EN

Donald Trampın məsuliyyəti: "Amerikanı yenidən möhtəşəm et"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



ABŞ-də dünyanın səbirsizliklə gözlədiyi prezident seçkisi başa çatıb. Bu siyasi kampaniyanın qalibi Donald Tramp olub.
O, ABŞ-də hakimiyyətə ikinci dəfə fasilə ilə gələn ikinci prezidentdir. İlk dəfə Stiven Qrover Klivlend Ştatların 22-ci və 24-cü dövlət başçısı seçilib. Birinci dəfə o, 1885-ci ildən 1889-cu ilə qədər prezident olub. İkinci dəfə isə 1893-1897-ci illərdə bu vəzifəyə seçilib.
Donald Tramp isə 2016-2020-ci illərdə prezident olub. Bu ildən sonra fövqəladə hal baş verməzsə, ABŞ-nin 45-ci və 47-ci prezidenti 2028-ci ilədək daha dörd il bu vəzifəni icra edəcək.
Respublikaçılar Partiyasının namizədi Donald Tramp bu siyasi kampaniyada demokratların nümayəndəsi Kamala Harrislə yarışıb.
Onu da qeyd edək ki, demokratlar bir müddət Cozef Baydenin namizədliyini dəstəkləyirdi. Kampaniyanın başlamasına bir neçə ay qalmış, bu ilin iyulunda namizədliyini geri çəkərək vitse-prezident K.Harrisi dəstəklədiyini bildirdi.
ABŞ prezidenti dünya ictimaiyyətinə daha çox xarici ölkələrlə bağlı çıxışları ilə yadda qalır. Elə təəssürat yaranır ki, o, xarici siyasət idarəsinin başçısıdır. Bundan başqa, ABŞ-də 50 ştat var. Onların da hər birinin parlamenti və hökuməti fəaliyyət göstərir. Prezident daha çox birləşdirici, həlledici şəxsdir. Bununla belə, ABŞ prezidentinin çıxışı və qərarı dünya siyasətinin yönünü dəyişməyə qadirdir.
2016-cı illə müqayisədə indi dünyada yeni münaqişə ocağı yaranıb. Şərqlə Qərb arasında ziddiyyət və gərginlik artıb.
2015-ci ildə nüvə proqramına görə İranla "altılıq" ölkələri arasında Əhatəli Razılaşma Müqaviləsi imzalanmışdı. Onda bunu Yaxın Şərqin dərindən nəfəs alması kimi dəyərləndirmək olardı. Ancaq Donald Tramp onda prezident seçkiqabağı kampaniya zamanı bildirdi ki, seçilsə ölkəsini bu müqavilədən çıxaracaq. Elə də oldu. 2016-cı ilin mayında ABŞ Əhatəli Razılaşma Müqaviləsindən çıxdı. Bununla da İran yeni bir böhranla üzləşdi.
Həmin addımdan sonra İranın neft-qaz sektoruna, hərbi sənaye kompleksinə, İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) müxtəlif rütbəli və vəzifəli şəxslərinə qarşı yeni sanksiyalar qəbul olundu.
Ötən səkkiz il ərzində İranla Qərbin məlum məsələ istiqamətində danışıqları səmərə verməyib. Məsud Pezeşkian İranda seçkiqabağı kampaniya zamanı bu istiqamətdə danışıqları bərpa edəcəyinə boyun olsa da, hələ də bu istiqamətdə irəliləyiş yoxdur.
HƏMAS-ın, "Hizbullah"ın, İranın İsrail ərazisinə hücumları və qarşı tərəfin də cavab addımları atması vəziyyəti daha da gərginləşdirib. Hadisələr Trampın səkkiz il öncə düzgün qərar verdiyini təsdiqləyib. Çünki bu günlərdə İranın ali rəhbərinin müşaviri və Xarici Əlaqələr üzrə Strateji Şuranın sədri Kamal Xərrazi bildirib ki, İran üçün təhlükə yaranarsa, nüvə doktrinasında dəyişiklik hələ də mümkündür: "Nüvə silahı istehsal etmək üçün texniki imkanlarımız var və bizi dayandıran yeganə maneə ölkənin ali rəhbərinin fətvasıdır".
Odur ki, Donald Trampın ABŞ-nin Yaxın Şərq siyasətində dəyişiklik edəcək düşüncəsinin reallaşması ehtimalı azdır. Onun regiondakı başlıca müttəfiqi İsrail İranın nüvə sahəsinin şübhəli olduğunu bildirir. Əsas hədəflərindən biri də Tehran hakimiyyətinin atom sahəsini məhv etməkdir. Yaxın Şərq aktorlarından sayılan İranın yenidən Donald Trampın Ağ Evinin hədəfində olacağı istisna edilmir.
ABŞ Xəzərdən keçən Orta Dəhlizin tərəfdarıdır. Bu isə Cənubi Qafqazla bağlı məsələlərin aktuallığını artıra biləcək.
Rusiya-Ukrayna müharibəsi ABŞ başda olmaqla Qərbin nüfuz savaşıdır. Düzdür, ştatlarda iddia edilir ki, ölkənin iqtisadiyyatı Ukraynaya yardımlar edilməsi səbəbindən çoxsaylı problemlərlə üzləşib, inflyasiya artıb.
Bununla belə, Donald Tramp hakimiyyətinin də Ukraynaya yardımları artıracağı istisna deyil.
Onun prezidentliyinin birinci dönəmində Şimali Koreya ilə münasibətlərdə yumşalma hissi olunurdu. Hətta, o, Şimali Koreya lideri Kim Çen Inla Sinqapurda görüşüb. Bununla da iki ölkə Cənubi Koreya ilə Şimali Koreya arasında gərginliyin azalmasına nail olmuşdu. İndiki şəraitdə Şimali Koreyanın Rusiyaya Ukraynadakı müharibədə yardım etməsi bu istiqamətdə Trampın yeni xətt irəli sürməsinə səbəb olacaq.
Suriya və İraqda fəaliyyət göstərən PKK terror qruplaşmasına, onun müxtəlif qollarına ABŞ-nin dəstək verib, yardım etməsi Vaşinqtonla Ankara arasında ciddi problemlər yaradıb. Bu, Trampın prezidentliyi dövründə İraq və Suriyanın ərazi bütövlüyü məsələsinə yanaşmada özünü göstərəcək.
Səudiyyə Ərəbistanı, Misir, Birləşmiş Ərəb Əmirlikləri, Mərakeş və başqa ərəb ölkələri ilə münasibət, əməkdaşlığın daha da genişlənməsi gözlənilir.
Çünki o, prezidentliyinin birinci dövründə regiondakı müsəlman dövlətlərin hərbi ittifaqının yaratmağa cəhd göstərmişdi. Bu layihə o vaxt icra olunmadı. Bu, yaxud buna oxşar layihənin yenidən gündəliyə gələcəyi də istisna edilmir.
Tramp Amerika istehsalını artırmaq üçün Çin mallarına 60 faizlik gömrük rüsumları tətbiq edəcəyinə dair söz vermişdi. Rəsmi Pekinin qisas ala biləcəyi və bunun ABŞ-a əsas məhsulların ixracının azalmasına və qiymətlərin aşağı düşməsinə səbəb ola biləcəyi ilə bağlı narahatlıqlar var.
Vaşinqtonun Pekin siyasətində ciddi dəyişikliklər olacağı inandırıcı görünmür.
Cozef Bayden iqtidarı dövründə ABŞ-nin Yaxın Şərq, Ukrayna, Cənubi Qafqaz üzrə siyasətində elə dərin dəyişiklik baş verməyib. O, bir çox hallarda Trampın dövründəkiləri icra edib.
Xarici siyasi kurs ABŞ-nin dövlət siyasətidir. Bu, bir qayda olaraq dəyişdirilmir, təkmilləşdirilir. Ancaq daxili vəziyyətə dair yeni, daha mütərəqqi addımların atılması zərurəti yaranıb.
Çünki dollar inflyasiyaya məruz qalır. Habelə daxili bazarda dolların alıcılıq qabiliyyətinin güclənməsi kimi məsələlər bura daxildir. Əmtəə qiymətləri bir gecədə düşməyə başladı, çünki Trampın qələbəsi ehtimalı artdı. Biznes ictimaiyyəti vergilərin azaldılmasını və yerli şirkətlərə dəstək gözləyir.
Ehtimal edilir ki, onun prezidentliyi dolların möhkəmlənməsinə kömək edəcək, çünki faiz dərəcələri yeni tariflər nəticəsində yarana biləcək inflyasiya ilə mübarizə üçün yüksək qala bilər.
Donald Trampın prezidentliyi dövründə Avropa İttifaqı və NATO ilə bağlı sərt açıqlamalar vermişdi. O bildirmişdi ki, Avropanın təhlükəsizliyini ABŞ təmin edir. Onun yenidən seçilməsi Almaniya və Fransa hakimiyyətlərində narahatlığa səbəb olub. Almaniyada koalisiya hökumətin dağılacağı, növbədənkənar seçkilərin keçirilməsi gözlənilir. Fransa isə Avropa İttifaqının güclənməsi ilə bağlı çağırış edir.
Beləliklə, Donald Trampın prezidentliyi dövründə ənənəvi istiqamətlərdə siyasətin dəyişəcəyi gözlənilmir. Əsas dəyişikliklərin ölkə daxildən baş verəcəyi istisna edilmir. Bir də kadr məsələsini diqqətdən qaçırmaq olmaz. Çünki 2016-2020-ci illərdə o, kadr problemi ilə üzləşmişdi.
Odur ki, bu dönəmdə ABŞ-ni daha təcrübəli və daha güclü Tramp idarə edəcək.
Bu isə ona "Amerikanı yenidən möhtəşəm et" şüarını reallaşdırmağa imkan verəcək.
"Report" İnformasiya Agentliyi
Chosen
28
41
oxu.az

10Sources