EN

İranın planı açıqlandı - Sistani etiraz elədi

Tehranın İraqda dəstəklədiyi silahlı birləşmələr İranın İsrailə qarşı planlarının mərkəzində dayana bilərlər. Yaraqlılar illərdir İsraili təhdid edirlər, son bir il ərzində bu məqsədlə PUA-lardan aktiv istifadə etməyə başlayıblar. İndi İran daha böyük hücumlar planlaşdırdıqca, müharibədə daha çox iştirak etməyə can atan İraq yaraqlıları başqa, daha təhlükəli missiyalara cəlb oluna bilərlər.

Teleqraf.com xəbər verir ki, bu barədə İsrailin “Yerusəlim Post” (YP) qəzeti yazır.

Nəşr İsrail kəşfiyyatına istinadla bildirir ki, İran yaxın günlərdə İraq ərazisindən yəhudi dövlətinə hücuma hazırlaşır:

“İran tərəfindən dəstəklənən yaraqlılar İraqda “İslam Müqaviməti” adlandırılan çətir altında fəaliyyət göstərir. Məsələn, “Əsaib Əhli-Həqq”in lideri Qeys Xəzali bir neçə il əvvəl Livana səfər etmiş, İsraili sərhəddən təhdid etmiş və “Hizbullah”ın İsrailə qarşı gələcək müharibəsinə qoşulmaq istəyini bəyan eləmişdi.

İraqdakı “Kətaib Hizbullah” kimi digər qruplaşmalar da İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ilə sıx əlaqədədirlər, İraq və İordaniyada ABŞ hərbçilərinə qarşı hücumlar həyata keçiriblər.

Bu qrupların hələ 2018-ci ildə İrandan ballistik raketlər aldığı bildirilir”.

Nəşr qeyd edir ki, İranın proksiləri Suriyada da düşərgə qurublar.

“Son dönəmdə İsrailə dron hücumlarının tezliyi artsa da, bu, narahatlıq üçün yeganə səbəb deyil. Məlumata görə, İraq qruplaşmaları döyüşçülər göndərməklə Livanda “Hizbullah”a kömək etməyə cəhd etmiş ola bilərlər”, - təhlildə qeyd olunur.

YP yazır ki, İraq İsrail-İran münaqişəsinə qarışmaq istəməsə də, ərazisindəki qruplara nəzarət edə bilmir:

“Onlar təkcə “müqavimət”in yox, həm də 2014-cü ildə İŞİD-ə qarşı mübarizəyə qalxan və hökumətin hərbiləşdirilmiş qüvvələrinin bir hissəsi olan “Xalq Səfərbərlik Birlikləri”nin (XSB) çətiri altındadırlar. Bu o deməkdir ki, yaraqlıların bir neçə düşərgədə ayaqları var: İraq dövləti, İranın bölgədəki SEPAH aparatı və PUA-larla İsrailə hücum edən “İslam Müqaviməti”nin.

“Al-Hadath”ın bir hesabatı Ayətullah Sistaninin İraqa xarici müdaxiləni rədd edərək, ölkənin genişmiqyaslı regional münaqişəyə qarışmasını istəmədiyi iddiasını irəli sürüb. Sistaninin 2014-cü ildə verdiyi fətva on minlərlə iraqlı gənci XSB-a qoşulmağa təhrik edib. Amma o, XSB briqadalarını əsasən İraqın daxili təhlükəsizliyi üçün zərurət hesab edir. Sistani İranın daha böyük planlarından çəkinə bilər”.


Müəllif: Mənsur Rəğbətoğlu
Chosen
34
4
teleqraf.com

5Sources