"Bu araşdırmanın nəticələri fərqli sosial vəziyyətlərdə olan insanların psixoloji ehtiyaclarının müxtəlif olduğunu göstərir. Düzgün yanaşmalar və sosial dəstək mexanizmləri ilə bu fərqli qrupların depressiyadan qorunması mümkündür".
Paralel.az xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında Psixologiya Elmi Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmov evlilərə nisbətən subayların depressiyaya daha çox meylli olduğu ilə bağlı aparılan araşdırmadan danışarkən deyib.
Psixoloq bildirib ki, əslində araşdırma evliliyin və sosial vəziyyətin depressiya riski üzərindəki təsirinə dair maraqlı faktlar təqdim edir:
"Bu təhlilin özündən də maraqlı təhlillər çıxarmaq olar. Belə ki, araşdırmada evli insanların depressiya riskinin subaylara nisbətən daha aşağı olması, tərəflər arasında qarşılıqlı dəstək, maliyyə sabitliyi və sosial təhlükəsizliyin daha yüksək olması ilə əlaqələndirilir. Evlilik, sosial dəstək şəbəkəsini genişləndirərək, insanların emosional ehtiyaclarını ödəyə və stresli vəziyyətlərdə onlara kömək ola bilər. Sosial dəstəyin yüksək olması isə psixoloji rifah üçün əhəmiyyətli faktordur. Digər tərəfdən subay insanlar üçün depressiya riskinin yüksək olması, bəlkə də sosial təcrid və emosional dəstəyin çatışmazlığı ilə əlaqələndirməlidir. Çünki yalnızlıq insanların emosional yükü təkbaşına daşımasını tələb edir və bu stressin artmasına səbəb ola bilər. Ayrıca tək yaşamaq maliyyə və digər həyat qayğılarını bölüşmək imkanını məhdudlaşdırır, bu isə əlavə stres mənbəyi yaradır".
Psixoloq əlavə edib ki, tədqiqatda diqqəti çəkən digər məqam kişilər və ali təhsilli insanlar arasında depressiya riskinin daha yüksək olmasıdır:
"Nəzərə alaq ki, kişilər çox vaxt emosiyalarını ifadə etməkdə çətinlik çəkir və dəstək axtarmaqda qadınlara nisbətən daha çox maneələrlə üzləşirlər. Bu isə onların depressiv əlamətləri öz içlərində yaşamasına və müalicə almamsına səbəb olur. Ali təhsil eyni zamanda iş yükünün çoxluğu və yüksək karyera gözləntiləri ilə əlaqədar olduğuna görə stressi artıran faktorlardan biri kimi dəyərləndirilir".
Elnur Rüstəmov qeyd edib ki, tədqiiqat göstərir ki, boşanmış və dul insanlar üçün depressiya riski daha yüksəkdir:
"Boşanma prosesi insanların həyatında emosional, sosial və maliyyə sabitliyini sarsıdan bir haldır. Boşanma və itki depressiv əlamətləri gücləndirə bilər, çünki insanlar bu kimi travmatik təcrübələrlə təkbaşına başa çıxmaq məcburiyyətində qalırlar. Araşdırmada diqqət çəkən başqa bir məqam subay insanların depressiya riski Qərb ölkələrində Şərq ölkələrinə nisbətən daha yüksək olmasıdır. Nəzərə alaq ki, Şərq ölkələrində ailə və geniş qohum əlaqələri güclü olduğundan subay insanlar da bu sosial dəstəyi daha çox hiss edir və təcrid olunma hissi daha az olur. Bu isə onların depressiya riskini aşağı salır. Qərb cəmiyyətlərində isə fərdilik ön planda olduğu üçün subaylıq daha çox təklik və təcridlik hissi yaradır. Bütün araşdırmalarda olduğu kimi bu araşdırmada da nüəyyən məhdudiyyətlət var. Belə ki, araşdırmada məlumatların klinik diaqnozlar əsasında deyil, sorğular əsasında toplandığı vurğulanır. Bu isə məlumatların subyektivliyini artırır, çünki hər kəs depressiyanı eyni dərəcədə qəbul etməyə və ya əlamətləri fərqli şəkildə ifadə edə bilər. Həmçinin, cütlüklərin hamısının heteroseksual olması, qeyri-heteroseksual cütlüklərin psixoloji vəziyyətinə dair məlumat azlığı yaradır. Müasir psixoloji araşdırmalarda müxtəlif cinsi və sosial kimliklərə dair geniş məlumat əldə etmək əhəmiyyətlidir".
Psixoloqun sözlərinə görə, araşdırmadan çıxan nəticə həm də ondan ibarətdir ki, evliliklərin sağlam psixoloji vəziyyət üçün dəstək rolu oynadığını nəzərə alaraq evli şəxslərin bir-birlərinə emosional dəstək göstərmələri təşviq edilməlidir:
"Subay insanların depressiya riskini azaltmaq üçün onları sosial dəstək qrupları ilə əlaqələndirmək faydalı olar. Mədəniyyətlərarası fərqlər araşdırılarkən sosial əlaqələr və dəstək sistemi kimi faktorlara xüsusi diqqət yetirilməlidir. Xüsusən boşanmış və dul insanlara psixoloji dəstək proqramları təşkil etmək, onların depressiya riskini azaltmağa kömək edər".
Qeyd edək ki, "Nature Human Behaviour" jurnalında dərc olunan yeni araşdırmada deyilir ki, subaylar evlilərə nisbətən depressiyaya daha çox meyllidirlər. Məqalədə qeyd edilir ki, evli olmayan insanların depressiyaya düşmə ehtimalı evlilərə nisbətən 80 faiz daha çox ola bilər.