EN

AzMİU-da yaşıl enerjiyə keçidlə bağlı təlim təşkil olundu - FOTOLAR

Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) ilə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi arasında imzalanmış əməkdaşlıq memorandumu çərçivəsində Tikinti-iqtisad fakültəsinin tələbələri üçün “İqlim dəyişikliyi və yaşıl enerjiyə keçid: Azərbaycanın hədəfləri” mövzusunda təlim təşkil olunub. 

"Unikal" xəbər verir ki, təlim Biznesin iqtisadiyyatı və menecment kafedrasının təşəbbüsü ilə baş tutub və menecment, biznesin idarə edilməsi və digər ixtisaslar üzrə təhsil alan tələbələr, gənc müəllimlər və doktorantlar iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan AzMİU-nun tədris işləri üzrə prorektoru professor Akif Qasımov təlimin əhəmiyyətini vurğulayaraq bildirib ki, 2024-cü ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi və BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının (COP29) Bakıda keçirilməsi belə tədbirlərin zəruriliyini artırır. Daha sonra kafedra müdiri professor Məhəbbət Məmmədov və fakültə dekanı dosent Turan Aslanova iqlim dəyişikliyinin təsirləri və yaşıl enerji keçid mövzusunda çıxış edərək iştirakçıları məlumatlandırıblar. Çıxışlarda COP29-un Azərbaycanda keçirilməsinin bu istiqamətdə xüsusi əhəmiyyət daşıdığı vurğulanıb.

Təlimin əsas təqdimatını İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin direktor müavini Ramil Hüseyn edib. O, “İqlim dəyişikliyi və yaşıl enerjiyə keçid: Azərbaycanın hədəfləri” mövzusunda danışaraq, ölkəmizin sosial-iqtisadi inkişafı üzrə “Azərbaycan 2030: Milli Prioritetlər” çərçivəsində atılan addımları diqqətə çatdırıb. Ölkəmizin “təmiz ətraf mühit və yaşıl artım ölkəsi” olmağı hədəflədiyini vurğulayıb və qlobal istixana qazı emissiyalarında cəmi 0,1 faiz pay sahibi olmasına baxmayaraq, iqlim dəyişikliyi ilə bağlı aktiv tədbirlər gördüyünü qeyd edib.

Ramil Hüseyn Azərbaycanın “yaşıl enerji” layihələrini dəstəklədiyini və “Xəzər-Qara dəniz-Avropa” yaşıl enerji dəhlizində fəal iştirak edərək bu sahədə qlobal oyunçuya çevrildiyini bildirib. Onun çıxışından sonra tələbələrlə iqlim dəyişikliyi və yaşıl enerji haqqında müzakirələr aparılıb, tələbələrin sualları cavablandırılıb. 

Gənclərdə “yaşıl düşüncə” və ekoloji məsuliyyətli həyat tərzinin formalaşmasına dəstək olmaq məqsədilə real nümunələr göstərilib.Təlimin sonunda, mövzu üzrə fəal iştirak edən tələbələrə sertifikatlar təqdim edilib. 

Bu təlim, tələbələrə ekoloji biliklər qazandırmaq və yaşıl enerjiyə keçid sahəsində praktiki biliklər vermək baxımından xüsusi önəm kəsb edib.
 

Chosen
75
50
unikal.az

10Sources