EN

Ermənistan indi də alternativ ordu qurur - ilginc hədəf

Polkovnikdən “Yeni diversiya təxribat dəstələri hazırlanır” xəbərdarlığı

Azərbaycana ərazi iddiasından tam imtina etməyən Ermənistan İrəvan rəsmilərinin sülh bəyanatları fonunda silahlanmağa davam edir. Artıq əminliklə söyləmək olar ki, yeni ordu quruculuğu Nikol Paşinyan hökuməti üçün Bakı ilə sülh müqaviləsi imzalamaqdan daha vacib və prioritet hesab edilir. Bu da yeni sübut.    

Ermənistan hökuməti ötən həftə “Müdafiə haqqında” Qanunla bağlı əlavələr paketini təsdiqləyib. Həmin dəyişikliklərlə Ermənistanda ərazi müdafiə sistemi kökündən dəyişdirilir. Yeni dəyişikliklərə əsasən, mövcud könüllü sistemi Ərazi Müdafiə Qoşunları ilə əvəz olunacaq. 

Qanunda Ermənistan ərazisində strateji dərinliyin olmamasının yerli könüllü ərazi müdafiə qüvvələrinin yaradılmasını tələb etdiyi vurğulanıb. Yeni bölmələr konkret rayonlardakı hərbi hissələrdə formalaşacaq və ordu korpusları tərəfindən əlaqələndiriləcək. “Onların əsas vəzifəsi təhdidlər zamanı Silahlı Qüvvələrin nizami bölmələrinə dəstək vermək olacaq”, - məlumatda bildirilir.

Yəni əslində söhbət “Azərbaycan təhlükəsi” bəhanəsi ilə alternativ ordu birləşmələri yaratmaqdan gedir. Buna nə ehtiyac? Həmin birləşmələr Azərbaycana qarşı diversiya-təxribat işləri ilə də məşğul olmayacaq ki?

Polkovnik

Rövşən Məhərrəmov 

Hərbi ekspert, polkovnik Rövşən Məhərrəmov “Yeni Müsavat”a bildirdi ki, Azərbaycan tərəfi Ermənistanla sülh müqaviləsi bağlamaq üçün addımlar atır. Ermənistan isə sülhə qarşı ən müxtəlif addımlar atmaqdadır. Hər gün bu addımlara yenilərini əlavə edirlər. Onlardan biri də “Müdafiə haqqında” qanuna əlavələr paketini qəbul etmələridir: “Ərazi müdafiə qoşunları yaratmaqla əslində müharibəyə hazırlaşdıqlarını bir daha nümayiş etdirmiş olurlar. Ərazi müdafiə qoşunları yerli insanlardan təşkil olunacaq və həmin insanlar dislokasiya olan hərbi hissələrdə, korpusun dislokasiya olan ərazilərində yerləşən hərbi hissələrində hazırlıqlar keçəcəklər, təlimlərə cəlb olunacaqlar. Korpuslar üçün onlar əlavə qüvvə rolunu oynayacaq. Ola bilsin ki, onlardan diversiya qrupları hazırlasınlar. Həmin diversiya qruplarından Azərbaycan ərazilərində təxribatlar törətmək üçün istifadə edə bilərlər. Zamanında dəfələrlə olub ki, Ermənistan Azərbaycan ərazilərində diversiya qrupları vasitəsilə təxribatlar törədib. Çoban olduğunu iddia eləyən ermənilərin əslində diversant olduğu təsdiqlənib. Yəni belə hadisələr də olub. Bundan sonra belə şəxslərin ərazi müdafiə qoşunları adı altında qanuniləşdirirlər. Müharibə başlayarsa, həmin ərazi müdafiə qoşunları adı verilən təxribat qrupları sərbəst silahlanacaqlar və təxrbatlar törədəcəklər. Ermənistan qanunlarında o cür dəyişikliklər etməklə sülh deyil, müharibə istiqamətində addımlar atır. Biz onlardan konstitusiyalarından Azərbaycana qarşı ərazi iddialarını çıxarmağı tələb edirik, onlar isə hərbi qanunlarına gələcəkdə Azərbaycana qarşı yönələcək təxribatçı qrupları qanunlaşdirən əlavələr edirlər. Sülh müqaviləsi bağlanmadan, sərhədlərin demarkasiyası, delimitasiyası başa çatmadan qanunlarında o cür dəyişikliklər etmələri ermənilərin təxribatlara hazırlaşmasının daha bir təsdiqidir. Azərbaycana qarşı yeni ad altında təxribat qruplarının yaradılmasını faktiki olaraq qanuna daxil ediblər”. 

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”  

Chosen
16
50
musavat.com

10Sources