EN

Soyunaq inkişaf edək – FELYETON

O gün şəhərdə bir köhnə dostumla qarşılaşdım, dedik gedib bir çay içək, dərdləşək. Az getdik, üz getdik, dərə-təpə düz getdik, çatdıq milli çayxanalarımızdan birinə. İçəridə qarğa bazarıdır, yarıçılpaq bir qız müştərilərə çay, pivə zad gətirir, onlar da ona söz atır, bədənini maraqlı baxışlarla süzürlər. Səs-küydən söhbət edə bilmirik, həm televizorda bir müğənni ulayır, həm müştərilər hərəsi telefonda bir video qoyub baxır, 5-6 səsə bir birinə qarışıb. Durub mürəxxəs olduq, parkda skamyada oturub söhbətləşdik.

Söhbət son vaxtlar dünyada və ölkəmizdə vüsət alan lütləşmə prosesindən düşdü. Dostum dedi mənə elə gəlir ki, dünyada aparılan lütləşdirmə siyasəti ekoloji və iqtisadi faktorlarla bağlıdır. İnsanlar paltar geyinəndə xeyli pambıq əkilməlidir, kimyəvi parçalar istehsal olunmalıdır, tekstil sənayesi işləməlidir, nəqliyyat daşımaları baş verməlidir və sairə. Bu da həm iqtisadi yükü artırır, həm də ekoloji problemə təkan verir. Üstəlik, insanların xərci artır. Bu səbəbdən də qlobalistlər düşünüblər ki, tədricən paltardan imtina edib ibtidai icma quruluşuna qayıdaq, lüt gəzməyə başlayaq.

Mən bu fikirləri dəstəkləyərək dedim ki, etiraz etmirəm, qənaət də vacibdir, ekologiyanı qorumaq da. Amma qışda soyuqda nə edəcəyik? Xəstələnib ölərik ki.

Dostum dedi ki, xoşbəxtlikdən bu məsələdə cinsi diskriminasiya müşahidə olunur. Belə ki, qlobal transhumanistlər ancaq qadınların paltardan imtina etməsinə çalışır. Yəqin ki, onların soyuğa kişilərdən daha dözümlü olmasına görə.

Bu fikirlə razılaşdım. Çünki ədalətli və elmi yanaşmadır, mən öz gözümlə dəfələrlə görmüşəm ki, qışın soyuğunda bir çox qızlar, qadınlar yarıçılpaq gəzirlər, heç veclərinə də deyil, amma biz altdan geyinib üstdən qıfıllanırıq, yenə üşüyürük. Bu səbəbdən bu məsələdə qlobal planın cinsi kontekstdən fərqli yanaşmasını dəstəkləyirəm.

Dostum dedi ki, burada ciddi problemlər yarana bilər. Belə ki, bəzi “geridəqalmış” qadınlar müasirləşib inkişaf etmək istəmədiyinə görə normal geyimdə gəzəcəklər, deyəcəklər ki, biz heyvan deyilik, əynimizə paltar geyməliyik.

Onun bu fikri ilə razılaşmadım, dedim ki, belələrini də zorla, məcburetmə metodları ilə müasirləşdirməyin yolları taplılacaq yəqin ki. Onlar ya linç ediləcək, ya da küçəyə çıxmalarına məhdudiyyət qoyulacaq. Digər tədbirlər də mümkündür. Heç kim müasirlikdən geri qalmamalıdır. İnkişaf qarşısıalınmazdır. Hələlik bunu maarifləndirmə yolu ilə etməyə çalışırlar, hər yeri lüt qadın heykəlləri ilə doldururlar, televiziya və internet normal qadın obrazını ancaq yarıçılpaq formada göstərir. Gec-tez yerdə qalan köhnəliyin qalıqları da bu tendensiyaya qoşulmağa məcbur olacaqlar.

Dostum dedi ki, burda ciddi qarşıdurmalar yaranacaq. Bir çoxları heç də zombiləşmək istəmir, insani mənəvi dəyərlərinə sadiq qalaraq yaşayırlar. Qatı dindarlar və radikal mühafizəkarlar da var, onlar heç cür təslim olmayacaqlar.

Dedim a kişi, necə olmayacaqlar? Məgər min illərlə belə deyildi, Sovet dövründə hamı normal paltar geyinmirdi? Elə 90-ların əvvəlində hələ də belə idi. Bəs keçən 30 il vaxtda necə çoxlarının düşüncəsi, psixologiyası dəyişdi? Necə oldu ki, əvvəl insanlar normal qəbul etdikləri şeyi indi anormal sayırlar, anormal qəbul etdiklərini normal? Görürsənmi, maarifləndirmə, vadaredici və təhrikedici metodlarla istənilən cəmiyyəti dəyişmək mümkündür. Bəs Overton pəncərəsi nədən ötrüdür?

Dostum bu yerdə qəzəbləndi, dedi şəxsən mən sonadək mübarizə aparacam, təslim olmayacam. İstəyirlər məni linç etsinlər xeyri yoxdur, mən də, ailəm də əynimizə həmişə normal paltar geyəcəyik.

Gördüm çox əsəbidir, təsəlli verdim ki qaqa qorxma, bu lütləşmə prosesinin nəticəsində biz sürətli inkişaf edəcəyik, hamı alim olacaq, kosmik gəmilər yaradacağıq, nanotexnologiya nümunələri ixtira edəcəyik və s.

Dostum daha da qəzəblənib dedi, hə, görmürsənmi yarıçılpaq gəzən Afrika qəbilələri necə inkişaf ediblər, amma öz dininə və milli dəyərlərinə sadiq qalan mühafizəkar yapon xalqı isə geridə qalıb hər sahədə.

Etiraf etməliyəm ki, bu, tam darmadağın idi. Hələ heç bir mübahisədə belə rəzil məğlubiyyətə uğramamışdım. Ona görə də təslim oldum, razılaşdım ki, bu proses xalqımızın mənəvi dəyərlərini çökdürür, milli mədəniyyətimizi məhv edir, əvəzində faydalı heç nə vermir.

Dostum dedi ki, əgər belədirsə, onda niyə xalqımız öz milli mədəniyyətini, mənəvi dəyərlərini qorumur, özünü fransıza, amerikana, hollanda bənzətməyə çalışır?

Doğrusu, çox çətin sual idi, mən bunun cavabını necə verə bilərdim? Ona görə də, dedim qaqa, bunun səbəblərini bilirəm, amma uzun söhbətdir, inşallah növbəti yazımda... pardon, növbəti görüşümüzdə bu haqda ətraflı danışarıq.

Beləcə ayrıldıq, amma növbəti görüşdə bunu ona necə izah edəcəyim fikri məni götürüb. Gərəkdir ki, ona qədər əsl səbəbləri tapıb bu adama izah eləyəm. Yoxsa rüsvay olacam. Bil’n varsa mənə poçtla yazsın zəhmət olmasa – elchinbayramlı@mail.ru.

Chosen
18
sesqazeti.az

1Sources