EN

İstintaq təcridxanasında fəalın vəziyyəti ağırlaşıb

Həbsdə olan ictimai fəal Nicat İbrahimin səhhətindəki problemlər daha da pisləşib.

"Həkimlər dedilər ki, Nicatın vəziyyəti yaxşı deyil, həyati riski var. Boğazın kəsilmiş hissəsi onun həyatı üçün risk mənbəyidir", - noyabrın 1-də fəalın xanımı Pərvin İbrahim Turan-a bildirib.

İbrahim ona qarşı fiziki zorakılığa etiraz edərək polisdə öz boğazını kəsib. Polis ondan narkotik maddə cinayətini etiraf etməsini tələb edib. O da etiraz olaraq bu addımı atıb, Pərvin İbrahim xatırladıb.

"Nicat dedi ki, yaradan əziyyət çəkir. Vətər  kəsilməsi səbəbindən   əlinin bir barmağını hərəkət etdirə bilmir, boğazındakı yaralar pis vəziyyətdədir", - o deyib.

Polis zorakılığı ilə bağlı prokurorluğa şikayətlərdən 37 gün sonra ifadə almaq üçün İbrahimin yanına gediblər. Buna görə də polis zorakılığı ilə əlaqədar bədəndəki qançırlar 37 gün ərzində yox olub", - Pərvin İbrahim  deyib.

O bildirib ki, həyat yoldaşı uzunmüddətli aclığı dayandırıb. Aclıq zamanı onu Maştağa qəsəbəsindəki Respublika Psixiatriya Xəstəxanasına aparıblar.

*Sentyabrın 9-da Nicat İbrahim qəsdən sağlamlığa ciddi ziyan vurmaqda (Cinayət Məcəlləsinin 126.1-ci maddəsi) ittiham olunaraq polis tərəfindən saxlanılıb.

Daxili İşlər Nazirliyinin onun ölkədən çıxışına qoyduğu qadağaya etiraz olaraq oktyabrın 5-dən istintaq təcridxanasında aclıq edib.

Sentyabrın 6-da sərhədçilər bu qadağanı əsas gətirərək onu Bakı-Kişinyov reysinə buraxmayıblar. Eyni zamanda, xanımı və 2 azyaşlı uşağını təyyarəyə buraxıblar.

Bundan sonra o, qadağanın ləğvi tələbilə Daxili İşlər Nazirliyinə zəng edib və nazirliyin binası qarşısında özünü yandırmaqla hədələyib. Sentyabrın 9-da saxlanılıb və ona qarşı ittiham irəli sürüblər.

** Nicat İbrahim 2021-ci ildə bir dəfə cinayət məsuliyyətinə cəlb edilib və karantin rejimini pozmaqda ittiham olunaraq 15 ay azadlıqdan məhrum edilib. Həbsinə Prezident Administrasiyası qarşısında təkbaşına piket keçirməsi səbəb olub.

Chosen
35
turan.az

1Sources