvafiq şəraitin yaradılmasından, dini etiqad azadlığı ilə bağlı olan digər qanunvericilik aktlarına riayət olunmasına nəzarəti təmin etməkdən, dini qurumlarla dövlət arasında münasibətləri daha ciddi tənzimləməkdən ibarətdir.
 Din azadlığı sahəsində yeni qanunun hazırlanması ilə yanaşı ("Dini etiqad azadlığı haqqında" Azərbaycan Respublikası Qanunu 20 avqust 1992-ci il tarixində qəbul olunmuşdur), qüvvədə olan bir sıra qanunlara müasir tələblərə cavab verən müvafiq dəyişikliklər edilib. 2005-ci il 10 iyun tarixli Qanuna əsasən, yuxarıda qeyd olunan "Dini etiqad azadlığı haqqında" Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin üçüncü hissəsi yeni redaksiyada verilmişdir (Maddə 12. Dini qurumların dövlət qeydiyyatına alınması): Dini icmanın dövlət qeydiyyatına alınması üçün onu yaratmış azı on nəfər yetkinlik yaşına çatmış şəxs icmanın təsis protokolu və nizamnaməsi (Əsasnaməsi) əlavə olunmuş ərizə ilə dini mərkəzə və ya idarəyə müraciət edir. Dini mərkəz və ya idarə 15 gün ərzində həmin sənədləri öz təqdimatı ilə birlikdə dini işlər üzrə müvafiq icra hakimiyyəti orqanına (DQDK) göndərir.
 Dini mərkəzin, dini idarələrin, dini tədris müəssisələrinin, dini qardaşlıqların dövlət qeydiyyatına alınması üçün dini işlər üzrə müvafiq icra hakimiyyəti orqanına (DQDK) təsis sənədi və nizamnamə (əsasnamə) təqdim edilir.

Müvafiq icra hakimiyyəti orqanı (DQDK) dini qurumların dövlət qeydiyyatına alınmasını qanunvericiliklə müəyyən edilmiş müddətdə (həmin müddət "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" 2003-cü il 12 dekabr tarixli Qanunun 8-ci maddəsində müəyyən edilmişdir) həyata keçirir.
 Dini qurumların dövlət qeydiyyatına alınması, dövlət qeydiyyatından imtina edilməsi, mübahisəli məsələlərin həlli və məhkəməyə müraciət etmək hüququ Azərbaycan Respublikasının müvafiq qanunvericiliyinə uyğun həyata keçirilir.
 Həmçinin, "Azərbaycan Respublikasının Seçki Məcəlləsinin tətbiq edilməsi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi və Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarının qüvvədən düşmüş hesab edilməsi haqqında" Azərbaycan Respublikasının 30 dekabr 2003-cü il tarixli Qanununa uyğun olaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 283-cü maddəsinin adında və mətnində "dini düşmənçiliyin" sözləri "dini nifrət və düşmənçiliyin" sözləri ilə əvəz edilmişdir.
 Bundan əlavə, Respublika Prezidentinin 2002-ci il 5 oktyabr tarixli, 795 saylı Fərmanı ilə təsdiq edilmiş Milli Televiziya və Radio Şurası haqqında Əsasnamə"nin 7.5-ci bəndinə görə, Şura həmçinin, dini ayrı-seçkiliyin təbliğinə yol verilməməsinə nəzarət edir.
 Qeyd olunmalıdır ki, ötən illər üzrə Azərbaycan Respublikasının məhkəmələri tərəfindən milli, etnik, mədəni, dini nifrət və düşmənçiliyə və s. əsaslara görə, yəni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 103 (Soyqırımı), 109 (Təqib), 120.2.12 (Qəsdən milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə adam öldürmə), 154 (Bərabərlik hüququnu pozma), 167 (Dini ayinləri icra etməyə mane olma), 168 (Dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarına qəsd etmə) və 283-cü (Milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddələrinə əsasən, heç bir şəxs məhkum olunmamışdır.

“Dini etiqadından asılı olmayaraq şəxslərin hüquq bərabərliyi var”

Tanınmış ilhaiyyatçı Tural İrfan “Bakı-Xəbər”ə şərhində “Azərbaycan Respublikasının Konstitusiyasına görə milli, dini, irqi ayrı - seçkilik qanunla qadağandır və "Dini etiqad azadlığı haqqında qanun"da bir çox müddəalar təsbit olunub. Belə ki, dini etiqadından asılı olmayaraq şəxslərin hüquq bərabərliyi var. Həmin qanunun 4-cü Maddəsində göstərilir ki," Hər kəs dini mənsubiyyətindən asılı olmayaraq qanun və məhkəmə qarşısında bərabərdir. Şəxsin dini mənsubiyyətinin rəsmi sənədlərdə göstərilməsinə yalnız onun arzusu ilə yol verilir” - deyə bildirdi.

“Azərbaycan Konstitusiyasında göstərilən...”

T.İrfan qeyd etdi ki, öz dini əqidəsinə görə heç kəs qanunla müəyyən edilmiş vəzifələrin icrasından imtina edə və ya boyun qaçıra bilməz. “Bir vəzifənin icrasının dini əqidəyə görə digər vəzifənin icrası ilə əvəz edilməsinə yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş hallarda yol verilir".

Həmçinin dövlət və dini qurumlar, dini təhsil, kütləvi dini ibadət və ya mərasimlər, dini qurumlar, dini icmalar, dini mərkəz və idarələr barədə mütərəqqi müddəalar mövcuddur. Tolerantlıq qəbul edilmiş konstitusiya və qanunlarımızın mahiyyətindədir. Vətəndaşların hüquq bərabərliyinin özü tolerantlığın özəyini təşkil edən amillərdəndir. Ən əsası isə dini tolerantlıq qanundan əlavə ənənədən, insanların vicdan və mənəviyyatından qaynaqlanan milli xüsusiyyət olmalıdır və xalqımız da bu yoldadır. Ümumiyyətlə adətən o şeyləri qabarıq halda qanuna salırlar ki, həmin mövzuda problem, boşluq və yaxud ehtiyac var. Bizim qanunlarımızda isə bu məsələ təsbit olunmaqla yanaşı deyə bilərik ki, ölkəmizdə tolerantlıqla bağlı heç zaman problem olmamışdır. Elə zənn edirəm ki, bu tarix boyu belə olub. Çünki xalqımızın qədim insani, milli, mənəvi dəyərləri tam oturuşub, Azərbaycanda yaşayan xalqların, dinlərin nümayəndələrinin arasında həmişə dostluq, qohumluq münasibətləri inkişaf edib.

Milli yaxud dini mənsubiyyətindən asılı olmayaraq bütün Azərbaycan vətəndaşlarının bərabər olması işin əsasıdır. Azərbaycan Konstitusiyasada göstərilən vicdan azadlığının tərkibi olaraq inanclı yaxud inancsız vətəndaşların tam bərabərhüquqlu vətəndaş statusu daşıması, inanclarına uyğun qanun çərçivəsində ibadət və ayinlərini həyata keçirmə azadlığı tolerantlığın qanunla tənzimlənən ən ümdə prinsipi hesab oluna bilər. Bununla yanaşı digər müddəalarda da tolerantlığın qorunması, inkişafı barədə təsvirlər var.

Gedən islahatlar çərçivəsində və bu işlə məşğul olan qurumlar tərəfindən həmin proseslər çərçivəsində dini və milli tolerantlıq haqda yüksələn tempdə işlərin görülməsi nəzər çarpır. Hesab edirəm ki, həm qanunvericilikdə, həm də icra sahəsində tolerantlıq mövzusunda kifayət qədər dolğun qanunlarımızın icrası tam həyata keçirilir. Bir sözlə, bu sahədəki qanunları və fəaliyyəti normal hesab etmək olar” - deyə T.İrfan vurğuladı. 

İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.





Chosen
34
baki-xeber.com

1Sources