EN

ƏSL ZİYALI MÖVQEYİ - Fuad Biləsuvarlı yazır

(Qulu Məhərrəmli – 70)

Mən özüm üçün kumir hesab etdiyim böyük söz ustası, professor Qulu Məhərrəmlinin "Altun kitab" nəşriyyatında işıq üzü görmüş "Gələcəyə ön söz" məqalələr toplusunu çox böyük maraqla oxudum və etiraf edirəm ki, iti qələmi, bənzərsiz fikirləri olan müəllifin hər şeyi olduğu kimi görmək bacarığına heyran oldum. Müxtəlif mövzuları əhatə edən bu məqalələr vaxtilə "Ayna" qəzetində və eyniadlı saytda oxucuların diqqətinə çatdırılmışdı.

Professor Qulu Məhərrəmli insanların gözünə dik baxıb əsl həqiqəti söyləməyi bacaran yetkin bir ziyalı, elm adamı, kəsərli qələm sahibidir. Kitaba səmimi ön söz yazmış Elçin Şıxlının dediyi kimi, Qulu Məhərrəmli ana dilimizin çağdaş problemlərini araşdıran ciddi bir alimdir.

Həmişə əsl vətəndaş mövqeyində durmağı bacaran, varlığımız və ictimai əxlaqımız üçün təhlükə yaradan meylləri cəsarətlə tənqid etməkdən çəkinməyən professor Qulu Məhərrəmlinin ən böyük silahı onun qələmidir. Qulu Məhərrəmlinin mətbuat tariximizdə öz yeri, mövqeyi var. Çünki o, uzun illər bir ziyalı kimi mətbuatımızın ağırlıqlarını çiyinlərində daşımağı məharətlə bacaran bir qələm sahibidir.

Açıq etiraf edirəm ki, Qulu müəllimin bir neçə il əvvəl işıq üzü görmüş bu toplusunu birnəfəsə oxudum. "Müsəlman Şərqində ilk parlamentli respublika - Demokraktik Cümhuriyyət qurmuş, insan hüquq və azadlıqlarını önə çəkmiş, müasir   tipli universitet yaratmış, senzuranı ləğv edərək mətbuat azadlığını demokratik dəyərə çevirmiş qurucu babalarımızın müqəddəs ruhuna dərin ehtiramla" çap olunmuş bu toplu hər bir ziyalının stolüstü kitabı olmağa layiqdir.

Təbii ki, kimsə məni qınaya bilər, mənim bu heyranlığımda "yanlışlıqlar" axtara bilər. Amma jurnalistika aləmində tam bişib, bərkiməmiş, auditoriyalara tanış olmayan bir gənc yazarın Qulu Məhərrəmli kimi tanınmış, öz sözünü demiş, bir azman, telejurnalist, publisist, bir alim haqqında bacardığı qədər söz söyləmək cəsarətinə biganə qalmaq, bir az yumşaq desək, bəlkə də, ədalətsizlik olardı. Bu dəyərli kitabında toplanmış məqalələrindəki dərin mühakimələri Qulu Məhərrəmlinin illərlə toplanmış zəngin dünyagörüşünün, yüksək ziyalı mövqeyinin nəticəsidir. İstənilən məsələ ilə bağlı yüksək ziyalı mövqeyinə və münasibətinə isə bütün dövrlərdə həmişə böyük ehtiyac duyulur.

Təsadüfi deyil ki, adı çəkilən kitabda Qulu müəllimin qətiyyətli gur səsini eşidirik: "Eeeyy!! Cənab deputatlar, uzaqgörən siyasətçilər", "politoloqlar", "ekspertlər",  köşə yazarları, hardasınız?..." Həmin yazının sonundakı tarixə baxıram. Düz on il əvvəl işıq üzü görmüş bu yazı bu gün də öz aktuallığını saxlayır. Düzdür, müdrik Ali Baş Komandanımızın yenilməz qətiyyəti, şücaətli ordumuzun döyüş bacarığı və cəsarəti, "dəmir yumruğu" ilə torpaqlarımız işğaldan azad olunub. Xalqımız hələ də 44 günlük Zəfər savaşının sevincini, demək olar ki, hər gün yaşayır. Amma bu misilsiz zəfərimizi, qəhrəmanlığı, möhtəşəm qələbədə xalqımızın əvəzsiz birliyini, qardaş Türkiyə ilə sarsılmaz vəhdətini "həzm" edə bilməyənlərə qətiyyətli mövqeyimizi bildirməyə, kəsərli sözümüzü deməyə həmişə hazır olmalıyıq.

Maraqla oxuduğum məqalələrdən biri də "Köhnə kişilər haqqında  hekayət" oldu. Köhnə kişilər. Belə kişilər haqqında yaşlı adamlardan çox eşitmişəm.

Bir də "Yaxşı kişilər yaxşı atları minib getdilər" deyərdilər. Müəllif də bu məqaləsində çox haqlı olaraq vurğulayır ki, "köhnə kişi" deyəndə, həm də adamın gözünün qabağında ağır təbiətli, təmkinli, qürurlu və şəxsi ləyaqət hissini hər şeydən üstün tutan bütöv bir xarakterin sahibi canlanır...

“Tarixə qovuşan tarixi şəxsiyyət" məqaləsi ustad jurnalist, mərhum professor Şirməmməd Hüseynovdan bəhs edir. Mətbuat tariximizin mahir bilicisinin əvəzsiz xidmətləri haqqında fikirlərini müəllif belə tamamlayır: "Şirməmməd müəllimin bu millət qarşısında tarixi bir missiyası var idi və həmin missiyanı şərəflə yerinə yetirdi, özündən sonrakılar üçün zəngin irs və mənalı yaşamaq örnəyi qoyub getdi... Şirməmməd Hüseynov vəfatı ilə mətbuat tariximizdə, muasir jurnalistikamızda böyük bir epoxa sona yetdi..."

Topludakı "Barış Manço ilə samuray söhbəti", "Şairlərin günahı nə ?!", "Tarixə qovuşan tarixi şəxsiyyət", "Dilimizi didən dərdlər", "Yaratmağın faciəsi",  "Dəmir ledi", əfsanəsi və sair məqalələr də çox maraqla oxunur. Və oxucu dərin mülahizələrlə dolu olan belə yazılara həmişə ehtiyac duyur.

Professor Qulu Məhərrəmli mənalı ömrünün 70-ci pilləsindədir. Bu illər mənasız keçməyib. Qulu müəllim yaşının bu vədəsində də böyük şövqlə yazıb-yaradır. Yazmaya bilmir, çünki çoxsaylı oxucuları ondan yeni-yeni əsərlər gözləyir...

İctimai şəxslərin  və yaxınlarının Qulu Məhərrəmlinin doğum günü münasibətilə dediklərini təqdim edirik:

“Hərdən “ilk dəfə necə tanış olmuşuq” sualı ətrafında düşünürük”

Azərbaycan Jurnalistlər Birliyinin sədri, “Ayna”-“Zerkalo” qəzetlərin təsisçisi Elçin Şıxlı:

“Sözün doğrusu, hərdən “ilk dəfə necə tanış olmuşuq” sualı ətrafında Qulu Məhərrəmli ilə birlikdə düşünürük. Mənim yadıma gəlmir (gülür). Çünki Qulu Məhərrəmli ictimai adamdır və tanışlıqdan əvvəl də onu televiziyada veriliş aparanda görürdüm. Ona görə də, bizə elə gəlir ki, onu lap çoxdan, televiziyada Qulu müəllimi görəndən tanımışıq. Xoş xatirələrimiz həddindən çoxdur.

Qulu Məhərrəmliyə cansağlığı, indiki kimi dinamik olmağı, bir yerdə durmayan, hər yerə özünü çatdıran enerji arzu edirəm. Arzu edirəm ki, o, daim indiki kimi jurnalistikadakı təcrübəsini tələbələrinə ötürə bilsin”.

“Biz hər il onun doğum gününü ilin sonuna qədər qeyd edirik”

Bakı Mətbuat Klubunun rəhbəri Arif Əliyev:

“İlk tanış olduğumuz gündən Qulu Məhərrəmli ilə mənim xoş xatirələrim o qədər çoxdur ki, onların arasında seçim etmək çətindir. Bu gün Qulu Məhərrəmlinin doğum günü yox, doğum aylarının başlanğıcıdır. Biz hər il onun doğum gününü ilin sonuna qədər qeyd edirik. Bir şeyə inanıram ki, bizim ən xoş xatirəmiz qabaqdadır. Məhz bu il baş verəcək. Çox şükür ki, Qulu Məhərrəmli zəfərdən sonra gedib öz doğma Zəngilan torpağını da gördü. Ən böyük arzumuz da odur ki, belə yubiley yaşlarını işğaldan azad olmuş öz ata-baba ocağında qeyd eləsin!

Mən Qulu Məhərrəmlini bağrıma basıram, onu həyatımda dost olaraq ən böyük qazanclarımdan hesab edirəm. Tək özüm üçün yox, elə bu ölkə, jurnalistika və bizim millət üçün də…”

Nəhayət, Qulu Məhərrəmliyə həyat yoldaşı Zemfira xanım, övladları və nəvələri ilə birgə böyük ailə xoşbəxtliyi arzulayıram”.

 

“Onunla yaxından tanışlığımız Amerika səfəri zamanı baş tutub”

Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid:

“Qulu Məhərrəmlini uzun illərdir tanıyıram. Onunla ilk dəfə yaxınlıqdan tanışlığımız 1998-ci ildə 23 gün Amerika səfəri zamanı baş tutub. Həmin səfər boyu Amerikanı gəzə-gəzə media qurumları, təşkilatları ilə görüşə-görüşə, həm də Qulu Məhərrəmlini yaxından tanıyırdım, gözəl jurnalist, jurnalistika üzrə alim, publisist, eyni zamanda gözəl səfər yoldaşı, gözəl insani keyfiyyətlərini Qulu müəllimdə kəşf edirdim. Aradan keçən 20 ildən artıq müddətdə də onu hər zaman dinamik və hərəkətdə görmüşəm. Olduqca pozitiv bir insandır”.

“Çox sevinirəm ki, mənim tələbəliyim hələ də davam edir”

Qulu Məhərrəmlinin həyat yoldaşı, Əməkdar jurnalist Zemfira Məhərrəmli:

“Əvvəla, sizə ailəmizə diqqət göstərdiyiniz üçün təşəkkürümü bildirirəm.

Qulu müəllim mənim tələbə yoldaşım olub və tanışlığımız qəbul imtahanlarından başlayıb. Sonra qismət oldu, biz beş il Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində təhsil aldıq. Qulu Məhərrəmli qrupumuzun ən yaxşı oxuyan tələbələrindən idi. Tale elə gətirdi ki, mənim tələbə yoldaşım oldu, sonra isə ömür-gün yoldaşım, iki qızımın atası, nəvələrimin babası. Həyatda ən böyük dayağım Qulu Məhərrəmli olub. O, adı böyük hərflərlə yazılan müəllimdir.

Qulu müəllim mənim peşə fəaliyyətimdə də həmişə yardımçım olub və ailəmizdə qarşılıqlı anlaşma hökm sürüb. Biz vaxt olub ki, kirayə evdə, dar mənzildə yaşamışıq. Bir balaca masamız var idi, bir ucunda Qulu müəllim yazırdı, bir ucunda mən. O balaca stol həm bizim yazı, həm də nahar masamız idi. O balaca stolda paltar da ütüləyirdim, Aytənimi, Şəhlamı da (qızları-müəl.) bələmişəm. Biz bu çətinlikləri görmüşük. Ailədə qarşılıqlı anlaşma əsasdır. Əgər anlaşma varsa, hüzur və həm də yaradıcılıq şəraiti var. Mən çox sevinirəm ki, mənim tələbəliyim hələ də davam edir. Çünki Qulu müəllim mənimlə eyni ailədə, eyni damın altındadır. Tələbəliyimiz davam edirsə, deməli gəncliyimiz davam edir.

İlk növbədə həyat yoldaşıma cansağlığı arzu edirəm. Əsas odur ki, onun həyat eşqi, yaradıcılıq əzmi heç vaxt tükənməsin. Allah onu var eləsin, həmişə ailəmizin başında olsun. Başımızın üstündən əskik olmasın”.

 

Sonda müəllif olaraq Qulu Məhərrəmliyə həsr etdiyim şeirimi də oxuculara təqdim edirəm:

Böyük insan

Yanır işığından sözlərin özü,

Sizi alqışlayır düzlərin düzü,

Böyük elmində var xalqların gözü,

Böyük insansınız, bu  Vətən üçün!

Elmi kitabların ayrıca məktəb,

Çox böyük uğura olubdu səbəb,

Sizdə aydın məram, ucadır mətləb,

Böyük insansınız, bu Vətən üçün!

Zemfira xanımla ömrü xoş sürün,

Gül qızlar böyüdüb, barların dərin,

Ağıllı, idraklı nəvələr görün,

Böyük insansınız, bu Vətən üçün!

Qələminin sehri dillər qurudur,

Nələrə qadirdi, durmadan yazır,

Kim nəyi bilməsə yanına qaçır,

Böyük insansınız, bu Vətən üçün!

Əməkdar jurnalist Qulu Məhərrəm,

Bizə yaxın doğma, ən əziz, məhrəm,

Yəqin xoş gələcək sizə bu kəlməm,

Böyük insansınız, bu Vətən üçün!

Öyrətmək eşqilə alışır sinən,

Hər vaxt belə olub,  mən görmüşəm, mən,

Fuadam, ömrünü elmə həsr edən,

Böyük insansınız, bu Vətən üçün!

Fuad BİLƏSUVARLI,

AYB üzvü, AJB üzvü, Prezident mükafatçısı

 

 

 

 

 

 

 

 

 

 

 

Chosen
57
50
hurriyyet.az

10Sources