EN

Konstitusiya Məhkəməsi əsas hüquq və azadlıqların müdafiəçisidir - ŞƏRH

Hər bir hüquqi dövlətdə olduğu kimi, Azərbaycanda da əsas insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində Konstitusiya Məhkəməsinin üzərinə böyük vəzifələr düşür.

 

Sfera.az xatırladır ki, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, Konstitusiya Məhkəməsinin əsas məqsədi Konstitusiyanın aliliyini təmin etmək, hər kəsin əsas hüquq və azadlıqlarını müdafiə etməkdir. Bu məqsədə nail olmaq üçün Konstitusiya Məhkəməsinə böyük sələhiyyətlər verilib.

 

Ana qanuna görə, Konstitusiya Məhkəməsi Azərbaycan Prezidentinin, Milli Məclisin, Nazirlər Kabinetinin, Ali Məhkəmənin, Prokurorluğun, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sorğusu əsasında bəzi məsələləri həll edir.

 

O, Azərbaycan Respublikası qanunlarının, Prezidentin fərman və sərəncamlarının, Milli Məclisin qərarlarının, Nazirlər Kabinetinin qərar və sərəncamlarının, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının Konstitusiyaya uyğunluğuna baxa bilər.

 

Bundan başqa, Azərbaycan Prezidentinin fərmanlarının, Nazirlər Kabinetinin qərarlarının, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının qanunlara uyğunluğunu, Nazirlər Kabinetinin qərarlarının, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının Prezidentin fərmanlarına uyğunluğunu, Azərbaycan Respublikası Ali Məhkəməsinin qərarlarının qanunda nəzərdə tutulan hallarda Konstitusiyaya və qanunlara uyğunluğunu yoxlamaq hüququna malikdir.

 

Bələdiyyə aktlarının Konstitusiyaya, Azərbaycan qanunlarına, Prezidentin fərmanlarına, Nazirlər Kabinetinin qərarlarına (Naxçıvan Muxtar Respublikasında həm də Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına, qanunlarına və Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərarlarına) uyğunluğu məsələsinə də baxmaq hüququ Konstitusiya Məhkəməsinə verilib.

 

Konstitusiya Məhkəməsi Azərbaycanın qüvvəyə minməmiş dövlətlərarası müqavilələrinin Konstitusiyaya uyğunluğu, hökumətlərarası müqavilələrin Konstitusiyaya və qanunlara uyğunluğuna baxır.

 

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının, qanunlarının, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qərarlarının və Nazirlər Kabinetinin qərarlarının Azərbaycan Konstitusiyasına uyğunluğu, Naxçıvan Muxtar Respublikası qanunlarının, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərarlarının, Azərbaycan qanunlarına uyğunluğu, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərarlarının Azərbaycan Prezidentinin fərmanlarına və Nazirlər Kabinetinin qərarlarına uyğunluğunu yoxlamaq hüququ da Konstitusiya Məhkəməsinə aiddir.

 

Konstitusiya Məhkəməsi qanunvericilik, icra və məhkəmə hakimiyyətləri arasında səlahiyyətlər bölgüsü ilə bağlı mübahisələrə da baxa bilər. Konstitusiyada mövcud olan müddəlar bəzi hallarda vətəndaşlar, dövlət orqanları, müəssisə və təşkilatlar tərəfindən düzgün başa düşülmür. Bu hallarda qanuna uyğun gəlməyən addımlar atılır, qərarlar qəbul olunur. Belə uyğunsuzluqları aradan qaldırmaq üçün Konstitusiya Məhkəməsi zərurət yarandıqda qanunlara şərh də verir.

 

Konstitusiya Məhkəməsi Azərbaycan Prezidentinin, Milli Məclisin, Nazirlər Kabinetinin, Ali Məhkəmənin, Respublika Prokurorluğunun, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sorğusu əsasında Konstitusiya və qanunları şərh edir.

 

Məhkəmələr insan hüquq və azadlıqlarının həyata keçirilməsi məsələləri ilə bağlı Konstitusiyanın və qanunlarının şərh edilməsi haqqında Konstitusiya Məhkəməsinə müraciət imkanına sahibdir.

 

Konstitusiya Məhkəməsinin qərarı Azərbaycan Respublikası ərazisində məcburi qüvvəyə malikdir.

 

Konstitusiya Məhkəməsi 14 iyul 1998-ci ildə yaradılıb. Konstitusiyanın 130-cu maddəsinin 1-ci hissəsinə müvafiq olaraq Konstitusiya Məhkəməsi 9 hakimdən ibarətdir. Həmin maddəyə görə, hakimlər Prezidentin təqdimatı əsasında Milli Məclis tərəfindən təyin olunur. Konstitusiya Məhkəməsi öz səlahiyyətlərinin icrasına 7 hakim təyin olunduqda başlaya bilər. Hakimlər 15 il müddətinə təyin olunurlar. Səlahiyyət müddəti başa çatdıqdan sonra Konstitusiya Məhkəməsinin hakimi təkrar eyni vəzifəyə təyin edilə bilməz. Məhkəmənin Sədri və Sədr müavini Azərbaycan Prezidenti tərəfindən təyin edilir.

 

«Konstitusiya Məhkəməsi haqqında» Qanunun 34.1-ci maddəsinə müvafiq olaraq hər kəs onun hüquq və azadlıqlarını pozan qanunvericilik və icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarından, bələdiyyə və məhkəmə aktlarından Konstitusiya Məhkəməsinə pozulan hüquq və azadlıqlarının bərpa edilməsi məqsədilə şikayət verə bilər.

 

Beləliklə, Konstitusiya Məhkəməsi Azərbaycanın qanunvericilik sisteminin bünövrəsini təşkil edən, Azərbaycanda ən yüksək və birbaşa hüquqi qüvvəyə malik olan Konstitusiyanın ölkədə siyasi sabitliyin, milli sülhün və barışığın qarantı kimi çıxış etməsinə, bu yolda uyğunsuzluqların aradan qaldırılmasına böyük fayda verir.

 

Konstitusiya dövlət quruluşunun əsaslarını, şəxsiyyət, cəmiyyət və dövlət arasında münasibətlərin hüquqi çərçivələrini, siyasi sistemin təşkili prinsiplərini, hakimiyyətlərin bölünməsini, hakimiyyət orqanlarının təşkili, səlahiyyətləri və fəaliyyət qaydalarını müəyyənləşdirir, o, insan hüquqları və azadlıqlarının təminatı ilə bağlı mühüm məsələləri tənzimləyir.

 

Dövlət quruluşunun başlıca prinsiplərini müəyyən etməklə yanaşı, Konstitusiya həm də ictimai maraqların qorunması məqsədilə cəmiyyət həyatının müxtəlif sahələrinə dövlətin müdaxiləsinin meyarlarını və belə müdaxilənin yol verilə bilən hədlərini dəqiqləşdirir, bu sahədə dövlət siyasətinin ümumi istiqamətlərini müəyyən edir. Sadalanan vacib məsələlərin həyata keçirilməsində Konstitusiya Məhkəməsinin üzərinə böyük məsuliyyət düşür.

 

Vasif Cəfərov

Sfera.az

 

Mövzu: Insan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması;

Qeyd: Bu yazı Medianın İnkişafı Agentliyinin dəstəyi ilə hazırlanıb.

Chosen
26
sfera.az

1Sources