EN

Zelenski Trampdan gözləntilərini açıqladı

Ukrayna prezidenti Vladimir Zelenski rəsmi nəticələr açıqlanmazdan əvvəl ABŞ prezidentliyinə Respublikaçılar Partiyasından namizədi Donald Trampı seçkilərdə qələbəsi münasibətilə təbrik edib.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə o, X platformasında yazıb.

Zelenski sentyabr ayında Trampla keçirdiyi görüşü xatırladıb və Ukrayna ilə ABŞ arasındakı strateji tərəfdaşlığı, “Qələbə planını”, Rusiyanın Ukraynaya təcavüzünü dayandırmağın yollarını ətraflı müzakirə etdiklərini bildirib.

“Mən prezident Trampın qlobal məsələlərdə “güc vasitəsilə sülh” yanaşmasına sadiqliyini yüksək qiymətləndirirəm”, - deyə Ukrayna lideri vurğulayıb.

Zelenski əmindir ki, məhz bu prinsip Ukraynada ədalətli sülhü həqiqətən də yaxınlaşdıra bilər. O, ümid etdiyini bildirib ki, Trampla birlikdə bunu həyata keçirmək mümkün olacaq.

“Biz Prezident Trampın həlledici rəhbərliyi altında güclü Amerika Birləşmiş Ştatlarının dövrünü gözləyirik. Biz Birləşmiş Ştatlarda Ukraynaya güclü ikitərəfli dəstəyin davam edəcəyinə ümid edirik”, - deyə Zelenski vurğulayıb.

Ukrayna lideri deyib ki, Ukrayna hər iki ölkənin xeyrinə olacaq qarşılıqlı faydalı siyasi və iqtisadi əməkdaşlığı inkişaf etdirməkdə maraqlıdır.

Zelenski əlavə edib ki, o, Trampı şəxsən təbrik etmək və “Ukraynanın ABŞ-la strateji tərəfdaşlığını gücləndirmək yollarını müzakirə etmək” fürsətini səbirsizliklə gözləyir.

Tramp hələ seçki kampaniyası zamanı da Rusiya-Ukrayna müharibəsini bir gündə dayandıra biləcəyini söyləmişdi.

Donald Tramp 20 yanvar 2025-ci ildə rəsmi prezident vəzifəsinə başlayacaq.

Siyasi ekspertlər deyirlər ki, Trampın Ukraynadakı müharibəyə bir gündə son qoyacağı inandırıcı deyil. Qeyd edilir ki, Tramp Ukrayna müharibəsi prosesindən hərbi və maliyyə baxımdan mərhələli çəkilə bilər, amma siyasi və diplomatik olaraq bölgədə ciddi fəallıq ortaya qoyacaq. Çünki sürətli çəkilmə ortaya çıxan boşluğu Rusiyanın və hətta Çinin geosiyasi olaraq doldurması deməkdir. Ekspertlərin fikrincə Tramp Ukraynanı itirərək deyil, qazanılmış müttəfiq ölkə olaraq yanında tutmağa çalışacaq bir kurs ortaya qoyacaq. Amma bunu müharibəni davam etdirərək yox, Ukrayna üçün daha uyğun şərtlərdə sülh əldə etməyə çalışaraq edəcək.

"Cebheinfo.az"

Chosen
44
39
cebheinfo.az

10Sources