Həbsdə olan ictimai fəal Nicat İbrahimin səhhətindəki problemlər daha da pisləşib.
"Həkimlər dedilər ki, Nicatın vəziyyəti yaxşı deyil, həyati riski var. Boğazın kəsilmiş hissəsi onun həyatı üçün risk mənbəyidir", - noyabrın 1-də fəalın xanımı Pərvin İbrahim Turan-a bildirib.
İbrahim ona qarşı fiziki zorakılığa etiraz edərək polisdə öz boğazını kəsib. Polis ondan narkotik maddə cinayətini etiraf etməsini tələb edib. O da etiraz olaraq bu addımı atıb, Pərvin İbrahim xatırladıb.
"Nicat dedi ki, yaradan əziyyət çəkir. Vətər kəsilməsi səbəbindən  əlinin bir barmağını hərəkət etdirə bilmir, boğazındakı yaralar pis vəziyyətdədir", - o deyib.
Polis zorakılığı ilə bağlı prokurorluğa şikayətlərdən 37 gün sonra ifadə almaq üçün İbrahimin yanına gediblər. Buna görə də polis zorakılığı ilə əlaqədar bədəndəki qançırlar 37 gün ərzində yox olub", - Pərvin İbrahim deyib.
O bildirib ki, həyat yoldaşı uzunmüddətli aclığı dayandırıb. Aclıq zamanı onu Maştağa qəsəbəsindəki Respublika Psixiatriya Xəstəxanasına aparıblar.
*Sentyabrın 9-da Nicat İbrahim qəsdən sağlamlığa ciddi ziyan vurmaqda (Cinayət Məcəlləsinin 126.1-ci maddəsi) ittiham olunaraq polis tərəfindən saxlanılıb.
Daxili İşlər Nazirliyinin onun ölkədən çıxışına qoyduğu qadağaya etiraz olaraq oktyabrın 5-dən istintaq təcridxanasında aclıq edib.
Sentyabrın 6-da sərhədçilər bu qadağanı əsas gətirərək onu Bakı-Kişinyov reysinə buraxmayıblar. Eyni zamanda, xanımı və 2 azyaşlı uşağını təyyarəyə buraxıblar.
Bundan sonra o, qadağanın ləğvi tələbilə Daxili İşlər Nazirliyinə zəng edib və nazirliyin binası qarşısında özünü yandırmaqla hədələyib. Sentyabrın 9-da saxlanılıb və ona qarşı ittiham irəli sürüblər.
** Nicat İbrahim 2021-ci ildə bir dəfə cinayət məsuliyyətinə cəlb edilib və karantin rejimini pozmaqda ittiham olunaraq 15 ay azadlıqdan məhrum edilib. Həbsinə Prezident Administrasiyası qarşısında təkbaşına piket keçirməsi səbəb olub.