EN

“Əhali alternativ investisiya sahəsi görmədiyi üçün dollara yatırım edir” –Vüsalə Əhmədova ilə müsahibə

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

Son dövrlərdə qızılın qiymətində nəzərəçarpan artım müşahidə olunur. Yerli səhm bazarı tam inkişaf etməsə də, xarici səhmlərə maraq göstərənlərin sayı da artmaqdadır.

İqtisadi reallıqları nəzərə alaraq ağıllı investisiyalar etmək istəyənlər üçün optimal istiqamətlər barədə iqtisadçı alim Vüsalə Əhmədova Banco.az-ın suallarını cavablandırıb.

Vüsalə xanım,  Azərbaycanda əhalinin səhm bazarına  maraqları hansı çərçivədədir? Bakı Fond Birjasının Dünya Birjalar Federasiyasına üzv olması Azərbaycanın investisiya imkanlarını necə genişləndirə bilər?

Ölkəmizdə, təəssüf ki, həm investisiya imkanları məhduddur, həm də əhalinin bu sahədə bilik və təcrübəsi azdır. Bildiyiniz kimi, əksər ölkələrdə şirkətlərin səhmləri ilə açıq şəkildə ticarət edilən birjalar mövcuddur və Azərbaycan da bu istisna deyil. Lakin mənim bildiyim qədər, Bakı Fond Birjası Dünya Birjalar Federasiyasının (World Federation of Exchanges, WFE) üzvü deyil. Baş ofisi Londonda yerləşən WFE, müxtəlif ölkələrdən 70 səhm, fyuçers və opsion birjalarını əhatə edən bir ticarət assosiasiyasıdır və üzvlərinə biznes strategiyalarının və idarəetmə təcrübələrinin inkişafı ilə bağlı təlimatlar təqdim edir. WFE üzvü olmadığımız üçün, səhmlərin qiymətləri dünya birjaları indeksi ilə müəyyənləşdirilmədiyi üçün, ölkəmizin səhm bazarının inkişafına mane olur.

Azərbaycan vətəndaşları üçün dollara alternativ olaraq hansı təhlükəsiz investisiya alətləri təklif edilə bilər və bu alternativlər riskləri necə azalda bilər?

Vətəndaşlarımız alternativ investisiya vasitələri görmədikləri və ya dolları daha az riskli hesab etdikləri üçün əsasən dollara investisiya edirlər. Azərbaycan üçün isə dollara alternativ təhlükəsiz investisiya alətlərinin müəyyən edilməsi vacibdir.

Niyə qızıl və kriptovalyuta hazırda ən əlverişli investisiya alətləri hesab edilir və hər biri hansı spesifik riskləri daşıyır?

İnvestisiya etmək istəyənlər üçün bir neçə seçim mövcuddur: müddətli depozitlər, dövlət istiqrazları, qızıl, xarici valyuta, kriptovalyuta, səhmlər, repo və daşınmaz əmlak. Əmanətlərin saxlanması üçün müxtəlif variantlar olsa da, hər bir şəxsin maliyyə vəziyyəti və riskə qarşı dözümlülüyü fərqlidir. Hər bir investor, seçdiyi investisiya aləti istər uzunmüddətli, istərsə də qısamüddətli olsun, müəyyən risk qəbul etməlidir. Hazırda mənə görə ən əlverişli investisiya alətləri qızıl və kriptovalyutadır.

İnvestorlar portfellərini diversifikasiya edərək riskləri azaltmaq məqsədilə qızıla yatırım edə bilərlər. Qızıl inflyasiyaya qarşı dayanıqlıdır və iqtisadi qeyri-müəyyənliklər və ya qlobal böhran şəraitində etibarlı aktiv sayılır. Digər investisiya alətlərindəki dalğalanma və risklərlə müqayisədə daha stabil performans göstərir. Bundan əlavə, qızıl likvid aktivlər sırasına daxildir, çünki dünya miqyasında qəbul olunur və asanlıqla alınıb satıla bilir, bu da investorlara onu sürətlə nağd pula çevirmək imkanı yaradır.

Ən sərfəli kredit üçün müraciət et

Chosen
64
banco.az

1Sources