EN

Rusiyanın Bakı qazı ilə bağlı təhlükəli planı

İlham Şaban: “Rusiya saytının yazdığı həddən artıq qərəzli statistikadır, göydən götürülmüş rəqəmlər açıqlayıblar…”

“Avropa İttifaqı Rusiya boru kəməri qazının alınmasından imtina edəndə Azərbaycandan alternativ tədarüklərə arxalandı. Amma Bakı yəqin ki, Moskva ilə razılığa gələndən sonra mövqeyini dəyişib”.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Pravda.ru saytı yazıb. Sayt iddia edir ki, Azərbaycanla Aİ arasında mümkün razılaşma haqda əvvəl “Bloomberg” yazıb. “Bildirilib ki, Macarıstan və Slovakiya şirkətləri Azərbaycandan ildə 12-14 milyard kubmetr qazın tədarükü üçün müqavilə imzalamağa yaxındırlar. Eyni zamanda bildirilib ki, qazın Avropaya əvvəlki kimi – Ukrayna ərazisindən keçən boru kəməri ilə, Sudja vasitəsilə çatdırılması planlaşdırılır.

“Reuters” isə Slovakiyanın SPP dövlət şirkətinə istinadən “Bloomberg”in razılaşma haqda məlumatlarını təkzib edib.  SPP Avropa şirkətlərinin Bakı ilə sövdələşmədən uzaq olduğunu bildirib. SOCAR-dakı iki mənbə də razılaşmaların yaxın olduğu barədə məlumatı şübhə altına alıb”, – deyə xəbərdə iddia olunur.

Rusiya saytı yazır ki, Azərbaycan və dövlət rəhbərliyinə xüsusilə COP29 ərəfəsi  Qərbin insan haqları təşkilatından tənqidlər artıb.  Avropa Parlamenti bugünlərdə müvafiq qətnamə qəbul edib və “Aİ-ni Bakıdan  qaz asılılığına” son qoymağa çağırıb. Avropa Parlamenti həmçinin Avropa Komissiyasını Aİ ilə Azərbaycan arasında enerji sahəsində 2022-ci il anlaşma memorandumunu və strateji tərəfdaşlığı dayandırmağa çağırıb. Rəsmi Bakı Almaniya hökumətinin maliyyələşdirdiyi “Climate Action Tracker” (CAT) şirkətinin də Azərbaycanın  qaz hasilatını genişləndirməsindən niyə narazı olduqlarını  başa düşə bilmir.

Pravda.ru onu da yazır ki, Azərbaycan Prezidentinin Vladimir Putinlə əla münasibəti var: “Ötən il iki ölkə arasında ticarət dövriyyəsi 20% artaraq 5 milyard dollara çatıb. Rusiya son illər Azərbaycana 10 milyard dollara yaxın sərmayə qoyub. Azərbaycan BRİCS-ə ərizə verib. Türkiyə ilə yaxşı münasibətləri nəzərə alsaq, Bakı Cənubi Qafqazda və daha geniş regionda aşkar liderdir. Moskva yəqin ki, Azərbaycan qazının Ukraynanın qaz nəqli sistemi vasitəsilə nəqli sxeminin Kiyev və ABŞ üçün ideal olduğuna inanır ki, bu, “Qazprom”un Aİ bazarından  çıxarılmasına imkan verəcək və Ukraynanı tranzit pulları ilə  təmin edəcək.  Əgər Putin və Əliyev  bir-birini  bu məsələdə dəstəkləməyə razılaşsalar, o zaman Avropa tezliklə anti-Rusiya enerji sanksiyalarını ləğv edəcək. Aİ daxilində etirazların yaşayış bahalığına görə iğtişaşlara çevrilməsi riskləri çox yüksəkdir, “Şimal axını”nın işə salınması da mümkündür”.

Bəs bu iddiaların əsası varmı? Bu iddiaların gerçəkləşməsi Azərbaycana hansısa təhlükələr vəd edirmi?

İlham

İlham Şaban

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini bölüşüb: “Pravda.ru saytının yazdığını diqqətlə oxudum. Həddən artıq qərəzli bir sıra statistikadır, göydən götürülmüş  rəqəmlər açıqlayıblar. Misal üçün, Rusiyanın son illər Azərbaycan iqtisadiyyatına 10 milyard dollar yatırması fikri cəfəngiyyatdan başqa bir şey deyil. Azərbaycanda ağla gələn, gözlə görünən hansısa rus müəssisəsi görmüsünüzmü, yaxud da bir layihə ki, orada böyük kapitallı Rusiya şirkəti olsun, bunu ümumiyyətlə xatırlamıram.  Ümumilikdə, 1996-cı ildən bu günə qədər “Şahdəniz” layihəsinə 30 milyard dollar kapital yatırılıb. Rusiya kapitalının buradakı rolu isə nəzərəçarpacaq səviyyədə deyil. Bunun 10 faizi Rusiya şirkətinə məxsusdur, bu da 3 milyard edir. Bu, Rusiyanın Azərbaycana olan yatırımıdır. Yəni Azərbaycanın strateji enerji sektorunda Rusiya ilə bağlı layihə və ya ciddi kapitalı yoxdur demək olar. İkincisi, cəfəngiyyat xəbərlər yazırlar ki, guya Əliyev Putinlə danışıb, nələrsə olacaq… Burada nə iqtisadi, nə kommersiya, nə də siyasi çaları görünməyən məlumatları “həftə-becər” ediblər…”

Ekspert hesab edir ki, bu mənbələrdə Azərbaycan-Rusiya münasibətləri ilə bağlı təqdim olunan məlumatlar ideoloji çərçivədə şişirdilərək təqdim olunur və bu, real iqtisadi, siyasi və ticari vəziyyətlə üst-üstə düşmür: “Əslində Azərbaycanın Rusiya ilə enerji sahəsində böyük bir iqtisadi asılılığı və ya strateji məcburiyyəti yoxdur. “Şahdəniz” kimi layihələrdə Azərbaycanın əsas tərəfdaşları Qərb ölkələri və Avropa şirkətləridir, Rusiya isə bu sektorda ciddi bir təsirə malik deyil.

Bəzi analitiklər və medianın iddiaları da ideoloji baxışdan irəli gəlir. Onlar Azərbaycanı məcbur şəkildə Rusiya ilə daha yaxın iqtisadi və siyasi əlaqələrdə göstərməyə çalışırlar. Halbuki Azərbaycanın enerji resurslarını Avropaya nəql etməsi Rusiyadan asılı deyil. Ukrayna marşrutu məsələsi də Azərbaycanın Rusiya ilə razılaşma zərurətini doğurmur, çünki bu ticarət marşrutları Avropa ilə birbaşa əməkdaşlıq əsasında müəyyənləşdirilir.

Azərbaycan hələ 2012-2013-cü illərdə öz qaz ixrac strategiyasını dəqiq müəyyənləşdirib və bu çərçivədə də Trans-Anadolu Boru Kəməri (TANAP) və Trans-Adriatik Boru Kəməri (TAP) layihələrinə üstünlük verib. Bu qərarla Azərbaycanın əsas qaz ixrac marşrutu Gürcüstan və Türkiyə üzərindən Avropa bazarlarına, Yunanıstanda da İtaliyaya yönəlib. Bu ölkələrlə münasibətləri daim inkişaf etdirməyə çalışırıq. Bu layihələr Azərbaycanın strateji seçimidir və Rusiyadan asılı olmayan bir enerji təminatını təmin edir”.

İlham Şaban əlavə edib ki, Azərbaycanın strateji təbii resursları, xüsusən də qaz ixracı ölkənin əsas iqtisadi və siyasi aktivlərindən biridir, bu resursları uzunmüddətli dövrdə ixrac etmək üçün etibarlı və möhkəm tərəfdaşlıq vacibdir: “İtaliya bu baxımdan Azərbaycanın əhəmiyyətli və etibarlı tərəfdaşı kimi seçilir. İtaliya Azərbaycanın yalnız enerji bazarına çıxışı üçün strateji rol oynamır, həm də Azərbaycanın enerji infrastrukturunun yenilənməsi və modernləşdirilməsi layihələrində aktiv iştirak edir”.

Ekspert qeyd edib ki, Yunanıstanın Azərbaycanla münasibətləri stabil olmasa da, heç vaxt qırmızı xətti keçmək həddinə çatmayıblar: “Qazın nəql etmə xərcləri neftdən fərqli olaraq iki dəfə yüksəkdir. Buna görə qazın gətirdiyi gəlir də azdır. Biz nəqletmə xərclərini üç dəfə artırmaqla yalnız Avropanın xoşuna gəlməliyik? Azərbaycanın enerji layihələrinin həyata keçirilməsində siyasi məqsədlərin deyil, daha çox kommersiya maraqlarının prioritet olduğunu demək mümkündür. “Pravda” kimi bəzi media orqanlarının yazdığı məqalələrin siyasi motivasiyaları ola bilər və bu da onların təqdim etdiyi məlumatların etibarlılığını şübhə altına alır. Azərbaycan müstəqil xarici siyasət yürüdərək, enerji resurslarını səmərəli şəkildə istifadə etməyə çalışır və bu yolda yalnız kommersiya prinsipləri ilə hərəkət edir”.

Chosen
83
26
nocomment.az

10Sources