EN

Ramil Usubov: Azərbaycan real vasitələrlə Ermənistanı sülh müqaviləsini imzalamağa məcbur edə bilər

Məlum xarici dövlətlərin və təsisatların Ermənistan ərazisi vasitəsilə yeni təhdid ocaqları yaratmağa cəhd göstərmələri, eləcə də digər bu kimi proseslərin son aylarda daha da geniş vüsət alması bölgəmizdə həssas olan vəziyyəti daha da gərginləşdirir.

"Report" xəbər verir ki, bunu Azərbaycanın Təhlükəsizlik Şurasının katibi Ramil Usubov "Azərbaycan" qəzetində dərc edilmiş məqaləsində bildirib.

"Belə bir revanşist siyasət qarşısında Azərbaycan öz təhlükəsizlik sistemini ardıcıl gücləndirir, hər cür xarici təsirə qarşı qısa müddətdə effektiv cavab-nəticə verəcək müdafiə sistemini və zərbə strategiyasını artıq tam formalaşdırıb. Həm də bu, dəfələrlə uğurla sınaqdan çıxarılıb.

Azərbaycan Respublikası onun təhlükəsizliyinə qarşı yönələn hər bir təzyiq və təsir cəhdini yerindəcə dəf etmək iqtidarındadır. Erməni revanşistləri ilə yanaşı, bölgədə Azərbaycanın müstəqil iradəsini və liderliyini qəbul etməyən bəzi iri dövlətlər ötən illərin təcrübəsindən düzgün nəticə çıxarmalı, nəyin necə və nə vaxt ediləcəyini dəqiq bilən strategiyanın və "Dəmir Yumruğ"un gücünü heç vaxt unutmamalıdırlar. Bilməlidirlər ki, regionda yaradılacaq hər hansı hərbi qarşıdurma, Azərbaycanın zorən yeni münaqişəyə cəlb edilməsi onun üçün daha ağır nəticələrə səbəb olar", - məqalədə deyilir.

R.Usubov qeyd edib ki, Azərbaycan savaşın qalibi və bölgənin hərbi güc mərkəzi statusundan bəhrələnərək, əlindəki real vasitələrlə məğlub Ermənistanı qalıcı sülhə, yəni sülh müqaviləsini imzalamağa məcbur edə bilər:

"Rəsmi Bakı bunu həm beynəlxalq hüququn tələblərinə əsaslanaraq, həm də beynəlxalq təcrübədə olan onlarla fakta istinad edərək gerçəkləşdirmək iqtidarındadır. Son onilliklərdə fövqəldövlətlərin Afrika, Asiya, hətta Avropa qitələrində "Qaliblər mühakimə olunmur" prinsipi ilə hansı "sülhyaratma" fəaliyyətləri göstərdiklərinə şahidik. Azərbaycan isə danışıqlar prosesində qalib ədasından uzaqdır. Problemin həlli qarşılıqlı etimad mühiti əsasında və Ermənistanın onu uğursuzluğa düçar edən yanlış xarici təsirlərdən yaxa qurtararaq, öz dövləti və xalqının gələcəyi baxımından düzgün qərar verməsindədir".

Təhlükəsizlik Şurasının katibi məqaləsində vurğulayıb ki, sülh sazişini imzalamaq nə qədər əsasdırsa, onun real işləməsini və dayanıqlılığını təmin etmək bir o qədər vacibdir:

"Ermənistanla dövlət sərhədlərinin delimitasiya və demarkasiyası prosesində irəliləyişlərin müşahidə edilməsi və ümumi gedişat göstərir ki, Azərbaycanla Ermənistan heç vaxt olmadığı qədər sülhə yaxındırlar. Əgər rəsmi İrəvan onu növbəti məhvə sürükləyən havadarlarının ziyanlı təsirindən qurtulmağa özündə güc taparsa, iki dövlət arasında sülh sazişinin imzalanması mümkündür".

Chosen
48
50
far.az

10Sources