EN

Mədəni-maarif proqramlarına daim yenilikçi münasibət olmalıdır...

Image

Cəmiyyətin həyatında, insanların zövqünün formalaşmasında, bilik əhatəsinin genişlənməsində, savadlanmasında, informasiya ilə təmin olunmasında mühüm amillərdən biri, bəlkə də birincisi elmi-kütləvi, mədəni-maarif proqamlarıdır ki, onların inkişaf etdirilməsi çox vacibdir. 

Çevik internet əsrində yaşadığımız üçün bu cür proqramların daha geniş, daha əhatəli və daha çox şaxəli yayılması üçün kifayət qədər imkanlar var, sadəcə bu resurslardan istifadə edib onları canlandırmaq, cəmiyyəti maarifləndirmək lazımdır. 

Vaxt vardı, televiziyalarda, radiolarda mədəni-maarif proqramları kifayət qədər idi və böyük təsir imkanları vardı. Kitabxanalarda, mədəni-maarif ocaqlarında, klublarda, mədəniyyət və yaradıcılıq evlərində olduqca maraqlı kütləvi tədbirlər, tamaşalar, filmlər təqdim edilirdi. Son dövrlər əsasən kitabxanalarda, universitetlərdə, ictimai təşkilatlarda bu cür tədbirlər keçirilir. Düzdür, onların sayı əvvəlki illərlə müqayisədə çox azdır. Dövlət səviyyəsində televiziyalarda, digər sahələrdə məni-maarif proqramları həyata keçirilir. Xüsusən keçirilən silsilə bir sıra muğam müsabiqələri cəmiyyətdə böyük marağa səbəb olub. Müasir dövlətlərdə bütün sahələri əhatə edən inkişaf proqramlarının tətbiqi ölkənin güclənməsi baxımından ən vacib faktorlardan biri hesab edilir. Xüsusilə də mədəni-maarif proqramlarının hazırlanması və təkmilləşdirilməsi çox vacibdir. Azərbaycanda bu istiqamətdə bir sıra işlər görülsə də, amma görüləsi işlər çoxdur. O baxımdan mədəni-maarif proqramlarının indiyə qədərki vəziyyəti və prespektivdə nələr gözlənilir? Bu sahənin necə dəyişməyə ehtiyac var? Yəni mədəni-maarif proqramları sahəsində yeniliklərə, islahatlara nə formalarda ehtiyac var?

Dövlət rəhbərliyinin, Heydər Əliyev Fondunun təsiri altında böyük işlər görülür

Sözügedən məsələyə aydınlıq gətirən Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, www.kitabxana.net – Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxana portalının və www.yenimedia.net saytının təsisçisi/baş redaktoru, Prezident təqaüdçüsü, yazıçı-kulturoloq Aydın Xan Əbilov “Bakı-Xəbər”ə açıqlamasında bununla bağlı bir sıra məqamlara toxundu: “21-ci əsr intellektual dəyərlər dövrü, eyni zamanda informasiya və informasiya ilə bağlı olan texnologiyalar dövrüdür. Əlbəttə ki, internet, sosial media, sosial şəbəkələr həyatımızın bir çox sahələrini dəyişdiyi kimi, mədəni-marif sahələrini də öz təsiri altına alır. Cəmiyyətin intellektual, kriativ, kulturoloji və mədəni inkişafı bütün dövlətlərdə, zamanlarda hakimiyyətin ali rəhbərliyini hər zaman düşündürüb. Çünki savadsız cəmiyyəti, şaiyələrlə, hansısa təsirlərlə azdırmaq daha asandır, nəinki oturuşmuş savadlı, intellektual cəmiyyətləri və xalqları. Gəlin baxaq dünyanın konfliktlər gedən ölkələrinə. Ərəb, Afrika ölkələri, Cənubi Amerika dövlətləri. O cümlədən də Hindistan və bir sıra inkişaf etməmiş Cənub-Şərqi Asiya ölkələri. Sözügedən ölkələrdə intellektual səviyyə aşağı olduğuna görə, iqtisadi-sosial vəziyyət həmin ölkələrdə ağırdır. Çünki bütün bunlar təhsil və mədəni səviyyəyə mənfi təsir edir. İnsanlar hər bir kiçik hadisə ilə bağlı böyük konfliktlərə, siyasi münaqişələrə gedə bilirlər. Hətta xarici qüvvələrin təsiri ilə inqilab edib hakimiyyəti güc yolu ilə dəyişirlər. Ancaq bütün bunlar heç də həmin ölkələri ağ günə çıxarmır. Əksinə, daha da pis günə düşürlər. Mədəni-maarif dəyərlərinin inkişafı, yeni texnologiyalarla zənginləşdirilməsi, xüsusən də orta və ali təhsil ocaqlarında bizim gənc nəslin intellektual, elmi, kulturoloji bilgilərə malik olması, onların estetik dəyərlərinin zənginləşdirilməsi ilə bağlı ölkəmizdə çox böyük nəhəng proqramlar həyata keçirilib. Azərbaycanda bu sahəyə cavabdeh qurumların ümumən işindən narazı qalsaq da, amma dövlət rəhbərliyinin, Heydər Əliyev Fondunun, digər rəsmi qurumların təsiri altında böyük işlər görülür. Məsələn, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Elm Fondu, Azərbaycan Gənclər Fondu, Bilik Cəmiyyəti, Mədəniyyət Fondu, eləcədə Mədəniyyət Nazirliyi, Elm və Təhsil, İdman nazirlikləri və digər qurumlar bu sahədə bir sıra işlər görüb. Üstəlik, dövlətin maliyyələşdirdiyi Yazıçılar İttifaqı, Kinomatoqrafçılar İttifaqı, Bəstəkarlar İttifaqı, Rəssamlar İttifaqı kimi çox güclü, otruşmuş klassik estetik dəyərlərə cavab verən qurumlarımız mədəni-maarif işlərinin həyata keçirilməsində böyük işlər görürlər”.

Bu sahədə müasir, kreativ metodlar tətbiq edilməlidir

Bütün bunlara baxmayaraq, Aydın Xan Əbilov hesab edir ki, müəyyən mənada biz kəmiyyətdən keyfiyyətə keçidi görmürük: “Məsələn, Milli Elmlər Akademiyasında islahatlar aparıldı. Ancaq hələ də o istədiyimiz keyfiyyəti biz ondan ala bilmirik. Yaradıcı qurumlar içərisində Yazıçılar İttifaqından başqa ümumiyyətlə, digər qurumlar sanki yox dərəcəsindədir. Onların səsi-sorağı yoxdur. Haçansa rəhbərlərindən biri dünyasını dəyişirsə, yaxud da qurultay olanda səs küy olur. Bununla da məsələ bitdi. Ondan sonra hər şey yaddan çıxır. Bütün bunlar mədəni-maarif işlərinin bir hissəsidir. Ona görə də bu qurumlar kompleks halda, bir biri ilə razılaşdırılmış formada işləməlidir. Dövlətin bu sahədə müxtəlif proqramları var. Gənclər siyasəti ilə bağlı dövlət proqramı hər 5 ildən bir dəyişilir. Elm və təhsilin inkişafı ilə bağlı çoxsaylı proqramlar qəbul edilir. Ölkə başçısı müvafiq sərəncamlar imzalayır. Bütün bunların bir çoxu ilə bağlı kampaniya xarakterli hansısa tədbirlər keçirilir. Ancaq yenə də biz istədiyimiz nəticəni ala bilmirik. Prezident İlham Əliyev dəfələrlə bildirib ki, biz milli-mənəvi dəyərlərimizin inkişafında maraqlıyıq. Gənclərimiz mütləq bu dəyərlərlə böyüməlidir. Ona görə də telekanallardan tutmuş kitabxanalara qədər bütün müvafiq qurumlar mədəni-maarif işinə töhvə verməlidir. Bu, hər birinin qarşısında qoyulan vəzifədir. Bu sahədə həyata keçirilən layihələrin keyfiyyəti artırılmalıdır. Eyni QHT-lərə layihələr vermək doğru deyil. Mədəni-maarif prosesləri təbii getməlidir, eyni zamanda geniş kütlələrə təsir etməlidir. Yalnız klassik ənənələrlə bunu inkişaf etdirmək olmaz. Müasir, kriativ metodlar tətbiq edilməlidir”.

Vidadi ORDAHALLI
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.





Chosen
30
baki-xeber.com

1Sources