EN

Azərbaycanı böyük su imtahanı gözləyir

Yazını böyüt
Yazını kiçilt

Azərbaycanın su ehtiyatlarının daxildən təmin edilməsi üçün işlər aparılmalıdır. Bunu texnika elmləri doktoru Əhməd Məmmədov BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) həsr olunmuş "Coğrafiyanın müasir problemləri: elm və təhsilin inteqrasiyası" III Beynəlxalq elmi-praktiki konfransında deyib.

O bildirib ki, Azərbaycanı yaxın gələcəkdə böyük su imtahanı gözləyir: "Azərbaycanda iqlim dəyişikliyini nəzərə alsaq, bu gün su qıtlığı var. 2050-ci ilə qədər bu proses davam edəcək. Ona görə də Azərbaycanın su ehtiyatlarının daxildən təmin edilməsi üçün işlər aparılmalıdır. Yerli çayların su ehtiyatlarından maksimum istifadə etməliyik".

Mütəxəssis əlavə edib ki, çaylar üzərində su anbarı tikilsə, ərazidə yaşayan əhalinin su ehtiyatlarını təmin etmək mümkün olacaq, həm də kənd təsərrüfatı üçün lazımi su mənbəyi yaranacaq.

Qeyd edək ki, dünyada qlobal iqlim dəyişmələri ilə bağlı su ehtiyatlarının həcmi sürətlə azalır. Mütəxəssislərin hesablamalarına görə, Azərbaycan da su resursları baxımından həssas ölkələr sırasındadır. Ölkənin su ehtiyatları Cənubi Qafqazın digər ölkələri ilə müqayisədə məhduddur və bütün regiondakı su ehtiyatının təxminən 15 faizni təşkil edir. Azərbaycanda adambaşına düşən su ehtiyatı da qonşu ölkələrlə müqayisədə ən aşağı səviyyədədir. Bərpa olunan şirin su ehtiyatları 26,2 milyard kubmetrə çatır. Son 30 ildə ölkənin su ehtiyatı 20 faizə qədər azalıb və 2050-ci ilə qədər daha 15-20 faizə qədər azalacağı ehtimal edilir. BMT-nin İnkişaf Proqramının proqnozlarına görə, Azərbaycanda lazımi addımlar atılmazsa, 2050-ci ilədək su resursları daha da azalacaq.

Hazırda Azərbaycan hökuməti mövcud su ehtiyatlarının qorunması və səmərəli istifadəsi istiqamətində müvafiq addımlar atır. Bu yaxınlarda Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq olunmuş “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”da bununla bağlı yeni hədəflər müəyyən edilib. Sənədə görə, Bakı şəhərinin və ətraf ərazilərin içməli su təminatında duzsuzlaşdırılmış dəniz suyundan istifadəyə 2027-ci ilin sonunadək başlanılması planlaşdırılır. Belə ki, 2024−2027-ci illərdə “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”nın həyata keçirilməsi üzrə Tədbirlər Planına əsasən müvafiq sahədə beynəlxalq şirkətlərlə müqavilələrin bağlanılması və layihə sənədlərinin hazırlanması, dəniz suyunun duzsuzlaşdırılması yolu ilə içməli su istehsalı sahəsində bir pilot layihənin həyata keçirilməsi nəzərdə tutulur.

Sənədə əsasən, eyni zamanda yüksək minerallaşmış yeraltı suların təmizlənməsi və istifadəyə cəlb edilməsi, su təminatında aktiv istifadə olunan kəhrizlərin sayının artırılması, kollektor, drenaj və tullantı sularının emalı və təkrar istifadəyə cəlb edilməsi, yağış sularının idarə olunması və istifadəyə cəlb olunması planlaşdırılır.

Strategiyada qeyd olunur ki, Azərbaycan əhalisinin içməli su ilə təmin edilməsi üçün ölkə üzrə 28,4 kubmetr/saniyə (894 milyon kubmetr/il) su tələb olunur. Lakin faktiki olaraq mərkəzləşdirilmiş formada xidmət göstərilən yaşayış məntəqələrinə mövcud içməli su mənbələrindən 21 kubmetr/saniyə (662 milyon kubmetr/il) su verilir. Bu sahədə mövcud su itkilərinin 37 faiz (7,77 kubmetr/saniyə) təşkil etməsi səbəbindən 13,23 kubmetr/saniyə su əhalinin istehlakına sərf olunur ki, bu da normativ tələblərdən 53,5 faiz (15,2 kubmetr/saniyə) azdır.

Strategiyaya əsasən, eyni zamanda yüksək minerallaşmış yeraltı suların təmizlənməsi və istifadəyə cəlb edilməsi, su təminatında aktiv istifadə olunan kəhrizlərin sayının artırılması, kollektor, drenaj və tullantı sularının emalı və təkrar istifadəyə cəlb edilməsi, yağış sularının idarə olunması və istifadəyə cəlb olunması planlaşdırılır.

Yeni hədəflərə görə, Azərbaycanda süni yağış texnologiyası da sınaqdan keçiriləcək. İlkin olaraq bununla bağlı 1 pilot layihənin icra olunması nəzərdə tutulur. Strategiyaya əsasən, 2024−2027-ci illərdə Elm və Təhsil Nazirliyi və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi n Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinet ilə birgə süni yağış texnologiyasının inkişafı ilə bağlı tədqiqatlar aparılmasını, müvafiq sahədə texniki-iqtisadi əsaslandırma və layihə sənədlərinin hazırlanmasını, pilot layihələrin müəyyən edilməsini, süni yağış texnologiyası ilə bağlı 1 pilot layihənin icrasını təmin etməlidir.

Mövzu ilə bağlı Həsən Əliyev adına Coğrafiya İnstitutunun Xəzərin hidrometeorologiyası şöbəsinin müdiri, coğrafiya elmləri doktoru Səid Səfərov deyib ki, adətən süni yağış texnologiyasından meşə yanğınlarının qarşısının alınması üçün istifadə olunur: “Çünki bəzən insanların gücü və hətta təyyarələrin köməyi ilə meşə yanğınlarını söndürmək olmur, lakin oraya müəyyən miqdarda yağıntıların düşməsi meşə yanğınlarının qarşısını ala bilər. Bəzi ölkələrdə kənd təsərrüfatı məqsədləri üçün də süni yağış yağdırılması artıq aktuallaşıb. Bəzən görürük ki, havada buludlar, amma yağıntı düşmür. Çünki buludda yağıntıların yaranması və düşməsi üçün bulud zərrəciklərinin ölçüləri müəyyən kritik həddən böyük olmalıdır. Halbuki buludda kristallaşma mərkəzləri olmadan bu, mümkün deyil. Yer səthindən fərqli olaraq, orta troposferdə təbii kristallaşma mərkəzləri, demək olar ki, olmur və su damcıları hətta mənfi temperaturlarda belə dona bilməyərək ifrat soyumuş vəziyyətdə qalır. Donma prosesi yalnız buludun yuxarı sərhədinin təxminən mənfi 20°C-yə uyğun hündürlükdən yuxarıya qalxdığı hallarda baş verir ki, bu da sinoptik şəraitdən asılı olaraq həmişə mümkün olmur və beləliklə də yağıntılar düşmür. Süni yağış yağdırmağın da əsas prinsipi ondan ibarətdir ki, buluda daha yuxarı temperaturlarda buz zərrəciklərini əmələ gətirə bilən xüsusi reagentlər göndərməklə, adi halda yağıntı verməyən aşağı buludlarda belə yağıntıların əmələ gəlməsini təmin etmək mümkün olsun. Bu məqsədlə adətən xırdalanmış quru buz kristallarından və gümüş-yod reagentindən istifadə olunur. Süni kristallaşdırma mərkəzlərini buluda çatdırmaq üçün əsasən yerüstü tüstüləmə generatorlarından, xüsusi təyyarələrdən və raket-artilleriya sistemlərindən istifadə edilir”.

Alim onu da qeyd edib ki, bəzi hallarda süni yağıntılardan istifadə oluna bilər: “Bunun hələlik pilot layihə kimi nəzərdə tutulması yaxşı haldır. Çünki bu layihə gözlənilən nəticəni verməyə də bilər. Süni yağış texnologiyası üzrə pilot layihənin həyata keçirilməsi müsbət nəticələr verərsə, gələcəkdə ölkənin digər ərazilərinə tətbiq etmək mümkündür. Hesab edirəm ki, əsas strateji addım dəniz suyunun duzsuzlaşdırılmasının nəzərdə tutulmasıdır. Mövcud ehtiyatlardan mütləq ehtiyaca uyğun şəkildə istifadə etməliyik”.

Mövzu ilə bağlı su məsələləri üzrə ekspert Rövşən Abbasov deyib ki, dəniz suyunun duzsuzlaşdırılması təcrübəsi Körfəz ölkələri və İsraildə daha geniş yayılıb: “Ayrı-ayrı ölkələrin bu işə çəkdiyi xərcin məbləği fərqlidir. Həmin ölkələrdə bir kubmetr suyun təmizlənməsi üçün orta hesabla 1,5-2,5 dollar arasında xərc çəkilir. Xəzər dənizində isə bu xərcin daha az olacağı, kifayət qədər rəqabətədavamlı qiymətin formalaşacağı gözlənilir”.

Onun fikrincə, alternativ su mənbəyi kimi nəzərdən keçirilən layihənin həyata keçirilməsi Azərbaycanın regionlarından, uzaq məsafələrdən Bakıya daha az həcmdə suyun nəqlinə gətirib çıxara bilər. Bu isə həmin ərazilərin özünün su ilə təminatını yaxşılaşdırar.

Mütəxəssis hesab edir ki, Xəzər dənizindən əldə edilmiş içməli su hesabına Abşeron yarımadasını içməli su ilə təmin etmək olar. Ancaq ilk növbədə Bakının Xəzər rayonunun su ilə təmin olunması daha yaxşıdır: "Çünki bu ərazilər həm uzaqdadır, həm də onların su mənbələri yoxdur. Bu ərazilərə suyun verilməsi xeyli baha başa gəlir. Bunları nəzərə alaraq, ilkin olaraq, diqqətin həmin yaşayış məntəqələrinin üzərinə cəmlənməsi daha məqəsədəuyğundur”.

Ekspertin sözlərinə görə, layihənin gercəkləşməsi nəticəsində ölkənin içməli su ehtiyatının nə qədər artacağını indidən demək mümkün deyil. Bu rəqəm təmizlənmiş suyun həcmindən asılı olaraq dəyişə bilər: "Bəzən deyirlər ki, bu layihə Xəzər dənizinin quruması təhlükəsini yaradar. Amma belə bir təhlükə yoxdur, çünki Xəzərdən götürülən su istifadə olunduqdan sonra yenidən təmizlənərək Xəzərə axıdılacaq. Hətta ola bilər ki, su təkrar təmizlənsin və yenidən istifadə edilsin. Bu, mümkündür. Çünki suyu istənilən qədər təmizləmək olar”.

 

 

Chosen
53
17
hafta.az

10Sources