EN

Çin daha doqquz ölkə üçün vizasız rejim tətbiq edib

Daha doqquz ölkənin vətəndaşları Çinə vizasız gedə biləcəklər. Çin səlahiyyətliləri bu ilin əvvəlində başladılan vizasız giriş proqramını Slovakiya, Norveç, Finlandiya, Danimarka, İslandiya, Andorra, Monako, Lixtenşteyn və Cənubi Koreyaya da şamil etməklə genişləndirib. AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, Çin Xarici İşlər Nazirliyinin nümayəndəsi Lin Tszyan mətbuat konfransı zamanı bildirib ki, proqram 2025-ci il noyabrın 8-dən dekabrın 31-dək qüvvədədir.

Yeni proqram 2024-cü ilin yanvarında fəaliyyətə başlayıb və ona tədricən yeni ölkələr əlavə olunur. İlin əvvəlindən o, Avstriya, Almaniya, Fransa, İrlandiya, Hollandiya, İtaliya və İsveçrə də daxil olmaqla 11 Avropa ölkəsinin, həmçinin Malayziya vətəndaşlarına şamil edilib. İyunun sonunda siyahıya Polşa, Avstraliya və Yeni Zelandiya əlavə olunub. Proqramın şərtlərinə görə, ona daxil olan bütün ölkələrin vətəndaşları adi pasportları ilə Çinə daxil ola və 15 günə qədər ölkədə vizasız qala bilərlər.

Bu proqramın genişləndirilməsinin ölkəyə turist axınını artıracağı gözlənilir. 2019-cu ildə, COVID-19 pandemiyasından əvvəl Çinə başqa ölkələrdən təxminən 49,1 milyon turist səfər edib. 2024-cü ilin ilk 7 ayı ərzində ölkəyə gələn əcnəbi turistlərin sayı 17,25 milyon nəfərə çatıb. Bu ilin birinci yarısında isə vizasız giriş proqramına daxil olan ölkələrdən gələn turistlərin sayı 8,5 milyon nəfər təşkil edib. Çinə ümumi turist axını artıb ki, bu ötən ilin eyni dövrü ilə müqayisədə 190 faiz çoxdur. Yanvar-sentyabr aylarında Çinə 8,18 milyon xarici turist səfər edib, onlardan 4,9 milyonu ölkəyə vizasız proqram çərçivəsində gəlib. Bu göstərici də ötən illə müqayisədə demək olar ki, 80 faiz artıb. Çinə ən çox səyahət edənlər Cənubi Koreya vətəndaşlarıdır; 2019-cu ildə onların sayı 4,3 milyon, 2023-cü ildə isə 1,3 milyon nəfər olub.

Çində ABŞ, Kanada və Böyük Britaniya da daxil olmaqla 54 ölkənin vətəndaşları üçün nəzərdə tutulmuş başqa bir vizasız giriş proqramı da var. Bu ölkələrin vətəndaşları 37 məntəqədən biri vasitəsilə Çinə daxil olmaq və üçüncü ölkəyə səyahət üçün etibarlı biletə malik olduqda, ölkədə 72 və ya 144 saat vizasız qalmaq imkanı əldə edirlər.

1Sources