EN

Kreml narahatdır, Cənubi Koreya müharibəyə qoşula bilər

Kremlin mətbuat katibi Dmitri Peskov deyib ki, Kiyev rejimi Cənubi Koreyanı Ukraynadakı münaqişəyə cəlb etmək üçün hər şeyi etməyə çalışır. Bu barədə rəsmi məlumat olmasa da, rəsmi Kreml ilk dəfə deyil ki, bu barədə danışır.

Milli Məclisin deputatı Aydın Mirzəzadə Musavat.com-a şərhində bildirib ki, vaxtaşırı Rusiya-Ukrayna müharibəsinə başqa ölkələrin cəlb edilməsi ilə bağlı məlumatlar yayılır.

Aydın

Deputat qeyd edib ki, Cənubi Koreyanın münaqişəyə cəlb edilib-edilmədiyini yalnız münaqişə tərəfləri bilər: "Hər halda münaqişəyə digər ölkələrin qoşulması heç də yaxşı perspektiv deyil. Bu, gələcəkdə münaqişənin beynəlmiləşməsinə, digər ölkələrin də bu iki cəbhəyə qoşulmasına səbəb ola bilər. Onsuz da dünyanın problemləri kifayət qədər çoxdur. İndi isə dünyada yeni qlobal hərbi qarşıdurmanın yaradılması perspektivi heç də uğurlu sayıla bilməz. Dünya bugün bu iki qonşu dövlət arasında müharibənin dayandırılmasına çalışmalıdır. Onlar öz aralarında olan məsələnin sülhyönlü, danışıqlar yolu ilə həllinə çalışmalıdır. Aralarında olan istənilən mübahisəli məsələni diplomatik yolla həll etmək olar. Bu danışıqlar illərlə davam edə bilər. Amma yüz minlərlə ailənin müharibə dəhşətini yaşaması 21-ci əsr üçün heç də ürəkaçan xəbər deyil. Çox istərdik ki, iki dövlət yaxın müddətdə sülh danışıqlarına başlasın. Digər ölkələrin isə bu münaqişəyə bu və ya digər formada qoşulması heç də arzuolunan deyil".

A.Mirzəzadənin sözlərinə görə, Cənubi Koreyanın müharibəyə qoşulması ilə bağlı fakt yaxud məlumat yoxdur: " İstənilən halda bu müharibəyə digər ölkələrin qoşulması, özü də bir-biri ilə indiyə qədər konflikt vəziyyətində olan iki ölkənin ayrı-ayrı cəbhələrdə qoşulması nə problemin həllinə, nə də ki, iki ölkə arasında olan qarşıdurmanın həllinə kömək etməz".

Nigar Həsənli,
Musavat.com

Chosen
77
50
musavat.com

10Sources